“Rusiya regiondakı sabitliyi gücləndirmək, Azərbaycanla Ermənistan arasında dinc münasibətlər qurmaq üçün addımlar atır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 26 noyabr tarixində nəzərdə tutulan Soçi görüşünə dair suala cavab verərkən deyib.

Regionda sabitliyin gücləndirilməsi, dinc həyatın bərqərar olması üçün Rusiyanın əlindən gələni etdiyini deyən XİN sözçüsü daha sonra qeyd edib: “Əsas diqqət iqtisadi-ticari əlaqələrin, nəqliyyat bağlantılarının bəırpasına yönəldilir”/Report

Zaxarova əlavə edib ki, bütün tərəflərin maraqlarını nəzərə almaqla regionda nəqliyyat əlaqələrinin açılması üzrə razılaşmaların əldə olunması üçün yaxşı perspektivlər görürürlər: "Açılmış marşrutlar üzrə beynəlxalq daşımalar beynəlxalq razılaşmalara və tərəflərdən hər birinin qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək. Biz 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixlərində əldə olunmuş razılaşmaların ardıcıl icrasına tərəfdarıq. Cənubi Qafqazda əlaqələrin bərpası da bu qəbildəndir. Bu vacib məsələ ilə üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup məşğul olur”.

XİN-in rəsminin sözlərinə görə, Ermənistan rəsmi Ankara ilə münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət edib: “Ermənistanın rəsmi Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət etdiyini təsdiq edə bilərəm. Rusiya bunda maraqlıdır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına səy göstərib. Ölkəmiz bundan sonra da sözügedən məsələyə öz töhfəsini verməyə hazırdır. Bu prosesin başlanması şübhəsiz ki, regionda ümumi vəziyyətin sağlamlaşmasına, mehriban qonşuluq və etimad müühitinin yaranmasına öz töhfəsini verə bilər. Hazırda bu, aktualdır”.

MİA.AZ