"Dünən Fransa səfiri Zaxari Qross Azad Ağdam torpağına səfər edib. Əlbəttə, gözlənilməz olsa da ehtirama layiq hadisədir. İyul ayında 100-dən artıq ölkənin diplomatik-siyasi təmsilçiləri Şuşanı ziyarətə gedəndə BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən, Fransa nümayəndəsinin kənarda qalması haqlı etiraz doğurdu, lakin dünənki addımı hamı alqışlayır".

Mia.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin iclasındakı çıxışında deyib.

O bildirib ki, yalnız Fransanın deyil, Amerikanın, Britaniyanın, Çinin də yüksək dövlət rəsmilərinin Ağdama, Zəngilandan Şuşayadək böyük torpaqlara ziyarətə gedəcəyinə, ədalətli Zəfər qazanan xalqımıza ehtiram göstərəcəyinə gec də olsa, inanır:

"Biz Qələbəmizin beynəlxalq legitimliyinə şübhə etmədiymiz üçün onu kimin tanıyıb-tanımamasına deyil, bir milyon insanın tarixi irsinin necə silindiyini hər kəsin öz gözləri ilə görməsinə çalışırıq.

Düz iki əsr əvvəl Aleksandr Düma “təbiətinə və tarixi abidələrinə vurğun”luğunu dilə gətirdiyi Azərbaycan torpaqlarının indiki vəziyyətinə qəlbən acıyar, tərəddüd etmədən öz dövlət adamlarını həqiqəti dilə gətirməyə çağırardı. İkinci dünya müharibəsində faşizmə qarşı qəhrəman azərbaycanlılarla birgə vuruşan və onların timsalında millətimizə daim ehtiram göstərən Şarl de Qoll da sağ olsaydı, xələflərinin əksinə hərəkət edərdi.Axı Ağdamın, Cəbrayılın, Füzulinin və digər şəhərlərin dağılmış mənzərəsi 1941-ci ilin Parisi ilə heç cür müqayisə oluna bilməz! Ona görə ki, 3-cü Reyx Avropanın mədəniyyət paytaxtı olan Parisi yer üzündən silməmişdi.Bir sözlə Koçaryana, Sarkisyana və silahdaşlarına faşist demək, nasional sosialistlərə həqarətdir.

Bəli, Vətən müharibəsində Fransa xalqının simpatiyası bizim tərəfdə olsa da hökumət, parlament və yerli hakimiyyət təmsilçiləri, eləcə də prezident Makron Ermənistanla vahid səngərdə oldular.Son altı ayda Fransa rəsmiləri öz mövqelərində müəyyən dəyişikliklər etdilər, ərazilərin minalardan təmizlənməsinə humanitar dəstəklə dövlətimizlə münasibətlərin bərpasına çalışdılar, lakin Lüksemburqu, Avropa Parlamentinin 33-dək üzvünü və dağıdıcı mühacirət qrupunu əleyhimizə təşkilatlandırdılar, onları siyasi və informativ tezislərlə təchiz etdilər, İrəvana intensiv səfərlərlə məğlubiyyətdən sarsılan xalqı və hakimiyyəti ölkəmizə qarşı səfərbərliyə çalışdılar.Ona görə də çoxlarını bir sual düşündürür-həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir? 25 minlik erməni əhalisinə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir?Məgər dünyada statussuz erməni yaşamır?".

Zahid Orucun sözlərinə görə, bu sualların cavabı hamıya aydındır:

"Xankəndində yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqanbekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır.Çünki bizim regionda “hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir. Ona görə də Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansaydı, biz əsil düşmənlərimizi görərdik!".