ABŞ-ın “Wall Street Journal” qəzetində “Vladimir Putinin kosmik cəbhəsi” adlı redaksiya məqaləsi dərc olunub.

Mia.az xəbər verir ki, Novator.az saytı məqaləni ingiliscədən çevirərək yayıb.

Həmin məqaləni təqdim edirik:

"Vladimir Putinin bəxti üzünə gülür. Moskva qoşunlarını Ukrayna sərhədi boyunca cəmləşdirir, Rusiyanın müttəfiqi Belarus isə qaçqınların NATO-nun şərq cinahına hücumunu təşkil edir. Bu vəziyyətdən şövqə gələn Rusiya lideri kosmosda yeni təxribat cəbhəsi də açıb.

Bugünlərdə ABŞ prezidenti Cozef Baydenin administrasiyası bəyan etdi ki, Rusiya istifadə müddəti bitmiş, sovet dövründən qalma süni peyki peyk əleyhinə raketlə məhv edib.

ABŞ Kosmik Komandanlığı sınaq atışı nəticəsində peykin orbitdə 1500-dən çox hissəyə parçalandığını müşahidə edib. Bundan başqa, partlayışın orbiti müşahidəyə gəlməyən yüz minlərlə xırda hissəciklə zibilləyəcəyi də bildirilir.

Beynəlxalq Kosmik Stansiyada olan amerikalı, alman və rus astronavtlar peyk qalıqlarının, qəlpələrin səpələndiyi sahədən uzaq durmaq məcburiyyətində qalıblar.

ABŞ-ın bu hadisəyə reaksiyası sərtdir. Pentaqon bəyan edib ki, ona sınaq atışı barədə əvvəlcədən xəbərdarlıq edilməyib.

Dövlət Departamentinin nümayəndəsi deyib ki, Rusiyanın bu cür təhlükəli və məsuliyyətsiz davranışı uzun müddətdir kosmik məkanda hökm sürən əmin-amanlığı təhdid altına atır: “Bu sınaq Rusiyanın kosmosda silahlanmaya qarşı çıxdığı haqda bəyanatlarının riyakarlıqdan savayı bir şey olmadığını çox aydın nümayiş etdirir”.

Rusiyanın sınağı keçirmək üçün seçdiyi vaxt da maraqlıdır. Sınaq Avropanın enerji böhranı ilə üz-üzə qaldığı, Moskvanın təbii qaz nəqlinin həcmini artırmaq müqabilində Qərbi Avropadan güzəştlər tələb etdiyi bir dövrdə reallaşıb.

Bu həm də Belarus diktatoru Aleksandr Lukaşenkonun miqrantları Avropa İttifaqının sərhədlərinə, NATO üzvü olan Polşa, Latviya və Litvanın qapısına yığdığı dövrdür. Putin, əlbəttə ki, Lukaşenkonu dəstəkləyir.

Dövlət Departamenti Rusiyanın məsuliyyətsiz hərəkətlərinə cavab vermək üçün müttəfiqləri və tərəfdaşları ilə iş aparacağını bəyan edib.

Prezident Baydenin ritorikası isə Dövlət Departamentinin mövqeyindən də sərt olub. Amma ictimai açıqlamaların və zəif sanksiyaların bir faydası yoxdur.

Almaniya hökumətinin “Şimal axını – 2” qaz kəmərinin təsdiqlənməsi məsələsini müvəqqəti dayandırması isə Avropanın Rusiya qazından asılılığını daha da artırmış olur.

Bayden bu il qaz kəmərinə qarşı çıxmaqdan imtina edib. Halbuki o, kursu dəyişməli və Almaniyanın yaxın vaxtda qurulacaq yeni hökumətini  “Şimal axını – 2” qaz kəmərinin lisenziyalaşdırılmasını dayandırmağa məcbur etməlidir.

Ağ ev ABŞ daxilində yerli neft-qaz hasilatına qarşı çıxmaqdan da əl çəkməli, beləliklə, Kremlə və İrana göstərdiyi yardımı dayandırmalıdır.

Peykdən müdafiə sisteminin sınaqdan keçirilməsi silah yarışının artıq kosmosa yol tapdığını göstərir. Kosmik məkanda isə heç bir yol hərəkəti qaydası mövcud deyil.

Çin və Hindistan da peyk əleyhinə silahını sınayıb. 2008-ci ildə isə ABŞ zəhərli yanacaqla dolu peyki partladıb. Vaşinqtonun verdiyi məlumata görə, həmin peyk Yerə düşüb.

Amma raket texnologiyalarının yayılması insanlığı təhdid edən hökumətlərə kosmosda ABŞ-ın ənənəvi üstünlüyünü zəiflətmək imkanı verir.

Birləşmiş Ştatlar GPS lokatorlarından tutmuş “Google” xəritələrinə, gündəlik rabitə vasitələrinə qədər çağdaş mülki həyatın böyük bir hissəsini peyklərə güvənərək formalaşdırıb. Bu, Amerika üçün həm də hərbi müşahidələr aparmaq və hədəfləri müəyyən etmək baxımından əhəmiyyət daşıyır.

Əgər xarici qüvvə hər hansı mümkün müharibənin başlanğıcında ABŞ peyklərini məhv edərsə, Vaşinqton onilliklər ərzində yaşamadığı zəif bir duruma düşə bilər.

Əvvəlki prezident Donald Tramp Kosmik Komandanlığı məhz bu təhlükələri aradan qaldırmaq üçün yaradıb.

Düzdür, Kosmik Komandanlığın nə etdiyi, Hərbi Hava Qüvvələrinin isə nə etmədiyi elə də aydın deyil, amma indi bürokratik məsələlərlə əlləşməyin də vaxtı deyil, çünki suda və quruda olduğu kimi kosmosda da təhdidlər artır.

Mia.az