ADA Universitetinin ABŞ-dakı Mərkəzinin və Azərbaycan-Amerika Musiqi Fondunun birgə təşkilatçılığı ilə "Uliyam Konnover, Vaqif Mustafazadə, Frederik Starr: Caz, Azadlıq və Müstəqillik" mövzusunda tədbir təşkil olunub.

Bu barədə ADA-dan Mia.az-a verilən məlumata görə, tədbirin bir hissəsi kimi ADA-nın ABŞ-dakı Mərkəzində "Uliyam Konnover və Vaqif Mustafazadə Caz Saatı" mövzusunda fotosərginin açılış mərasimi baş tutub. Sərginin açılışından sonra tarixi “Whittemore House”da ziyafət və konfrans keçirilib. Burada ADA Universitetinin əməkdaşlıq etdiyi universitetlərin dekanları, professor və müəllimləri, dövlət və ictimai xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin ABŞ-dakı Mərkəzinin Prezidenti Qalib Məmməd cazın ölkəmizdəki zəngin və tarixi köklərini bir daha yada salıb, caz musiqisinin xalqlarımız arasında körpü qurduğunu nəzərə çatdırıb və cazın Azərbaycandakı tolerant fikir tərzinin simvollarından biri olduğunu vurğulayıb.

Tədbirdə Vaqif Mustafazadənin yaradıcılığına nəzər salınıb, “Amerikanın Səsi” radiosunda caz verilişlərinin aparıcısı Uliyam Konnoverin onun barəsində təşkil etdiyi verilişlərdən fikirlər səsləndirilib.

Daha sonra, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Azərbaycan Respublikasının müstəqillik illərində keçdiyi yollardan və qazandığı zəfərlərdən bəhs edib. Rektor Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilən Azərbaycanın müstəqilliyinin dəstəkçisi, Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri və caz ifaçısı Frederik Stara ordeni şəxsən təqdim edib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında çoxşaxəli əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə ordenlə təltif edilən Frederik Star Prezident Əliyevə minnətdarlığını bildirib və Azərbaycanın bölgədəki geostrateji əhəmiyyətindən danışıb.

Tədbirdə eyni zamanda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya üzrə sabiq direktoru Deyvid Merkel, Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim, Şimali Teksas Universitetinin tədqiqatçısı Maristella Fyustl və Azərbaycan-Amerika Musiqi Fondunun İçraçı Direktoru Cəmilə Spitzberq çıxış ediblər.

Tədbir Amina Fiqarovanın rəhbərlik etdiyi caz orkestrinin ifasında konsertlə başa çatıb. Konsertdə ölməz sənətkar Vaqif Mustafazadənin və Qərb caz əfsanələrinin musiqi kompazisiyaları səsləndirilib.

Qeyd edək ki, Uliyam Konnover və Vaqif Mustafazadə Caz Saatı sərgisi növbəti ilin 28 fevral tarixinədək davam edəcək.