Kağıza toxunan qələm kibritdən daha çox yanğın törədir deyib müdriklərdən biri...Məqsədimiz yanğın törətmək deyil, Bərdə, onun kəndləri və iqtisadi inkişafı haqqında düzgün məlumat verməkdir. 

Axı ən böyük biclik düzlükdür deyib atalarımız. Tarixi məlumatlara əsasən Bərdə indiki ərazisindən təqribən 5 km kənarda yerləşmiş və e.ə IV-V əsrlərdən inkişaf etməyə başlamışdır. Bir inzibati vahid kimi Bərdə rayonu 1930-cu ildə yaradılmışdır. Hal-hazırda rayon 1 şəhər, 110 kənd, 35 inzibati ərazi dairəsi və 67 bələdiyyədən ibarətdir. 01.06.2012-ci il tarixli rəsmi məlumata əsasən rayon əhalisinin sayı 147700 nəfərdir. Rayonda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 34833 nəfər müvəqqəti məskunlaşmışdır.

Ötən 3 ildə rayonun iqtisadi inkişafına nəzər saldıqda bir çox uğurların əldə olunduğu danılmaz fakdır (lakin qaneedici deyil). Belə ki, Respublika Prezidentinin təsdiq etdiyi "Regionların sosial-iqtisadi inkişafı” adlı Dövlət proqramlarına uyğun olaraq, rayonda sürətli quruculuq-abadlıq işlərinə start verilmişdir. 2011-ci ilədək Bərdə rayon İcra başçısının İlham Ağayev olduğu bizlərə məlumdur. Eks katibin gördüyü işlər rayon əhalisini demirik, Prezidentidə qane etmədiyi üçün məlum şəxs vəzifəsindən azad olundu, Bərdə və bərdəlilərin taleyi Vidadi İsayevə tapşırıldı. İndi deyəcəksiniz ki, kiminsə vəzifəyə gəlməsinin və ya vəzifədən getməsinin rayonun iqtisadi inkişafina nə dəxli? Amma çox dəxli var. Həmin dövrdə məmurların öz işlərinə soyuq münasibəti əhali arasında söz-söhbətlərin yaranmasına səbəb olmuşdur. Hər hansı yeni quruculuq işi görüləndə deyirdilər; - filan küçəni filan yerin rəisi (və ya müdiri) təmir etdirir (bu söz söhbətlər indidə ar-sıra eşidilir). Bütün bu söz-söhbətləri eşitdikdə adamda belə bir sual yaranır. Bəs onda ayrılmış dövlət vəsaiti necə olur? Əslində bu sualın cavabı tamam başqa məsələdir. Nəsə... Mətləbdən uzaqlaşmayıb dönürəm iqtisadi inkişafımıza. Rayonun əvvəlki illərinə nəzər saldıqda əlbətdə xeyli dəyişiklik baş verib (igidi öldür amma haqqını yeme deyib ulularımız). Yazarkən bir neçə mənbəyə müraciət etdim ki, bunların içərisində icra başçısının hesabatlarıda vardı. Az işlər görülməyib bu illər ərzində... Bərdə mərkəzi istirahət parkının, Nüşabə parkı, Bayraq meydanı, Tərtər çayı sahilində 16 hektar ərazini əhatə edən, hələ tikintisi davam edən "Heydər parkı” da bu illərin uğurudur.
Bir neçə bina əsaslı təmir edilmiş, rayon kəndlərinin bir neçəsində yeni məktəblər istifadəyə verilmişdir.” Qarabağ” çörək zavodu, "Qarabağ” Aqrar sənaye kompleksinin Bərdə ət emalı və soyuducu anbar kompleksidə bu illərin iqtisadi inkişafından xəbər verir. Hələ çətin keşilən yolları, əyri-üyrü cığırları olan kəndlərimizin sayı çox olsada (belə küçələr rayonun özündədə çoxdur) 2011-ci iliyul tarixli sərəncamla 24 min əhalinin yaşadığı 14 kəndi birləşdirən 22 km uzunluğunda "Alpoud-Mustafa-ağalı-Qaratəpə-Nazırlı” avtomobil yolu tikilib istifadəyə verilmişdir. Həmçinin "Yevlax-Xocalı-Laçın” avtomobil yolunun 29 km hissəsidə yenidən qurulmuşdur. Lakin bütün bunlar o demək deyil ki, rayonun bu səviyyədə inkişafı ölkəmizin sürətlə inkişaf edən dövlətlər sırasında tutduğu yerə uyğundur. Bir tərəfdən qururuq-yaradırıq, digər tərəfdən uçur dağılır. Yoxsa kəmiyyətimiz keyfiyyətimizi üstələyib? Bəzən belə sualları cavablandıra bilmək üçün xüsusi isdedat və "güc” lazım olur. Onu bilirəm ki, Respublika Prezidenti bütün regionların , həmçinin Bərdənində sosial-iqtisadi inkişafı üçün səylə çalışır. Məlumdur ki, prezident ölkənin bütün hissələrini qarış-qarış gəzib, problemləri həll edə bilməz. Bəs onda bizim dövlət işləri, xarici siyasət necə olar? (Yenə cavabsız bir sual). Əgər bütün bunları prezident edəcəksə onda katib, bələdiyyə hansı işlə məşğul olacaq? Son 3 ildə Bərdənin təqribən 36 kəndi qazlaşdırılmışdır, ümid edək ki, qazlaşdırılmış kəndlərin yol problemidə məsul şəxslərin diqqətindən yayınmayıb. Çünki bir yerli sakin kimi bu kəndlərin bir neçəsində olmuşam.Yollarda elə böyük çuxurlara rast gəlmək olur ki, yağışlı günlərdə qayıq, quraqlıq günlərdə isə xüsusi miniklərdən istifadə etmək lazım gəlir. Bununla yanaşı Bərdənin inkişaf etmiş, fəal kəndləridə çoxdur.
Söhbət rayonumuzun inkişafından düşmüşkən, Azərbaycanın elm, siyasət aləminə böyük tövhələr vermiş Bərdə də hələdə Ali təhsil ocağı yoxdur (Yəqin hələ o dərəcədə inkişaf etməmişik). Yəqin icra başçısını növbəti hesabatında Ali təsil ocağının tikilməsi haqqında hesabata da rast gəlirik. Hərdən rayonu gəzəndə insanın içində qürür hissi baş qaldırır...Qədim Bərdə, əzəməti, gözəlliyi, zənginliyi ilə tarixə öz möhürünü vurmuş şəhər... Şəhəri ikiyə bölmüş Tərtər çayı, çayın sağ və sol sahillərində inşa edilmiş parklar... Amma hərdən bir şey insanı düşündürür, niyə öz sərvətlərimizi qoruyub saxlamırıq? Bu sual həm yerli məmurlara, həm də rayon sakinlərinə aiddir. Əgər hələdə rayonda əlimizdəki zibili zibil qutusuna deyil yerə atanlar varsa, əgər dövətin ayırdığı pulu rayona deyil, cibinə xərcləyənlər varsa, hələdə şəhərdə sürət həddini aşıb qəza törədənlər, cinayət törətmiş şəxsdən rüşvət alan polislər, hələdə məktəbə deyil, ərə tələsən qızlar, elm deyil, qiybət etmək üçün müəllimlər otağına toplaşan müəllimlər və nəhayət xəstənin cibini firma dərmanları ilə soyan həkimlər varsa, deyəsən biz bu günki inkişafımıza şükr etməliyik.
Balzakın belə kəlamı var. Nə edirsən et, necə yaşayırsan yaşa, amma özün gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma! Bəzən pul və ya vəzifə insanları kor edir, nə etdiklərini necə etdiklərini unudurlar. Sonda onu demək istəyirəm ki, "ən böyük yoxsulluq vicdan yoxsulluğudur”. Vicdan yoxsulluğumuz azaldıqca iqtisadi durumumuzun yüksələcəyinə, sosial vəziyyətimizin yaxşılaşacağına ümid edirik. Axı haqq nazirlər üzülməz!!!

Demokratiya.info