Dünyanın ən uzun bayraq dirəyi, insanın gözünü qamaşdıran diaqnostika mərkəzləri və bahalı fontanlar Azərbaycan xalqını xoşbəxt edə bilmir. Ayıq-sayıq iş adamları əllərindəki investisiyanın əsas hissəsini yenə xəstəxana və aptek biznesinə yönəldirlər. Bazarın tələbinə uyğun olaraq...

Ötən ay bir neçə həmkarımla bərabər Türkiyənin Trabzon şəhərində səfərdə olduq. Üç gün Trabzonu gəzib, Qara dənizin təmiz havasını ciyərlərimizə çəkdik. Səfərin sonuncu günü həmkarlarımızdan birinin başı ağrıdığı üçün dərman almaq istədik. Məşhur Meydan məhəlləsində xeyli dolaşsaq da, aptek tapa bilmədik. Qələm dostlarımdan biri təəccübünü gizlədə bilmədi: "Deyəsən, Trabzonda heç kim xəstələn-mir. Halbuki Bakıda təkcə mənim yaşadığım küçədə 3 aptek var".
Mən də, digər həmkarlarım da başımızla onun sözlərini təsdiqlədik. Yəqin ki, bu sətirləri oxuyanda siz də həmin jurnalistə haqq qazandıracaqsınız. Axı, sizin də küçədə ən azı bir neçə aptek fəaliyyət göstə-rir. Bilirsiniz, son illər diqqətimi ən çox nə cəlb edir? Gün-güzərandan, dolanışqıdan şikayət edən təqa-üdçülərin hamısı eyni sözləri təkrarlayırlar: "Pensiyam dərmanlarımı almağa çatmır".
İnsanlar dövlətdən ona görə çox pul tələb edirlər ki, dava-dərman alıb, canlarındakı ağrı-acıdan müəy-yən qədər xilas olsunlar. Özəl xəstəxanaların və apteklərin ən gəlirli biznes sahəsinə çevrildiyi bir ölkədə əhalinin xoşbəxt yaşadığını necə iddia etmək olar? Harda görünüb ki, xəstə və yoxsul adam özünü xoşbəxt saysın? Heç nağıllarda da belə cəfəngiyyat olmur.
Son illər Bakıda aparılan abadlıq-quruculuq işləri Azərbaycan xalqının yaxşı yaşadığına dəlalət etmir. Çünki kasıb Gürcüstanda, hətta acından ölən Ermənistanda da yeni binalar tikilir. Ötən ay Trabzondan qayıdarkən Gürcüstanın Batumi şəhərində bir neçə saat dincələ bildik. Batumidə olarkən tikintisi davam edən ən azı 60 göydələn gördüm. Bakıda olduğu kimi, Batumidə də yeni parklar, fontanlar var. Qonşu Gürcüstanda yollar hamar, küçələr təmizdir. İlin bütün fəsillərində Tbilisidə restoranlar ağzına kimi dolu olur. Amma yerli hakimiyyət bunu əsas gətirib, gürcü xalqının yaxşı yaşadığını iddia etmir. Çünki xoşbəxtlik anlayışının nisbi xarakter daşıdığını, yaxşı ilə pis arsındakı fərqin nədən ibarət olduğunu bu ölkədə hamı bilir. Alim də, çoban da başa düşür ki, sovetdənqalma təbliğat üsulları ilə indi heç kimi inandırmaq mümkün deyil. İnsan oğlunun xisləti belədir; o, eşitdiyinə yox, gördüyünə inanır...
P.S. Mən hər gün işə gedib-gələndə Bakı küçələrində nimdaş geyimli, tutqun çöhrəli insanlar görürəm. Onlar bir tikə çörək qazanmaq üçün sübh tezdən evlərindən çıxır, hava qaralanda isə ayaqlarını sürüyə-sürüyə geri dönürlər. Yəqin buna görədir ki, heç kim məni Azərbaycan xalqının xoşbəxt yaşadığına inandıra bilmir...