Ukrayna hökumətinin Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaqdan imtina etməsi yüz minlərlə ukraynalının şaxtalı havada, artıq bir neçə həftədir etiraz aksiyası keçirməsinə səbəb olub.

Qərbin siyasi gündəminin prioritetlərindən birinə çevrilən bu məsələ miqyasına və mahiyyətinə görə o qədər böyük hadisədir ki, bunu dünyanın böyük güclərinin maraq davası kimi və yaxud da ayrı-ayrı siya-si qüvvələrin hakimiyyət uğrunda mübarizəsi kimi təqdim etmək mümkünsüzdür. Bütün Ukraynanı əhatə edən bu prosesə müxtəlif liderlərin fərqli yanaşmaları da ümumi mənzərəni dəyişmək gücündə deyil.
Ukraynada baş verənlərlə bağlı ən dəqiq qiymətləndirmələrdən birini "TBi" telekanalının prezidenti, "Azadlıq" radiosunun icmalçısı Vitali Portnikov verib.
Portnikov "Dünyaların savaşı" məqaləsində yazır: "Ukraynanın müstəqillik qazanmasından 22 il ötür və bu illər ərzində Ukrayna xalqının mövcudluğunu büruzə verəcəyini gözləmişəm. İndi isə görürəm ki, o, artıq mövcuddur".
İlko Kuçerov adına "Demokratik təşəbbüslər" Fondunun və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun birgə keçirdiyi rəy sorğusunun nəticələri bizi Portnikovun bu fikirlərinə inanmağa məcbur edir. Çünki Kiyevdə bir milyona yaxın adamın qatıldığı etiraz aksiyası zamanı 1037 nəfər arasında keçirilmiş rəy sorğu-sunda bəlli olub ki, cəmi 5,2 faiz etirazçı müxalifət liderlərinin çağrışına görə meydana çıxıb, yerdə qalan böyük əksəriyyət - 94,8 faiz heç bir kənar təsir olmadan meydana özləri gəliblər.
Rəyi soruşanların təxminən 70 faizi etiraz aksiyasına qoşulmalarının əsas səbəbi kimi hakimiyyətin 30 noyabrda etirazçılara qarşı zor işlətməsini göstərib. Onların mövqeyi belədir ki, hakimiyyət onun siyasətinə etiraz edənləri döymək səlahiyyətinə malik deyil.
Bununla bağlı Portnikov yazır: "Biz 22 il əvvəl ona görə inqilab etmədik ki, indi bizim övladlarımızı döysünlər".
Dekabrın 8-də Kiyevin Müstəqillik Meydanına çıxan bir milyona yaxın insanın böyük əksəriyyəti məhz buna görə, şaxtalı hava şəraitinə baxmayaraq, hakimiyyətin siyasətinə etirazını bildirmək üçün aksiyaya qatılmışdı.
Artıq bir xalq kimi formalaşdığını sübut edən ukraynalıların mövqeyinə görə, iqtidar xalqı döymək səlahiyyətinə malik deyil. Əksinə, xalqın və ya onun ayrı-ayrı hissələrinin hakimiyyətin siyasətinə etiraz et-mək hüququ var.
Etiraf etmək lazımdır ki, bu, "Hökumətlə hökumətlik etmək olmaz!",- kimi azərbaycanlı düşüncəsindən tamamilə fərqli, Ukraynada yetkin xalqın formalaşdığını göstərir. Bu isə siyasi səhnənin bütün oyunçula-rını öz hərəkətlərini qiymətləndirməyə vadar edir.
Ukrayna qəhrəmanı, "Rux" Xalq Hərəkatının lideri Vyaçeslav Çornovilin oğlu, sabiq deputat Taras Çor-novilin Müstəqillik Meydanında etirazçılar qarşısında çıxış edərək, prezident Viktor Yanukoviçi seçkilərdə dəstəkləməsinə görə üzr istəməsi siyasətçilərin xalqın iradəsi ilə hesablaşmaq məcburiyyətində ol-duğunu göstərir.
Ukrayna xalqının rəyinin hər şeydən üstün olduğunu keçmiş prezident Kuçmanın kürəkəni, ölkənin ən zəngin adamlarından olan Viktor Pinçukun açıqlaması da təsdiqləyir.
Oliqarxın sözlərinə görə, Müstəqllik Meydanındakı etiraz aksiyası Ukraynanın vətəndaş cəmiyyətinin gücünün göstəricisidir və ölkənin gələcəyindən əminlik hissi yaradır.
Avropanın aparıcı paytaxtlarında məşhur siyasətçilər Ukrayna xalqının belə böyük aksiyaya qadir ola biləcəyini hesablaya bilmədiklərini təəssüflə qeyd edir, ekspertlər isə Ukrayna cəmiyyətinin gücünü he-sablaya bilməyən siyasətçiləri sərt şəkildə tənqid edirlər.

Postsovet mərhələsi başa çatır

Yanukoviç iqtidarının Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaqdan imtina etməsinə etiraz olaraq başlayan xalq hərəkatı Ukraynada postsovet mərhələsinin başa çatmaqda olduğunu da göstərir. Bu proses postsovet dövrünün liderlərinə münasibətin dəyişdiyini, artıq meydana yeni liderlərin çıxdığı-nı da təsdiqləyir.
"Ќarıncı inqilab"ın lideri, sabiq prezident Yuşşenkonun ictimai-siyasi proseslərə təsirinin qalmadığı, sabiq Baş nazir Timoşenkoya isə sadəcə, siyasi repressiya qurbanı kimi münasibət bəsləndiyi də son günlərin üzə çıxardığı həqiqətlərdəndir. Timoşenkonun azadlığı ilə bağlı şüarlara meydanın qarşılıq verməməsi ekspertlərin diqqətindən qaçmadı. Yuşşenkonun mövqeyi də Ukrayna xalqının rəyinə təsir etmək gücündə olmadığını göstərdi.

Liderlər yeniləri ilə əvəzlənir

Meydan hərəkatı təsdiqlədi ki, artıq Ukraynanın yeni siyasi liderləri meydana çıxır və onlardan ən parlağı peşkar boksun canlı əfsanəsi Vitali Kliçkodur. Uzun illər Ukrayna xalqının qüruru olan Kliçkonun siyasi səhnənin ən aparıcı fiquruna, hətta mərkəz fiquruna çevrildiyi göz önündədir.
Meydan hərəkatı başlayan gündən xarici siyasətçilərin əsas tərəf müqabilinə çevrilən Kliçkonun Avro-panın aparıcı paytaxtlarında Ukraynanın yeni lideri kimi qəbul olunduğu da aydın sezilir.

Məşhur boksçu gücünü siyasətdə sınayır

Meydan hərəkatının ilk günlərində Fransanın Xarici işlər naziri Loran Fabius, təmsil etdiyi dövlətin adından Kliçkonu məsləhətləşmələr üçün ölkəsinə dəvət etdi. Bu dəvət zamanı Fransa xarici siyasət idarəsi başçısının Vitali Kliçko ilə təkbətək görüşməsi və sonra birlikdə şam etmələri Avropanın ən aparıcı ölkə-sinin Ukraynanın yeni lideri qismində kimi gördüyünü açıq nümayiş etdirdi.
Ukrayna xalqı ilə həmrəy olduğunu göstərmək üçün bu ölkəyə gələn Gürcüstanın sabiq prezidenti Saa-kaşvili və Moldovanın keçmiş Baş naziri Filatın da məhz Kliçko ilə görüşməsi, onunla birlikdə Müstəqillik Meydanına gəlməsi artıq keçmiş boksçunun siyasi liderliyinin əksəriyyət tərəfindən qəbul olunduğunu göstərir.
Məlumata görə, Almaniyanın kansleri Merkel də Ukraynanın gələcək lideri kimi məhz Kliçkonu görür.
Xatırladaq ki, son zamanlar Merkelin yaxın ətrafı ilə Kliçkonun bir neçə görüşü olub. Bir müddət öncə Merkelin Xarici siyasət məsələləri üzrə müşaviri Kristof Hoysgen, ondan sonra isə Baş nazirin aparatının rəhbəri Ronald Porfalla və nəhayət, Almaniyanın Xarici işlər naziri Gudo Vestervelle Kliçko ilə danışıqlar aparıblar.
Kliçkonun qarşıdakı günlərdə ayrı-ayrı ölkələrin liderləri və nüfuzlu dövlət xadimlərinin dəvəti ilə Avro-panın müxtəlif ölkələrinə səfər edəcəyi bildirilir.

"Seçki qanunvericiliyi dəyişsin!"

Qərbin Kliçkonu Ukraynanın yeni lideri kimi görməsinin ən bariz nümunəsi Avropa Birliyinin rəsmi Kiyevdən israrla seçki qanunvericiliyini dəyişməyi tələb etməsidir. Çünki mövcud qanunvericilik Kliçkonun seçkidə iştirakına əngəl törədir və Ukrayna qanunvericiliyi ikili vətəndaşlığı olan şəxslərin prezidentliyə namizəd olmasına imkan vermir.
Kliçkonun Almaniya və ABŞ-da daimi yaşamaq hüququ var və rəsmi Kiyev bunu ikili vətəndaşlıq kimi qə-bul edir. Kliçko isə heç bir məhdudlaşdırıcı qanunvericiliyin onu prezident seçkilərindən kənarda qoymaq gücündə olmadığını bəyan edib və seçkidə hökmən iştirak edəcəyini bildirib.
Ancaq görünür, Avropa hər ehtimala qarşı Ukraynanın seçki qanunvericiliyinin dəyişməsinə nail olmaq-da israrlıdır. Bütün bunlar növbəti prezident seçkisində Qərbin namizədinin Timoşenko deyil, Kliçko ola-cağından xəbər verir. Peşəkar boksda əfsanələrə imza atmış Kliçko isə, eyni uğuru siyasi səhnədə də qazanmaq istəyir. Onun prezident olub-olmayacağını yaxın tarix göstərəcək.
Amma bu gün bir şey dəqiq məlumdur. Postsovet Ukraynasının liderləri siyasi səhnəni tərk edir, meydana yeni liderlər çıxır. Kliçko isə onların ən parlağıdır.

Proseslər digər ölkələrə də təsir edəcək

Ukraynada başlayan xalq hərəkatı o qədər böyük hadisədir ki, onun nəticələri təkcə bir ölkənin taleyini dəyişməyəcək. Artıq ən məşhur siyasətçilər də bunun fərqindədir. ABŞ-ın xarici siyasətinin patriarxla-rından biri, 86 yaşlı Zbiqnev Bjezinski xəbərdarlıq edib ki, Ukraynada baş verən proses geosiyasi dəyişik-liklərə, tarnformasiyalara səbəb olacaq.
Ukrayna ilə bağlı ötən yazıda da qeyd etmişdik ki, bu ölkədəki xalq hərəkatı Rusiyanın Avrasiya dövlətindən Asiya ölkəsinə çevrilməsinin başlanğacı ola bilər. Şərqi Avropadan çıxarılmaqda olan Rusiya, artıq Asiyanın jandarmına çevrilmək üzrədir.
Ukraynada baş verənlər postsovet məkanı üçün həyatı əhəmiyyətə malikdir. Ukraynanın Avropa ilə bütövləşməsi Moldova üçün də geriyə yol qoymayacaq.
Ukraynanın Avroatlantik strukturlara inteqrasiya yolunu seçməsi Gürcüstanın da mövqelərini gücləndirəcək. Bu prosesin təsiri bütövlükdə postsovet məkanında Sovet İttifaqının dağılmasından sonra yaran-mış geosiyasi durumu dəyişməklə, postsovet mərhələsinin bitməsinə səbəb olacaq. Təəssüf ki, ölkəmizin də aid olduğu postsovet məkanındakı böyük hadisələrə nə rəsmi Bakı, nə də Azərbaycan cəmiyyəti adekvat reaksiya vermək iqtidarında deyil. Bu isə Azərbaycanın bir dövlət kimi böyük siyasi məğlubiyyə-tinə səbəb ola bilər. Ermənistanda Qərbyönümlü hərəkat başlayacağı təqdirdə, bu təhlükə daha da ar-tacaq. Yəni, Kiyevin Müstəqillik Meydanında baş verənlər Azərbaycan üçün çox ciddi mesajdır.