Həmyaşıdlarımın xatirində olar, 90-cı illərin ortalarında türk liseylərinə qəbul imtahanları keçirildi. O zaman hər kəs türklərin ölkəmizə gətirdiyi səviyyəli təhsil müəəssisələrində oxumaq istəyirdi.
O vaxt mən də türk liseylərinə qəbul imtahanlarına qatılmışdım və yüksək bal toplayanlar sırasında idim. Şəhər üzrə neçənci olduğumu xatırlamıram, amma oxuduğum məktəb üzrə birinci yeri qazandığımı deyə bilərəm.
O vaxt sinif rəhbərim Mirvari müəllimə mənə kitab hədiyyə eləmişdi. Azərbaycan tarixinin ən nəhəng şəxsiyyətlərindən olan böyük dövlət xadimi, görkəmli ziyalımız, ilk müstəqil Azərbaycan dövlətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin kitabı aldığım ən qiymətli və anlamlı hədiyyə idi.
Kitabın üz qabığının içərisinə dərkənar da yazmışdı. Müəlliməm mənə Rəsulzadə kimi görkəmli ziyalı və dövlət xadimi olmağı arzulayırdı. İndi də həmin kitabı qiymətli bir xəzinə kimi saxlayıram.
Rəsulzadənin böyüklüyü ilə ilk tanışlığım 17-18 il əvvələ dayanır. O zamandan bəri Rəsulzadənin həyat və yaradıcılığını öyrənməyə çalışmışam. Vətəndən uzaqda olduğu hər gün Azərbaycanla yaşayan, dünyasını dəyişəndə də Azərbaycan sevgisi ilə gözlərini yuman bir şəxsiyyətin qarşısında baş əyməmək mümkün deyil. Təəssüf ki, bu gün Rəsulzadə böyüklüyünü dərk edənlər çox azdır. Bunda, uzun illərdən bəri həyata keçirilən unutqanlıq siyasətinin də rolu var. Amma Rəsulzadə hansısa siyasətə qurban veriləcək şəxs deyil!
Artıq bir neçə gündür ki, unudulmaz sənətkar Səxavət Məmmədovun qardaşı Firuz Səxavətin Rəsulzadənin şəklindən qorxuya düşməsi müzakirə edilir.
Kiçik bir xatırlatma edim. Deməli, Firuz Səxavət "Axar.az"a müsahibə verir. Üstündən bir gün keçməmiş zəng edərək, müsahibəsindəki foto-silsilədən divarda Məhəmməd Əmin Rəsulzadənin şəkli görünən fotolarını çıxarılmasını xahiş edir. Müğənninin dediyinə görə, bunun üçün onu incidirlər. Amma kimin incitdiyini, nəyə görə incitdiyini açıqlamır.
Ümumiyyətlə, mənim manıs tayfası ilə ulduzum bir türlü barışmır. Bir toyda yarım saat oxumaqla, mənim bir illik maaşımdan da çox pul qazanan manıs tayfasının elə hərəkətləri olur ki, dinməsən, olmur. İndi Firuz Səxavətə nə deyəsən? Rəsulzadə şəxsiyyətinin böyüklüyünü dərk eləməyən bir adama söz demək də yersizdir. Çünki bunu anlamayan bir adama nəyisə irad tutmağın, düz yolda olmadığını deməyin mənası yoxdur. Əgər Firuz Səxavət nəticə çıxaracaq səviyyədə olsaydı, başının üstündə Rəsulzadənin şəklinin olmasından qorxuya düşməzdi. Bu azmış kimi, həmin şəklin çıxarılmasını istəyib. İnsanda nadanlığın həddinə bax!
Firuz Səxavət, Rəsulzadə ilə bir tabloda olmaq şərəfdir. Onun şəklinin altında dayanmaq utanc yox, qürurverici olmalıdır. Hətta buna görə təhdid altında olsan belə. Rəsulzadə bu millətə ilk müstəqillik daddıran, üç rəngli bayrağının ucalmasına vəsilə olan bir şəxsiyyətdir və bu millət üçün bir dəyərdir, əsrlər keçsə də, bu, dəyər olaraq qalacaq. O dəyərin qiymətini bilməyənlərin isə millətimin yanında zərrə qədər dəyəri olmaz.
Tarix millətin dəyərlərini anlamayanlara öz qoynunda yer verməz. Hətta böyük sənətkar olsa belə...