Dərviş Cavanşir: “Ölümdən yox xətər mənə...”

img

15-12-2019 [13:33]


Bu gün şair, nasir, publisist Dərviş Cavanşirin vəfatından 5 il ötür.
 
Mia.az xatırladır ki, Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. 
 
Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almışdır (1960-1970). Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlamışdır (1970-1973). 
 
1973-1975-ci illərdə ordu sıralarında xidmət edib. 
 
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1976-1982). 
 
Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor (1982-1985), kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor (1985-1986), "Yazıçı" nəşriyyatında redaktor (1986-1988), Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin (1989-1992), "Aydınlıq" qəzetində şöbə müdiri (1992-1995), "Xalq qəzeti"ndə baş müxbir (1995-1998), daha sonra isə "Ulus" qəzetində işləmişdir.
 
Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlamışdır. 
 
İlk mətbu şeiri "Şərq qapısı" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeirləri, hekayələri və publisist yazıları vaxtaşırı işıq üzü görüb. 
 
İlk dövrlərdə ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə, 1992-ci ildən isə Dərviş Cavanşir imzası ilə çap olunmuşdur.
 
Vətən
 
Qurban olum torpağına,daşına,
 
Qaldır məni Əlincənin qaşına.
 
Qoy dolanım,Vətən, sənin başına,
 
Deməsinlər pərvanəsi çatışmır.
 
AH ÇƏKMƏ, AHINA QURBAN
 
Nə xəlq edəydin Adəmi,
 
Nə də cənnət, cəhənnəmi.
 
Vermə naşıya badəmi,
 
Salıb camımı sındırar.
 
Tövrat, Zəbur, İncil, Quran…
 
Yaranışdan Haqqa qulam.
 
Ah çəkmə,ahına qurban,
 
Ahın şamımı söndürər.
 
Cavanşir bir qoca dərviş,
 
Cənnət almasını dərmiş.
 
Ölümə qalsa,ölərmiş,
 
Qorxur,düşmən sevindirə.
 
1992
 
***
 
UÇURUM
 
Uçurum,uçurum gecənin sonu,
 
Səhərin ağaran dan yeri uçurum.
 
Ömür xarabalıq içindən keçir,
 
Ya irəli yeri,ya geri uçurum.
 
Düşür can evinin kərpici bir -bir,
 
Ömür sarayımın dirəyi uçur.
 
Qızıl zəmisində cavan ömrümün,
 
Xəlbiri ələnir,kəpəyi uçur.
 
Sən könül mülkümü uçurub,onun
 
Yerində nə qurdun,Allah evi mi?!
 
18.10.1991
 
***
 
GƏRAYLI
 
Döndər məni dağa-daşa,
 
Qoy yem olum qurda-quşa…
 
Haşa, haşa, məndən haşa,
 
Ömür ki,mənimdi,Allah.
 
Allah mənim,göy özgənin,
 
Torpaq öyəmin,öskəmin.
 
Yaşaya bilsəm,məskənim,
 
Ölsəm,Vətənimdi Allah.
 
Əcəl gəlsə,göndər mənə,
 
Ölümdən yox xətər mənə…
 
Beş arşın torpaq ver mənə,
 
Bezdim kəfənimdən,Allah!
 
20.06.1990
 
***
 
Salvador Dali
 
Gizlədərəm, özgə bilməz,
 
Çəkərəm gizlicə, bilməz.
 
Min ağıllı çəkə bilməz,
 
İndi bir dəli dərdimi.
 
Atın dağlara,daşlara,
 
Verin qurdlara-quşlara…
 
Bükün ağca qumaşlara
 
Bir sümük-dəri dərdimi.
 
Çəksin,qoy şəhanə çəksin,
 
Ya dərvişanə çəksin.
 
Tapsın bir bəhanə çəksin
 
Salvador Dali dərdimi.
 
1994
 
***
 
AND VER, SORUŞ
 
Buludun dalında ay bədirlənib,
 
Şöləsinə qızılgüllər bələnib,
 
Gecə gəlib dan yerinə dirənib,
 
Üfüqdən süzülür bal şanı-şanı.
 
Dəli bülbül,sənin çiçək mövsümün,
 
Ahın yandıracaq gülün köksünü.
 
İnnən belə viran qalan könlünü,
 
Xəzan vurar,solar dal şanı-şanı.
 
Gülün üzü qönçəlikdən gülməyib,
 
And ver,soruş,desin,Dərviş ölməyib.
 
Öpüb ,qucub,halal-haram bilməyib,
 
Qalıb sinəsində xal şanı-şanı.
 
14.05.2000
 
***
 
Dağların o üzündə
 
Gün batmış,hava qaranlıq,
 
Gedərəm ala -qaranlıq.
 
Ölüm dediyin ayrılıq,
 
Qaldı o üzdə,o üzdə.
 
Dəryada Nuhun gəmisi,
 
Eyləsin zühur gəmisi.
 
Mənim ruhumun gəmisi
 
Qaldı o üzdə,o üzdə.
 
Ölən öldü...qalan sağlar,
 
Qaraca bağrımı dağlar.
 
Viranə dağlarım ağlar,
 
Qaldı o üzdə,o üzdə.
 
1988
 
 
***
 
Qanlı yuxular yozulmur
 
Deyirdin yuxuda qan qovuşuqdu,
 
Mən görən yuxular yozulmur,ana.
 
Əksi əlifbadı alın yazım da ,
 
Əvvəli sonundan oxunur,ana.
 
Düzüymüş yazıya pozu yox sözü,
 
Yazdı torpağıma,daşıma yazdı.
 
Gördü mürəkkəbi quruyur,fələk
 
Batırıb gözümün yaşına yazdı.
 
Qan qana qovuşdu,qan da torpağa,
 
Torpaq çəkməyəni qan çəkir,ana.
 
Qanlı köynək oldum düşmən əlində,
 
O da yaxasını yan çəkir,ana.
 
Çoxda ki,adımı od oğlu qoydun,
 
Mən pərvanə qanı tökmüşəm,axı.
 
Qan oyanan vaxtı bu nə yuxuydu?
 
Yuxuda pərvanə görmüşəm axı?!
 
Kişilər heç zaman tökülən qanı,
 
Tökdüyü qanlarla yerdə qoymayıb.
 
Allaha xoş gedər əl-ələ versək,
 
Allah əlsizləri darda qoymayıb…
 
Deyirdin yuxuda qan qovuşuqdu,
 
Mən görən yuxular yozulmur,ana.
 
Əksi əlifbadı alın yazım da ,
 
Əvvəli sonundan oxunur,ana…
 
1990
 
***
 
Kişi çörəyi
 
Dağ ətəyi,yaşıl çöllük,
 
Süfrədə təndir çörəyi.
 
Yarpız qatıb,yarı böldük
 
Çobanla pendir çörəyi.
 
Dedi-oğul,saxla yadda,
 
Çörəyini vermə yada.
 
Kişi olan bu dünyada
 
Qazanmaz " əlbir" çörəyi .
 
Əsirgəmə qardaşına ,
 
Çıxsan düşmən savaşına,
 
Qalxantək qaldır başına,
 
Qılınctək endir çörəyi.
 
1981
 
***
 
Mən yanıldım sevəndə
 
Bir vaxt məni el içində qınadın,
 
Sevdim,yenə inanmadın,sınadın.
 
Kimə uydu bilmaəm,zalım inadın,
 
Indi məni günəş qədər sevsən də ,
 
Mən yanıldım ,mən yanıldım sevəndə.
 
Bu dağlar qoynunda dumana düşdüm,
 
Gəlmədin,gümandan gümana düşdüm.
 
Kərəm olub,qara-borana düşdüm,
 
Eh ,nahaq barışdım elə küsəndə,
 
Mən yanıldım,mən yanıldım sevəndə.
 
Sevda yolçum,insaf elə,yola gəl,
 
Gül qolunu ,yar,boynuma dola,gəl.
 
Ürəyimi ocaq kimi qala ,gəl-
 
Daş ürəkdə eşq atəşi sönsə də…
 
Mən yanıldım,mən yanıldım sevəndə.
 
1978

Digər xəbərlər
SON XƏBƏRLƏR