OPEC üzvləri arasında fikir ayrılığı yaranıb - Hasilat azaldılacaq?

img

04-12-2019 [14:38]


OPEC kartelə üzv və digər qeyri-OPEC neft istehsalçılarının ("OPEC plus”) Vyana toplantısından əvvəl hasilatın azaldılması barədə qarışıq mesajlar verir.

Mia.az xəbər verir ki, ötən günlərdə İraqın Neft naziri Tamir Gadban istehsal məhdudiyyətlərinin daha 400 min barrel artırılaraq gündəlik 1,6 milyon barrelə çatdırıla biləcəyini deyib. Lakin o, OPEC səviyəsində bu məsələyə dair hər hansı danışığın aparılmadığını da bildirib.

OPEC və müttəfiqlərinin istehsalın daha da azaldılıb-azaldılmayacağı baradə qarışıq mesajlar verməsi isə bazarda qeyri-müəyyənliyə səbəb olur.

"Bloomberg”ə görə, dünən Vyanada qapalı keçirilən "OPEC plus” Müştərək Texniki Komissiyasının (JTC) 35-ci iclasında nazirlərin tövsiyələri dinlənilib, lakin hasilatın daha da azaldılması məsələsi gündəmə gəlməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və Rusiyanın başda olduğu qeyri-OPEC ölkələrinin neft istehsalının azaldılması üzrə sazişin müddətini artıra biləcəyini qeyd edən ekspertlər bu baş verərsə xam neftin qiymətinin də bahalaşacağını vurğulayıblar.

Digər tərəfdən, ekspertlər OPEC-in hasilat səviyyəsində dəyişiklik etməyəcəyi təqdirdə "qara qızıl”ın qiymətinə aşağı istiqamətli təzyiq ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, sabah Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Bu gün isə Avstriyanın paytaxtında OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

Ötən il dekabrın 7-də "OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR