İQTİDAR ERKƏN SEÇKİYƏ GEDİR, PARLAMENT BURAXILIR - YAP qərar verdi

img

28-11-2019 [15:18]


"YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın”.

Bunu partiyanın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransında deyib: "Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik”

***

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası bu gün keçirilən iclasında parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edib.

 Mia.az xəbər verir ki, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

Məlumata görə, partiya sabah bununla bağlı Milli Məclisdə məsələ qaldıracaq və gözlənilir ki, çoxluq parlamentin buraxılmasına səs verəcək.

Milli Məclisin Daxili Nizamnaməsinin "Milli Məclisin buraxılması” adlı 23-2-ci maddəsində deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır”.

***

Xəbər verdiyimiz kimi, bu gün YAP Siyasi Şurasının təcili iclası çağırılıb.

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun da qatıldığı iclasın səbəbi hələlk açıqlanmasa da, siyasi kluarlarda bu gün saat 14.00-da hakim partiyanın üzvləri olan deputatlarla da toplantı keçiriləcəyi haqda xəbərlər yayılıb.

Xəbərlərdə iddia olunur ki, YAP-ın bir gündə iki mühüm iclas çağırmasının səbəbi ölkədə aparılan islahatlar və erkən parlament seçkiləri ilə bağlıdir.




Digər xəbərlər
SON XƏBƏRLƏR