"Böyrək işi"ndə təqsirləndirilənin məhkəmə istintaqı başa çatıb

img

14-11-2019 [12:18]


Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi başa çatıb.

Sənədlərin tədqiqi mərhələsindən sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Proses noyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Ona qarşı Cinayət Məcəlləsinin 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Donorların müayinəsi İranda, orqan köçürmələri isə Gürcüstanda və Tacikistanda baş tutub.

Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə və transplantasiyanın həyata keçirildiyi xəstəxanaya pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən "Lancet” tibb mərkəzinin azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb.

Xatırladaq ki, Azərbaycan dövləti hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlını beynəlxalq axtarışa verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR