"23 milyonla böyük sistem qurmaq olardı" - Sabiq nazir "siyahıyaalma"dan yazdı

img

21-10-2019 [15:33]


Saleh Məmmədov, 

Professor, iqtisad elmlər doktoru 

***

Azərbaycanda əhalinin növbəti siyahıyaalma prosesi başa çatdı, daha doğrusu adəti üzrə köhnə qaydalarla "hesabat” verildi. 

Buna siyahıyaalma deyil, sadəcə saxta informasiya düzüb qoşma demək daha uyğun olardı. Mətbuatda bir çox insanlar, xüsusi ilə, alimlər, siyasətçilər, media nümayəndələri problemi kəskin qoyaraq siyahaıyalmanın gobud saxtalaşdırılması faktını üzə çıxardılar. Saxta informasiya əsasında qəbul olunan qərarlar qətiyyən səmərli ola bilməz, tamamilə qəbul olunması zəruri olan qərarların tam tərsi alınacaq. Digər tərəfdən, informasiyanın böyük kapital, qazanc mənbəyi olması şəraitində (tarix boyu informasiya heç vaxt indiki kimi vacib və qiymətli olmayıb) bu üstünlükdən istifadə etməmək sadəcə ölkəyə, onu idarə edən hökümət komandasına, bütün vətəndaşlara ağır zərbə kimi qiymətləndirilməlidir.

Virtual dünya, İT şəraitində İnformasiya ən böyük kapitaldı, ən dəyərli əmtəədi, ən böyük gəlir mənbəyidi, Big data (böyük məlumat) ən optimal səmərəli və düzgün qərar qəbul etmək mənbəyidir. 2,7 milyard əhalinin məlumat bazası Facebook-un 117 milyard dollarlıq aktivlərinin 80%-dən çoxunu təşkil edir. 87 milyonluq abonentinin məlumatlarından düzgün istifadə etməməyə görə bu sosial şəbəkə nə az-nə çox 5 milyard dollar cərimə olundu.

Siyahıyaalma üçün ayırılan 23 milyon manatla böyük sistem qurmaq olardı, məlumat ticarət bazası yartmaq olardı, ölkənin inkişafına ciddi töhvə verə biləcək Biq data yaratmaq olardı ki, bunun əsasında ən optimal qərarlar qəbul edilərdi, menecment sistemi qurulardı, hökümətin, idarəçilərin əlində real-düzgün məlumat bazası olardı. Təəssüf, bunların heç biri olmadı, əsas məbləğ isə korrupsiya mənbəyinə çevrildi. Mənim ailəmin və ətrada tanıdıqlarımın maksimum 10%-i uçota alınmışdı, bunun əsasında isə Biq data yaratmaq qətiyyən mümkün deyil. 

Bunu və bütövlükdə ölkənin real vəziyyətini, Prezidentin Elektron hökümətə keçid prosesinin 2020-ci ildə başa çatması proqram-göstərişini nəzərə alaraq, güclü, keyfiyyətli məlumat bazasını yaratmaq məqsədi ilə bir sıra islahat tədbirlərinin keçirilməsi məqsədə uyğun olardı:

1. Siyahaıalmanın nəticələrinin qüvvədən düşürülməsi, saxta yığılan məlumatların istifadəsinə qadağa qoyulması, sərf olunan pul vəsaitlərinin mümkün qədər geri qaytarılması. Müvafiq səbəbkarların cəzalandırılması, əlbəttə, hökümətin işidir.

2. Siyahıyaalmanın milli proqram təminatının hazırlanması. Virtual dünya milli təhlükəsizlik şərtlərini nəzərə almaq mütləq lazımdır. Məsələ burasındadır ki, klassik dünyadan fərqli olaraq virtual dünya şəraitində hər bir hərəkət, mexanizm, fəaliyyət növü soft-proqram vasitəsi ilə həyata keçirilir ki, bunun da kod-parol sistemi ilə təhlükəsizliyi təmin olunur. Təhlükəsizlik kodu və mexnizmin açarı əsasən proqramın tərtibatçısında qalır. Bizim istifadə etdiyimiz soft-proqramların böyük hissəsi xarici proqramlardı, amma nəzərə almaq lazımdır ki, bu hər zaman inkişafa ağır zərbəsini vura bilər.

3. Beyin mərkəzinin proqram təminatına 2-3 milyon manat gedə bilər. Əlbəttə, bu 2-3 milyon yüz milyonlarla fayda verəcək.

4. Proqram Data sayəns-Məlumat elmi (Data science) prinsiplərinə uyğun qurulması çox daha böyük səmərə verər. Bu proqram yalnız alqoritmlərin müəyyən olunması, məlumatların toplanması və saxlanmılması kimi deyil, həm də məlumatların gündəlik işlənməsi (machine learning), gündəlik yenilənməsi, məlumatlar əsasında Big datanın formalaşması, böyük məlumatların riyazi modelləşdirilməsi və ən optimal nəticə qərarlarının hazırlanması mərhələrini, modullarını əhatə etməlidir ki, bu dəqiq məlumat bazası gündəlik bütöv ölkəyə səmərələşdirici nəticə və təklif verə bilsin. Yanlış məlumat hətta ən dahi rəhbərin belə səmərəli və düzgün qərar çıxarmasına imkan verə bilməz. İT və Data science elminin müasir nailiyyətləri bu tədbirlərin uğurla həyata keçirilməsinə imkan verir. Yeri gəlmişkən, təqribən 20 ildir ki, dünyanın əksəriyyət universitetlərində Data science elmi öyrənilir, Data sayəntist ixtisası üzrə mütəxəssislər hazırlanır, bu mütəxəssislər ən çox tələb olunan və yüksək əmək haqqı alan kadrlardı. İnkişaf etmiş dünyada bu mütəxəssislərə tələb hər ildə bir neçə dəfə artır. Təəssüf, Azərbaycanda bir seçmə predmet kimi də tədris olunmur, ölkədə bir nəfər olsa belə mütəxəssis yoxdur (mənim araşdırmalarım üzrə).

5. Proqram təminatında xarici Azərbaycanlılar üzrə ayrıca modulun işlənməsi və bütün dünya Azərbaycanlılarının virtual siyahaya alınması zəruridir. Hazırda Azərbaycan Respublikasının inkişafında dünya azərbaycanlılarının, xüsusilə azərbaycanlı alimlərin, iş adamlarının, investorlarının imkanlarından çox məhdud səviyyədə istifadə olunur. Eyni zamanda dünya azərbaycanlılarının inkişafı, təhsili, elmi, bu xalqlarının ana dilinin öyrənilməsi, tarixi əlifbaların sinxronizasiyası, millətin virtual bütövləşməsi üçün Azərbaycan dövlətinin imkanlarından istifadə çox məhduddur. Belə bir Big datanın yaradılması həm ölkənin və həm də dünyanın dört tərəfinə parçalanmış-yayılmış millətin, xalqların, qolların, tayfaların inkişafına və millətin mənəvi bütövləşməsinə çox böyük təkan verə bilərdi.

6. Beyin mərkəzi, bunun proqram təminatı, bu prinsiplə yenidən siyahaya alma nələri əks etdirməlidir? Birinci növbədə hər bir şəxsin maşınla işlənə biləcək bütün bilgiləri, tarixindən tutmuş bu gününə qədər bütün məlumatlar toplanılır. Həmçinin gen, irs, xəstəlik məlumatları və gələcəkdə ölkədə istifadə olunan identifikasiya formasından asılı olaraq barmaq izi və ya üz tanıma sistemi üçün əlavə modul qoyulması məqsədəuyğundur. Elm sübut edir ki, dünyada iki eyni barmaq və sifət izinə sahib insan yoxdur. Alimlər gələcəkdə ödəmələrdə, hesab-kitabda, məhkəmə işlərində, ümumiyyətlə, bütün fəaliyyətlərdə bu iki elementdən (kontaksız) istifadə etməyi düşünürlər (artıq bir çox ölkələrdə geniş istifadə olunur). Bu proqram təminatı həmçinin gündəlik yenilənmə və riyazi modellərlə məlumatların işlənib, təhlil olunaraq səmərəli qərar çıxardadaraq, bütün ölkə vətəndaşlarına göndərilməsi, həmçinin yenilənmə üçün bütün əhalidən məlumatların alınması və maşına ötürülməsi mexanizmini nəzərə almalıdır. Maşınla işlənmənin belə qərarları hökümətə və vətəndaşlara olduqca böyük fayda verəcək. Həm də məlumatların saxtalaşdırılması mümkün olmayacaq, tam şəffaflıq təmin olunacaq. Məsələn, maşın gündəlik ölkədə nə qədər işsizlik var, bunlar hansı ixtisasdandı, nə qədər vaxtdı işsizdir – hər biri haqqında məlumat verəcək. Statistika komitəsinin və Sosial müdafiə nazirliyinin 5%-lik saxta işsizlik hesabatına ehtiyac qalmayacaq.

7. Proqram təminatı hazır olduqdan sonra yenidən siyahıyaalma keçirilməsi, 10 milyonluq əhalinin bütün məlumatlarının toplanması və bütöv mexanizmin işə salınması zəruridir. Növbəti siyahalma zamanı çox kiçik məsrəflə məlumatların yenilənməsi prosesinə nəzarət etmək lazım olacaq. Sonra bütün dünya azərbaycanlıların siyahalınmasını apararaq böyük məlumat bazasının yaradılması zəruridir. Genologiya elminin ölkədə qurulması, bir neçə gen laboratoriyası yaradaraq bütün vətəndaşların gen bilgiləri, genetik və irsi xəstəlik, barmaq və sifət izlərinin də Böyük məlumat bazasına daxil edilməsi zəruridir.

Əlbəttə, bu tədbirlərin həyata keçirilməsinə müəyyən kapital qoyuluşu tələb olunacaq, elmi araşdırmalar lazım olacaq, amma yalnız bu məlumatların istifadəsindən qat-qat çox səmərə götürmək mümkündür, dolayı müsbət və hətta böyük təsirləri isə ölkənin və millətin inkişafında bütün sahələri əhatə edəcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı