GÖYÇƏ MAHALININ ANIM GÜNÜ OLUB - Fotolar

15-10-2019 [14:00]
Oktyabrın 12-də Göyçə Mahal İcmasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində erməni vəhşiliyi ilə dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalan göyçəlilər itirilmiş yurd yerlərinin Anım Gününü qeyd ediblər.

Mia.az xəbər verir ki,  "Mənim Göyçə adlı bir həsrətim var” adlı tədbiri giriş sözü ilə açan mahal icmasının sədri Mürvət Yusifov çıxşında bildirib ki, rus imperiyasının erməni daşnaklarına verdikləri dəstək nəticəsində Göyçə mahalının yerli əhalisi bir neçə dəfə məskunlaşdıqları yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalıblar: "Göyçə təkcə xalqımızın saz-söz sənətinin beşiyi kimi tanınmır. Eyni zamanda 170 ilə yaxın bir zaman kəsiyində apardığı mübarizələrin nəticəsində tarixi torpaqlarımızda qalıb, burada yaşayıb-yaradıblar. Bizim babalarımız bu illər ərzində təkcə erməni ilə deyil, həmçinin onlara arxa-dayaq olan Rus imperiyası ilə də döyüşüb, mübarizə aparıblar. Amma bu dəfə arxa dayaqları möhkəm olub. 31 ildir ki, geri dönə bilmirik. Bunun nəhayət bir sonu olmalı, öz tarixi torpaqlarımıza sahib çıxmalı, işğaldan azad etməliyik.” 

Çıxış edənlərdən şair Eldar İsmayıl ermənilərin Göyçə mahalında və o cümlədən Qərbi Azərbaycanda törətdikləri faciələrdən, tarixi torpaqlarımızda baş vermiş hadisələrdən və proseslərdən söhbət açıb. Bu barədə yazdığı tarixi romanların əhəmiyyətini vurğulayaraq haqq səsimizin beynəlxalq arenaya çatdırılmasının vacibliyini bildiribdir.

Məruzəçilərdən tarixçi Qəhrəman Cəfərov isə Göyçə mahalı, İrəvan və digər mahallarla bağlı tarixə ekskursiya edərək, ermənilər tərəfindən təşkil olunmuş çoxsaylı terror təşkilatlarından və bu təşkilatların xalqımızın başına gətirdiyi çoxsaylı fəlakətlərdən söhbət açıb. 

Digər məruzəçilərdən professor Fərrux Rüstəmov, şairlərdən Aqşin Hacızadə, Səyyarə Məmmədli, jurnalist Qabil Zimistanoğlu, Aşıq Alı nəslinin nümayəndəsi Taleh Əlioğlu, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli, Qərib Həsənli, Taleh Abbas, Zəfər Zeynallı Göyçə mahalı ilə bağlı xatirələrini danışıb, erməni şövinizmi və vəhşiliyi ilə bağlı məqamlara toxunublar. 

O yerlərə həsr edilmiş şeirlər söyləyən məruzəçilərin hər biri yurd həsrəti ilə bağlı qəlbindən keçənləri dilə gətirib, iştirak edənlər arasında kövrək hisslərin aşılanmasına səbəb olub. 

Aşıq Bəhmənin sazda, Əziz Göyçəlinin isə balabanda özünəməxsus ifaları tədbirin axarına bir rəng qatıb. Ləman İsmayılovanın sazda ifası, Günay və Elay Vəlizadə bacılarının qiraətləri alqışlarla qarşılanıb. 

Tədbirdə çıxış edənlərin hər biri nitqində tezliklə yurd yerlərinə geri qayıtmaq arzusunu səsləndirib.





SON XƏBƏRLƏR