Bakıda zirehli maşında gəzən Kənan Davudzadə kimdir? - Açıqlamalar + FOTO

img

09-10-2019 [13:35]


Bakıda zirehli avtomobillə gəzən yeni "avtoş" peyda olub.

Ötən həftə həmin 90-TS-770 dövlət qeydiyyat nişanlı zirehli avtomobil Heydər Əliyev prospektində qəza vəziyyəti yaradıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin avtomobili idarə edən Kənan Davudzadə adlı şəxsdir. Onun idarə etdiyi avtomobilin qabaq hissəsində yerləşən dövlət qeydiyyat nişanı isə tam olaraq görünmür. Belə ki, dövlət qeydiyyat nişanı alt hissəyə yerləşdirilib.

Ekspertlər bildirir ki, belə avtomobillər çox iri olduğu üçün paytaxt küçələrində təhlükə saçır, yəni onlar digər sürücülər üçün qəza vəziyyəti yaradır.

K.Davudzadə sosial şəbəkədə idarə etdiyi bu cür avtomobillərin bir çox fotolarını da paylaşıb. Hətta şərh bölməsində zirehli texnikanın "əsl şəhər maşını” olduğunu da qeyd edib.


Məsələ ilə bağlı "Report”a açıqlama verən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol polisi əməkdaşları K.Davudzadəni saxlayandan sonra geri çəkilirlər: "Azərbaycanın atributları olan nömrənin, bir detalın sadəcə üzüaşağı vurulmasının nə demək olduğunu anlamıram. Həmin sürücünü saxlayan yol polisi əməkdaşları ondan sanki qorxurlar. Sürücü həmin vaxt kameranı işə salır və polis əməkdaşları da geri addım atıb, onu yola verirlər. Doğurdanmı yol polisi sistemində bir savadlı inspektor yoxdurmu ki, çıxıb Kənan Davudzadənin qanun pozduğunu sübut eləsin? Mən indiyə qədər dəmir "bufer”li "Nissan Patrol” markalı avtomobil görməmişəm. Heç "Nissan” şirkətinin belə maşın istehsal etdiyini də görməmişəm. Bu, əlavə avadanlıqdır, konstruksiya dəyişikliyidir. Bildiyim qədəri ilə də yol polisində həmin avtomobilin bu vəziyyətdə sürülməsi qeydiyyata alınmayıb. Bu avtomobil "offroad” tipli nəqliyyat vasitəsi kimi qeydiyyata alınsaydı, onların mütəmadi olaraq şəhərdə sürülməsi nəzərdə tutulmur”.

E.Muradlı deyib ki, dəmir zirehli avtomobillər sırf dağ-dərə, yarış üçün nəzərdə tutulur: "Lakin bu şəxs göründüyü kimi, paytaxt küçələrində həmin avtomobili idarə edir. Kənan Davudzadə sürücü kimi digərlərinə qayda-qanun dərsi keçməyə çalışır. Amma özünün isə belə kobud hərəkətlər etməsi anlaşılan deyil. Avtomobillərdə dəmir "bufer”lər plastikə baxanda çox təhlükəlidir. Məsələn belə avtomobillər qəza zamanı piyadanı vurarsa, dəmir onu kəsib doğraya bilər, plastik isə bir o qədər də təhlükəli deyil, insana az xəsarət yetirir. Dəmir "bufer”in avtomobilə yerləşdirilməsinin hansı funksiyanın yerinə yetirməsi də məlum deyil”.

Onun sözlərinə görə, Kənan Davudzadənin idarə etdiyi zirehli avtomobillə bağlı ciddi araşdırma aparılmalıdır: "Polis əməkdaşları həmin sürücünü saxlayıb, yoxlamalıdır, onun hansı qayda pozuntusu etməsini də sübut etmək lazımdır. Belə olmaz axı, çıxıb qayda-qanundan danışır, özü isə həmin qaydanı kobud şəkildə pozur. Bu da başqalarına pis nümunə olur. Başqa şəxslər də fikirləşir ki, "əlimizə bir kamera alaq, düşək şəhərin küçələrinə, yol polisi də bizi saxlamayacaq”. Necə ki, hazırda yol polisi əməkdaşları Kənanı saxlamırlar, onu görəndə uzaqlaşırlar. Yol polisi əməkdaşları ondan qorxmurlar, sadəcə kameraya düşmək istəmirlər. Hətta bir neçə inspektor Kənanı görəndə qaçıb gizlənir. Mənim bildiyimə görə, Kənan Davudzadə qayda pozduğu üçün ona cərimə də yazılıb. Yol polisi əməkdaşları ona qayda pozuntusu törətdiyini sübut da ediblər. Lakin Kənan həmin videogörüntünü sosial şəbəkədə yaymayıb. Nədənsə o, özünə sərf edən videogörüntüləri yayır”.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev "Report"a bildirib ki, faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR