SOCAR-ın "Məişət Maye Qaz" QSC-si: rəsmi və qeyri-rəsmi qaz satışının görünməyən tərəfləri...

img

06-10-2019 [15:07]


Ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahibləri çıxılmaz vəziyyətlə üzləşiblər.

Bu barədə Mia.az-a məlumat verən sahibkarlardan biri deyib ki, buna səbəb "Məişət Maye Qaz" QSC-nin rəhbərliyi və bu qurumun rəhbəriyinə bağlı olan, faktiki QSC ilə "zapravka"lar arasında "körpü" rolunu oynayan firmalarıdır.

Sahibkar deyir ki, son aylar "Məişət Maye Qaz" QSC-nin rəhbərliyi lap əndazəni aşan "oyunlar" oynayırlar: "Baxın, əvvəllər bu QSC və onun "zapravka"lar arasında "körpü" rolunu oynayan firmaları maye qazın hər litrinə 10 qəpik "şapka" alırdılar. Sonra "şapka" guya ləğv olundu. Daha dəqiqi, bunun əvəzinə, daha "orjinal üsul" tətbiq etməyə başlayıblar. Belə ki, əvvəlcə qanuni fəaliyyət göstərən, yəni QSC-nin qanunsuz tələblərinə boyun əyməyən "zapravka" sahiblərinə qaz satışı müxtəlif bəhanələrlə dayandırılır. Daha sonra isə öz "metodlar"ını işə salaraq, öz "şərtləri" ilə həm rahat pul qazanırlar, həm də hamını məcburi qanunsuzluğa sürükləyirlər. 

Sual oluna bilər, necə? 

Mexanizm belədir: qazı QSC rəhbərliyinə, yaxud SOCAR-ın vəzifəli şəxslərinə bağlı olan "vasitəçi firmalar"ın adına rəsmiləşdirib, daha sonra "zapravka"lara əsasən "levi", yəni sənədsiz satmağa başlayıblar. Ona görə də, indi QSC-dən rəsmi formada qaz almaq müşkil məsələyə çevrilib. Həmin an səni "vasitəçi firma"ya yönəldirlər. Onlar da 50 qəpiyə olan qazı "zapravka"lara 65 qəpiyə satırlar. Nəticə etibarı ilə hazırda qanuni formada işləyən "zapravka"larda qaz satışı ciddi azalıb. Bəzən heç həftələrlə qaz olmur. Çünki qaz ala bilmirik. Bizə 50 qəpikdən qaz verilmirlər. Bu süni maneyə haqqında isə QSC rəhbərliyinə müraciət etməyin mənası da yoxdur. Çünki onlar sahibkarları nəinki dinləyir, ümumiyyətlə, heç yaxına  buraxmırlar".

Sahiblkar "vasitəçi firmalar" haqqındakı suala cavabda deyib ki, belələrindən  biri "Şükran" firmasıdır: "Bu firma yaxın günlərə qədər Muğan zonasında QSC-nin topdansatış funksiyasını yerinə yetirib. Maraqlı budur ki, "Şükran" hansı neftlə zəngin rayon varsa, orada müxtəlif biznes layihələri həyata keçirir. Məsələn, neft rayonu Siyəzəndə kəndli-fermer təsərrüfatı kimi fəaliyyət göstərir və s. Sözüm budur ki, QSC və SOCAR-ın rəhbərliyinə bağlı olan və "zapravka"lar arasında guya topdan satışı həyata keçirən başqa firmalar da var. Və bunların vasitəsi ilə QSC rəhbərliyi öz "oyunu"nu çox rahat və qorxusuz oynayır. 

Əslində, belə firmaları qabağa verməklə, QSC rəhbərliyi özlərini maliyyə və digər fırıldaqçı əməliyyatlarından guya sığortalayırlar".

Sahibkar deyir ki, "Məişət Maye Qaz" QSC ilə bu sahədəki "vasitəçi firmalar"ın əməlləri təkcə bununla bitmir. Onlar sahibkarları başqa "yöndən"də "yükləyrlər".

Belə ki, QSC, yaxud "monopolist firma"dan qaz alan zaman əlavə "şərtlər" də meydana çıxır: "Diqqət edin, əgər hansısa bir "zapravka" sahibi 5 maşın qaz almaq istəyirsə, ona sənəd üzərində mütləq əlavə bir maşın "yüklənəcək". Yəni 5 maşının əvəzinə, həmin sahibkarın adına 6 maşın qaz satışı sənədləşdirilir. Faktiki isə 5 maşın qazı alırsan. Bu halda, sən 5 maşın qazın əvəzinə, 6 maşının vergi xərcini də ödəməli olursan...". 

Yeri gəlmişkən, qeyd edək ki, bu ilin avqust ayında Şirvanda fəaliyyət göstərən sahibkar Qurbanxan Dəmirov da "Məişət Maye Qaz” QSC tərəfindən üzləşdiyi problemlərdən şikayətlənmişdi. 

Həmin vaxt Mia.az vasitəsi ilə ölkə prezidentinə video-müraciət ünvanlayan sahibkar İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidməti tərəfindən adıçəkilən QSC-də yoxlama aparıldığını bildirərək, qeyd edirdi ki, yoxlama zamanı üzə çıxan faktlara görə, "Məişət Maye Qaz" QSC 9 (doqquz) milyon manat məbləğində cərimə olunub: "Lakin buna  baxmayaraq,  maye qaz satışındakı süni qiymət artımı, istehlakçı hüquqlarının pozulması və digər korrupsiya faktları hələ də hökm sürməkdədir".

O, Elşən Salmanov adlı QSC rəsmisinin özbaşınalığından da artıq cana doyduqlarını deyirdi...

Maraqlı budur ki, həmin video-müraciət Mia.az-da yayımlandıqdan az sonra sahibkar yutub-a yerləşdirdiyi çıxışını hansısa səbəbdən silib.

Yazıda adı hallanan şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR