Vilayət Eyvazov yeni vəzifələrə təyin olunan polisləri qəbul etdi - FOTO

img

19-09-2019 [19:15]


Sentyabrın 19-da Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasını bitirmiş, Nəqliyyatda Baş Polis İdarəsində, Sumqayıt Şəhər və Abşeron Rayon Polis idarələrində sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların həmin orqanlarda vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

DİN-dən Mia.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb.

Belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımların atıldığını deyən nazir hazırki tədbirin də göstərilən sahədə həyata keçirirlən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirənlərin artıq 47-nin təyinatının həyata keçirildiyini xatırladıb, eyni məqsədlə növbəti dəfə Nazirliyə 10 məzunun dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib.

Daha sonra iddiaçılar orta rəis heyətinə aid vakant olan vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar Daxili İşlər nazirinin müvafiq əmrləri ilə "polis leytenantı" xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.

Tədbirə yekun vuran general-polkovnik Vilayət Eyvazov gənc əməkdaşları təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarının sirlərinə bələd olmalarını və həmişə vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR