1 hakim azad edildi, 6 hakim cəzalandırıldı, bir neçəsi... - Məhkəmə hakimləri haqda sərt qərarlar

18-09-2019 [15:49]
Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. 

Mia.az MHŞ-yə istinadla xəbər verir ki, iclasda Şura tərəfindən hakimlər barədə başlanılan intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib. 

O cümlədən, Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

Ciddi nöqsanlara yol verən bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.

Bundan başqa, iclasda iyul ayının 25-dən Hakimlərin Seçki Komitəsi tərəfindən növbəti müsabiqə elan olunduğu qeyd edilib.

İclasda hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Komitənin məlumatı dinlənilib. 

Qeyd olunub ki, sənədlərini təqdim edən 206 nəfər hakimliyə namizədlə sentyabrın 15-də Dövlət İmtahan Mərkəzində test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb və 158 nəfər müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılıb. Hər bir namizədin nəticələri ona dərhal elan olunub və müvafiq arayış təqdim edilib. İmtahan "on-line” rejimində internetlə birbaşa yayımlanıb, yerli vətəndaş cəmiyyəti və beynəlxalq təşkilat nümayəndələri tərəfindən izlənilərək şəffaf prosedur kimi yüksək dəyərləndirib.

İclasda müsabiqənin növbəti mərhələləri ilə bağlı təşkilati məsələlərə toxunulub, sənəd qəbulunun bundan sonra da davam edəcəyi vurğulanıb. İmtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi qeyd olunub.


SON XƏBƏRLƏR