Həbsdəki iş adamı sahibkarların əmlakını banka necə girov qoyub? - "Yasmin"dəki obyekt sahibləri fəryad edir

24-08-2019 [11:24]
Xeyli müddətdir ölkə mətbuatı "Mars-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi "Yasmin” biznes mərkəzi haqqında müxtəlif səpkili məlumatlar yayır. 

Məlumata görə, "Yasmin"in direktoru Mərhəmət Bəşirovun "Xalqbank”la həyata keçirdiyi kredit əməliyyatları səbəbindən onlarla qanuni obyekt sahibi olan iş adamları məhkəmə qapılarında qalıblar.

Mia.az xəbər verir ki, bir qrup iş adamı Araz.az-a bu barədə açıqlama veriblər. Onlar, eyni zamanda, Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edərək, kömək istəyiblər.
 
Sahibkarlar şikayət xarakterli bu müraciətlərində "Mars-M" və "Xalqbank" rəhbərlərinin onların əmlak hüquqlarını kobud şəkildə pozduqlarını xüsusi vurğulayırlar. 

Qeyd edirlər ki, onlar "Yasmin” biznes mərkəzində sahibkarlıq fəaliyyəti aparmaq məqsədi ilə qeyri-yaşayış sahələri alıblar. Bunun üçün külli miqdarda pul ödəyiblər. Buna baxmayaraq, aldıqları yeni tikilini "Xalqbank" əllərindən almaqda israrlıdır. Bu qanunsuzluqların acı nəticəsidir ki, onların da ümidləri, gələcəyə dair planları tamamilə puça çıxıb. Konkret desək, bir ətək pul töküb, bu ticarət mərkəzində obyekt alanlara ancaq sonradan məlum olub ki, bu şirkətin sahibi də, onların adına rəsmiləşdirilən obyektləri həmin banka uduzub. Yəni, 22 nəfər iş adamının üstündə 17 milyon dollarlıq "qumar" oynanılıb. 

Başqa sözlə ifadə edilsə, bank bu adama obyektlərin sənədlərini tam araşdırmadan iki dəfəyə bu qədər kredit verməklə, xeyli sahibkarın əmlakının da girov kimi rəsmiləşdirilməsinə göz yumub. Ki, bu da hazırda əmlakları haqsız məhkəmə predmetinə çevrilən sahibkarların kəskin etirazına səbəb olub.

Aldadılan bu iş adamlarının sözlərinə görə, hələ ticarət mərkəzinin istismarından öncə, yəni, Fövqəladə Hallar Naziriliyi binanın təhvil-təslim aktını verməmişdən əvvəl "Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov onlarla alqı-satqı müqavilələri bağlayıb və bunun əsasında həmin qeyri-yaşayış sahələrini onlara satıb. Bu müqavilələr notarial qaydada təsdiqini tapıb da. Hətta alıcılara bu barədə maliyyə arayışları da verilib. Lakin...

Əlləri yerdən-göydən üzülən həmin iş adamlarının, son ümid yeri olaraq, ölkə başçısına ünvanladıqları müraciətlərində də, Mərhəmət Bəşirovun qanunsuz əməlləri barədə ətraflı məlumat verilir. 

Afət Ağazadənin, Sahib Quliyevin, Azər Mahmudovun, Akif Mahmudovun, Fuad Ramazanovun, Natəvan Bağırovanın, Əliağa Məmmədovun, Anar Hüseynovun, Zülfüqar Kazımovun, Yalçın
Məlikovun, Adil Məmmədovun, Ədalət Zamanovun, Vüqar Həsənovun, Elçin Əliyevin, Qalıb Məmmədovun imzaladıları həmin açıq məktubda, müraciət müəllifləri "Mars-M” firmasının və "Xalq Bank” ASC-nin fırıldağının qurbanı olduqlarını deyirlər. 

Bildirirlər ki, onlar 2009-cu ildə "Mars-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi "Yasmin” biznes mərkəzində sahibkarlıq fəaliyyəti aparmaq məqsədi ilə qeyri-yaşayış sahələri alıblar. Sonra onlara məlum olub ki, "Mars-M” şirkətinin "Xalq Bank”a borcu olduğu üçün, bank bunun qarşılığında sahibkarların obyektlərinə "əl qoyub”.

Həmin məktubun tam mətnini oxucularımıza təqdim edirik:

"Cənab Prezident!

Sizə hazırkı müraciətimiz bizə qarşı edilmiş qanunsuzluqla bağlıdır. Bu qanunsuzluq nəticəsində həm əmlakımızdan məhrum olmuşuq, həm də əmlakımıza xərclədiyimiz pullardan. Ümid edirik ki, bizə qarşı edilmiş qanunsuzluğun araşdırılmasını nəzarətə götürərək, onlarla vətəndaşın haqqının pozulmasına, əmlakının qanunsuz ələ keçirilməsinə imkan verməyəcəksiniz.

Bizi bizləşdirən hal ondan ibarətdir ki, hər birimiz "Mars-M” firmasından (VÖEN 1500418111) həmin firmanın Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi zirzəmi və 5 mərtəbədən ibarət qeyri-yaşayış binasından, daha çox 2009-cu il tarixdə olmaqla, 2009-2013-cü illərdə müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin milyonlarla qiymətləndirilən dəyərini tam ödəməklə almışıq. Bir çoxumuz həmin qeyri-yaşayış sahələrini, külli miqdarda pul xərcləyərək təmir etdirmişik və öz fəaliyyətimizlə bağlı təyinatına uyğun istifadə etmişik. 

Lakin təəssüf ki, "Mars-M” firmasının və "Xalq Bank” ASC-nin bəzi vəzifəli şəxslərinin çirkin niyyətlə qurduqları və icra etdikləri plan nəticəsində hazırda əmlakımızdan məhrum olmuşuq. Əmlakı faktiki olaraq ələ keçirmiş "Xalq Bank” ASC binaya mühafizə yerləşdirməklə, bizim sahələrimizə girişimizə, qanuni əsaslarla aldığımız əmlakımızdan təyinatına uyğun istifadə etməyimizə mane olmaqla yanaşı, illər əvvəl "Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan məhkəmə mərhələsində əmlakımızı ələ keçirməsini leqallaşdırmaqla məşğuldur.

Onlarla vətəndaşın milyonlarla dəyərində olan əmlakından məhrum olmasına görə isə, yalnız bir nəfər – "Mars-M” firmasının təsisçisi Mərhəmət Bəşirov cinayət məsuliyyətinə cəlb edilməklə, guya qanunsuzluğa hüquqi qiymət verildi və qanunsuzluğu etmiş şəxs məsuliyyətə cəlb olundu görüntüsü yaradıldı. Bu da "Xalq Bank” ASC-nin qurduğu oyunun bir hissəsidir: cinayət işi məhz onun müraciəti əsasında başlanılıb və qanunsuzluğun bir tərəfi olmasına baxmayaraq, özünü zərərçəkmiş şəxs (?!) qismində tanıda bilib. Əslində, həm qanunsuzluğa düzgün hüquqi qiymət verilməyib, həm də bu qanunsuzluğu etmiş "Mars-M” firmasının digər vəzifəli şəxsləri, o cümlədən "Xalq Bank” ASC-nin aidiyyəti vəzifəli şəxsləri məsuliyyətdən tamamilə kənarda qalıblar.

Cənab Prezident!

Biz vicdanlı, qanunlara riayət edən, halallıqla öz işini icra edən, fəaliyyəti ilə cəmiyyətimizə, dövlətimizə faydalı olmağa çalışan sadə vətəndaşlarıq. İllərlə qazandıqlarımızla qeyri-yaşayış sahəsi alaraq, böyük ümidlərlə ailəmizi, cəmiyyətimizi, dövlətimizi daha da inkişaf etdirən yeni planlar qurmuşduq. Lakin bir qrup pis niyyətli insanın vicdansız, qanunsuz əməli nəticəsində bu ümidlərimiz, gələcəyə dair olan planlarımız tamamilə dağıldı. Onlarla insan və bu insanlarla bağlı olan yüzlərlə ətrafı maddi zərərə və mənəvi əzaba düçar oldu. 

Ancaq biz inanırıq ki, Prezidentimiz və Mehriban xanımımız bizi həmin vicdansızların vicdanına buraxmayacaq, vətəndaşının haqqını ona geri qaytaracaq. Biz buna əminik!

Göstərilənləri nəzərə alaraq, qeyd olunan məsələnin araşdırılmasını təcili olaraq nəzarətə götürməyinizi, əmlaklarımızın bizə geri qaytarılmasında köməklik etməyinizi və bu məsələ ilə əlaqədar bizi qəbul etməyinizi xahiş edirik”.

Xatırladaq ki, bir vaxtlar Texniki Universitetin prorektoru vəzifəsində işləmiş Bəşir Bəşirovun oğlu olan Mərhəmət Bəşirov "Mars-M” firmasının rəhbəri kimi, sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) maddəsi üzrə ittiham edilib. İş üzrə "Yasmin" ticarət mərkəzində özlərinə obyekt alan həmin 22 nəfər zərərçəkən şəxs qismində tanınıb. Cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, işinin materialları baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib və hakim Hüseyn Səfərovun icraatına verilib. Törətdiyi külli miqdarda mənimsəmə fakına görə, o, hal-hazırda həbsdədir.

Digər maraqlı məqam budur ki, aldadılan sahibkarlar, yəni "Jasmin"dən obyekt alanlara 10 ildən sonra məlum olub ki, şirkətin sahibi onların adına rəsmiləşdirdiyi obyektləri də həmin banka uduzub. 

Yəni, "Mars-M”-in "Xalq Bank”-a külli miqdarda borcu olduğu üçün, bank bunun qarşılığında həmin sahibkarların dəyərləri milyonlarla ölçülən halal obyektlərinə də "əl qoyub”. Bütün bunlardan "Mars-M” şirkəti tərəfindən, "Yasmin” biznes mərkəzinin banka girov qoyulmasından xəbəri olmayan obyekt sahibləri, sahibkar Yalçın Məlikovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ala bilməməsinə görə, İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməsindən sonra xəbər tutublar. 

Jurnalist araşdırmalarımızdan məlum olub ki, maxinasiya pərdəli bu ciddi məsələnin gizli çox məqamları var. Çünki ümumi sahəsi 20800 kvadratmetr olan 8 mərtəbəli (Əslində, qabaqcadan təsdiqlənmiş inşaat layihəsində biznes mərkəzinin binasının 5 mərtəbəli olacağı göstərilib - red.) bu tikilinin, həmin 22 nəfərin obyektləri yerləşən 16000 kvadratmetr sahəsi banka girov kimi qoyulmayıb və girov predmeti ola da bilməz: 2008-2009-cu illərdə ayrı-ayrı şəxslərə satılmış bu obyektləri, 2013 və 2015-ci illərdə bankın girov kimi qəbul etməsinə mövcud qanun və qaydalar da icazə vermir. 

Həm də ticarət mərkəzinin istismarından xeyli əvvəl, "Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov həmin iş adamları ilə alqı-satqı müqavilələri bağlayıb və bunun əsasında həmin qeyri-yaşayış sahələrini rəsmən onlara satıb. Üstəlik, bu müqavilələr notarial qaydada təsdiqini tapıb, hətta alıcılara bu barədə maliyyə arayışları da verilib. 

Bir də ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təhvil-təslim edilməyən, istismara yararlılığı təsdiq olunmayan bir binanın hansısa bankda girov kimi qəbul edilməsi daha bir kobud qanun pozuntusudur. Bütün bunlar bir yana, 2013-cü ildə "Xalq Bank"a müraciət edərək, 10 milyon manat məbləğində kredit əldə edən və onu qaytara bilməyən Mərhəmət Bəşirova, 2015-ci ildə bu bankın təkrar 17 milyon dollarlıq kredit ayırması da, şübhəli çox məqamlardan xəbər verir. 

Sual olunur: niyə?

Sahibkarlar onu da bildirirlər ki, "Yasmin" biznes mərkəzi ətrafında 3 il öncədən başlanan məhkəmə çəkişmələri indiyədək davam etsə də, sahibkarlar öz obyektlərində böyük məbləğdə pul vəsaiti hesabına yüksək səviyyədə təmir işləri aparıb, ofislərini bahalı mebel və digər əşyalarla təmin ediblər. Bütün bunlara, hətta şikayətçilərdən birinin - Afət Ağazadənin 5 aprel 2017-ci il tarixdə "Xalq Bank" və "Mars-M” şirkəti arasındakı məhkəmədə üçüncü şəxs qismində mülkiyyət hüququnun tanınmasına baxmayaraq, həmin 22 nəfərin yeni tikilidən aldıqları obyektlərinə "Xalq Bank"-ın rəhbər şəxsləri iddialıdırlar. 

Başqa sözlə desək, "Xalq Bank" "Yasmin” biznes mərkəzini hərracda satıb, satışdan əldə edilən pulu "Mars-M” şirkətinin banka yaranmış borcunun ödənilməsinə yönəltmək israrında qərarlıdır. Sahibkarların ziyanını kimin ödəyəcəyi isə, məlum deyil...



SON XƏBƏRLƏR