Kartsız ödəmə, zülm çəkən paytaxt sakinləri... - BNA 133 saylı marşrutun sahibi ilə bacarmır?

19-08-2019 [23:59]
"Dövlət büdcəsinə 100 milyon dollara başa gəlmiş Nəqliyyatın İntelektual İdarə Sistemi işləmir. Avtobusların hərəkət saatları barədə tablolarda məlumat yoxdur, çünki maketləri qalıb".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Elçin Rüstəmli deyib.

O bildirib ki, bundan başqa ictimai nəqliyyat da bərbad gündədir, bir çox marşrutlar ənənəvi qaydada işləyir: "Bu gün Gənclik - Binəqədi marşrutu üzrə işləyən 133 saylı avtobusa minmişdim. Avtobus 30-40 dəqiqədən bir işləyir, kart sistemi yoxdur, dəhşətli basrıq yaranır, nəfəs almaq mümkün deyil. Bilirsizmi niyə, çünki marşrutun sahibi yekə adamdır, kart sisteminə keçməyə imkan vermir. Nəticədə əziyyəti sadə insanlar çəkir, onlar da yaxşıca qazanırlar. Bakı Nəqliyyat Agentliyi ya bu işə şərikdir, ya da gücü çatmır, kənardan baxmağa məcburdur.

Amma Agentlik bu işləri sahmana salmaq əvəzinə gəlirli işin qulpundan yapışıb: kameralar və əməkdaşları vasitəsi ilə ucdantutma bütün sürücüləri cərimələyir. Bu işdən milyonlarla gəlir əldə edilir. Əhali isə bir qrup mafiozun əlində əsir-yesir qalıb. Paytaxtın nəqliyyat sisteminin abıra salınması üçün büdcədən xərcələnən yüzmilyonların taleyi qaranlıq qalır. Çox yaxşı olar, BNA, Mais Ağayev bu barədə bir açıqlama versinlər".

BNA-nın sözçüsü isə jurnalistə belə cavab verib: "Elçin bəy, Nəqliyyatın İntelektual İdarəetmə Sistemi BNA-ya qədər yaradılıb və bu sistemin bizə hansı durumda miras qalması barədə dəfələrlə açıqlama vermişik. 

Hazırda bu sistemin dayanıqlı proqram təminatı ilə vətəndaşlara xidmət göstərməsi üçün mühüm işlər görülür. Yaxın bir neçə ayda bunun nəticəsini də görəcəksiz. 

133 nömrəli xəttə gəlincə, biləsiz qoyulan tələblərə cavab verməyən istənilən daşıyıcı marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyi bu işdə şərikdi, nə bilim gücü çatmır kimi, ifadələr mənasızdır. 

Gündəlik olaraq avtobuslarla iki milyon yarım insan daşınır. Bu sistemdə yenilil etmək bir qədər ağır prosesdir. İş gedə gedə dəyişiklər edilir. İnşallah yeni avtobuslar xəttə buraxılandan sonra bu kimi çətinliklər də olmayacaq. 

Kart sisteminə keçidə gəlincə, bu da yaxın aylarda ən geci noyabrda reallaşacaq".

MİA.AZ


SON XƏBƏRLƏR