"Əgər asfaltı dağıdıb boru çəkirsə..." - İcra Hakimiyyəti "Azərsu"nu ittiham edir, ASC isə susur

img

11-08-2019 [18:04]


İki ildən çoxdur ki, Xırdalan şəhərinin küçələri xarabalığı xatırladır. Bura şəhər statusu verilsə də, hələ də yolları ən ucqar kənd yollarından fərqlənmir. 

Sakinlər yayda toz-torpaq, qışda isə dizə qədər çıxan palçıqdan əziyyət çəkirlər. Bir sözlə, xırdalanlıların işi lap dalana dirənib, problemin qaynağı isə şəhərdə bitib-tükənməyən qazıntılardır, bu qazıntılar su-kanalizasiya xətlərinin çəkilməsi üçün aparılır.

Mia.az xəbər verir ki, bu şikayətlə virtualaz.org saytının redaksiyasına Xırdalanda yaşayan sakinlər müraciət ediblər.

 Onlar deyirlər ki, iki il əvvəl "Azərsu" ASC su və kanalizasiya xətləri çəkmək üçün asfalt yolları qazmağa başladı. O vaxtdan da Xırdalan küçələri müharibə meydanını xatırladır.

"İki il əvvəl asfalt yolları qazdılar, boruları dəyişdilər. Sonra isə yolu yenidən asfaltlamaq yaddan çıxdı. Sakinlər iki ilə yaxındır ki, çirkab və toz-torpaqdan əziyyət çəkirlər. Bəzi ərazilərdə yollar tanənmaz hala düşüb, şəhər ucqar dağ kəndini xatırladır. Tezliklə isə məktəb başlayacaq və uşaqlar ağ rəngli məktəb formasında çirkab və gölməçələrdən keçərək məktəbə gedəcəklər", - sakinlərin şikayətində deyilir. 

Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Məlum oldu ki, problem icra hakimiyyətini də narahat edir, amma... 

"Xırdalanda iki ildir ki, yollar qazılıb, "Azərsu" kanalizasiya boruları çəkir və hazırda da bu proses davam edir. Onlara həmin layihə ilə bağlı lazım olan vəsait ayrılıb və "Azərsu" ASC yolların asfaltını dağıdıb boru çəkirsə, sonra asfaltı bərpa etməlidir. Əgər asfalt yoldursa, işlərini bitirəndən sonra ora asfalt vurmalıdır, yox əgər qırma daşdırsa, qırma daş tökməlidir. Yolu bu qurum təmir etməlidir", - icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Fariz Əliyev açıqlamasında bildirdi. 

Problemlə bağlı "Azərsu" ASC-yə də müraciət etsək də, cavab ala bilmədik. 

Qeyd edək ki, Xırdalan şəhərinin su-kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması işləri 2017-ci ilin iyul ayında başlanıb. Bu işi "Azərsu" ASC-nin sifarişi ilə podratçı təşkilatlar həyata keçirir. Layihənin 2019-cu ilin iyul ayında bitəcəyi gözlənilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq