"Səsimi yazmırsınız ki..." - SOCAR-ın idarə rəisi jurnalisti niyə təhqir etdi?

img

08-08-2019 [18:33]


AFN.az saytının redaktoru Həbibə Abdulla SOCAR-ın prezidenti Rövnəq Abdullayevə "AÇIQ MƏKTUB" yazıb.

Mia.az onun sosial şəbəkədəki səhifəsində paylaşdığı həmin müraciətini təqdim edir:

***

Hörmətli Rövnəq müəllim! 

Yazıb diqqətinizə çatdırıram ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev özümün və çalışdığım "Azerbaijan Favorite News" (AFN) saytının ünvanına təhqir səsləndirib. Belə ki, 07.08.2019-cu il tarixində redaksiyamıza V.Əliyev və oğlu Orxan Əliyevlə bağlı prokurorluq orqanlarına şikayət edən bir qrup şəxs tərəfindən müraciət daxil olub. 

08.08.2019-cu il tarixində müraciətdə səsləndirilən fikirlərə münasibət öyrənmək üçün V.Əliyevə telefon açmışam. Öncə məni nömrəsini hardan almağımla bağlı sorğu-suala çəkən idarə rəisinə jurnalist üçün vəzifə sahibi olan istənilən şəxsin nömrəsini tapmağın problem olmadığını dedim. 

Daha sonra o, səsini yazıb-yazmadığımı soruşdu, diqqətinə çatdırdım ki, özündən icazə almadığım üçün səsini yazmıram. Bundan sonra isə V.Əliyev çalışdığım saytın "reket" olmasına eyham vuraraq, saytın rəhbərliyinin və yazı müəllifinin ünvanına böhtan, təhqir dolu fikirlər səsləndirdi. 

Təhqirə keçməməsini xahiş etsəm də, idarə rəisi "şərəfsizlik etmisiz, tərbiyəsizsiniz" və s. bu kimi etik baxımdan düzgün olmaz deyə yaza bilmədiyim ifadələrlə təhqirlərini davam etdirdi. Bizi özünün şərəf və ləyaqətini alçaltmaqda ittiham edən V.Əliyev özü təhqiramiz ifadələri dönə-dönə işlətməkdən çəkinmədi. Halbuki biz onun haqqında bir qrup şikayətçinin səsləndirdiyi fikirləri yazmışıq və orada heç bir təhqirdən, şərəf və ləyaqəti alçaltmaqdan söhbət belə gedə bilməz.

 Görünən odur ki, V.Əliyev şərəf və ləyaqətin anlayışını çox yanlış dəyərləndirir. Belə olmasaydı o, qarşı tərəf kimi mövqeyini almaq istəyən jurnalistin ünvanına təhqirlər yağdırmazdı. Həmçinin, idarə rəisinin ölkə qanunlarını və İT imkanlarını ya bilmədiyi, ya da hansısa səbəblərdən əhəmiyyət vermədiyi açıq-aydın özünü büruzə verir. Əgər V.Əliyev bizim iddiamız olarsa onun səs yazısının mobil operatorlardan alınaraq məhkəməyə təqdim olunacağını bilirsə və buna baxmayaraq, səsinin yazılmadığını dəqiqləşdirib sonra təhqirə əl atırsa, deməli, onun şəxsi keyfiyyətləri SOCAR kimi beynəlxalq nüfuza malik olan bir şirkətdə işləməyə imkan vermir. 

Əgər V.Əliyev bunlardan xəbərsizdirsə, o zaman yenə də onun tutduğu vəzifəyə uyğun kadr olmadığını deyə bilərik.

Hörmətli Rövnəq müəllim! 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin haqqında ölçü götürməyinizi xahiş edirəm.

Hörmətlə, Həbibə Abdulla, araşdırmaçı-jurnalist".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR