"Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri, həm də ondan ibarətdir ki..." - Ramiz Mehdiyev

img

05-08-2019 [12:21]


Son günlər Şah İsmayıl Xətai ilə bağlı aparılan müzakirələr, bu mövzuda mediada və sosial şəbəkələrdə qarşılıqlı ittihamlar, bir-birini aşağılamalar davam etməkdədir. 

Mia.az belə bir məqamda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin illər öncə yazdığı "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsini ixtisarla təqdim edir:

Müdrik əcdadlarımızdan miras qalmışüç şeyi sizə vəsiyyət edirəm:

- ana dilimizi

- vicdanımızı

- Vətənimizi.

Şah İsmayıl Xətai

Azərbaycanın, Azərbaycan xalqının, onun tarixi və mədəniyyətinin çoxəsrlik kökləri var. Buna baxmayaraq, bədxahlarımızın şüurunda Azərbaycan və onun tarixi haqqında hələ də yanlış təsəvvürlər yaranmaqdadır. Mənim fikrimcə, buna təəccüblənməyə dəyməz, çünki bunu uyduranlar anlamazlıq sindromu kompleksindən əziyyət çəkənlərdir. Bu sindrom onları elə vəziyyətə gətirib çıxarır ki, klinik müdaxilə olmasa, daimi hallüsinasiyalardan yaxa qurtarmaq mümkün deyildir.

İş elə gətirmişdir ki, tarixin dərk olunmasında siyasət müəyyənedici rol oynayır. Nəticədə biz tarixin anlaşılmasında siyasətin mahiyyətini təşkil edən məqamlardan çıxış etməyə məcburuq. Lakin biz siyasətdən kənar yaşaya bilmərik, çünki siyasət müasir dövrdə insanın həyat fəaliyyətinin bütün sahələrinə nüfuz etmişdir. Bu səbəbdən də biz öz tariximizə münasibətdə bəzən səhvlərə yol veririk: ya öz keçmişimizi inkar edirik, yaxud da gələcəyin artıq çoxdan başlanmasını görmədən yalnız keçmişlə yaşamaqda davam edirik.

***

Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşıyır. Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur. Eyni zamanda, Səfəvilər hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir. Bu müəlliflər orta əsrlərdə tərtib edilmiş şübhəli xarakterli bəzi mənbələrdən istifadə edir, həmin mənbələrin hansı dövrdə, nə vaxt və kim tərəfindən yazılmasının, onları yazanların hansı dünyagörüşünə xidmət etməsinin və hansı siyasi hərəkatın tərəfdarları olmasının mahiyyətinə dərindən varmırlar. Belə təsəvvür yaranır ki, sanki bu müəlliflər bəzi hallarda real mənbələrə əsaslanırlar, lakin elmilik prinsipinin nəzərə alınmaması onları səhv nəticələrə gətirib çıxarır.

Orta əsrlərdə və ən yeni tarixdə bəzi müəlliflər lap əvvəldən Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar. Bu müəlliflərin subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki məlumatların tənqidi şəkildə seçilməsi və sistemləşdirilməsinə etinasızlıq göstərir, nəticədə XV əsrin ikinci yarısının və XVI əsrin ilk rübünün tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar.

***

2012-ci il noyabrın 24-də "Zerkalo” qəzetində tarix elmləri doktoru Fərid Ələkbərlinin "Şah İsmayıl. Şair, qəhrəman, yoxsa təfriqəçi?” sərlövhəli məqaləsi dərc edilmişdir. Açığını deyim ki, bu müəllifin vətənpərvərliyi şübhə doğurmur. O, Azərbaycan tarixinə aid yeni mənbələrin axtarışı ilə fəal məşğul olan, bununla da bizim tarix və filologiya elmlərinə çox faydalı kömək göstərən alim kimi tanınır. Lakin onun "Şah İsmayıl...” məqaləsini uğurlu hesab etmək olmaz. Bu məqalədə düzgün müddəalarla yanaşı, yumşaq desək, ciddi nöqsanlar da vardır.

F.Ələkbərlinin fikrincə, Şah İsmayıl Azərbaycan tarixində ən mühüm və eyni zamanda, heç də birmənalı olmayan simalardandır. Müəllifin bu sözləri göstərir ki, o, Şah İsmayılın tərcümeyi-halında onun böyüklüyünü heçə endirə biləcək səhifələr axtarmağı qərara almışdır. Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər axtarmaq ona yalnız və yalnız qara yaxmaqla məşğul olanların dəyirmanına su tökməyə oxşayır.

Müəllifin başqa bir fikrinə nəzər salaq: Şah İsmayıl "Şirvanşahlar dövlətini görünməmiş qəddarlıqla məhv etmiş və Osmanlı imperiyası ilə uğursuz müharibəyə başlamış, bu müharibədə uduzaraq, Azərbaycanın az qala bütün ərazisini uzun müddətə itirmişdir”. Şah İsmayılın "müharibəyə başlaması” fikri ilə razılaşmaq çətindir. Bu, doğrudanmı belədir? Zənnimcə, burada ölçülüb-biçilmiş yanaşma prinsipi pozulmuşdur. XVI əsrin birinci rübündə regionda cərəyan edən siyasi proseslərin dərin, kompleks şəkildə təhlili tamam başqa mənzərə yaradır. Özü də iki imperiya arasında sülhün olması təkcə Şah İsmayıldan asılı deyildi.

***

Güntay Gəncalpın 2012-ci ildə Bakıda "Qanun” nəşriyyatında nəşr edilən "Səfəvilər” kitabı çoxlu suallar və etirazlar doğurur. 272 səhifəlik bu kitab ayrı-ayrı müəlliflər tərəfindən Səfəvilər sülaləsinin, o cümlədən İsmayıl Səfəvinin Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda mübarizədə tarixi rolunu və onların bioqrafiyası ilə bağlı məlumatları necə təhrif etməyə çalışdıqlarını göstərən bir nümunədir. Baxmayaraq ki, Şah İsmayıl tərəfindən yaradılmış dövlətin və Səfəvilərin fəaliyyətinə obyektiv xarakteristika verilən ciddi nəşrlər və əsərlər çoxdur.

Əslən Cənubi Azərbaycandan olan G.Gəncalp bu kitabı yazarkən İran, Türkiyə, Rusiya, Qərb və Azərbaycan müəlliflərinin külli miqdarda əsərlərindən mənbə kimi istifadə etmişdir. O, kitabın sonunda həmin müəlliflərin siyahısını vermişdir - 68 nəfərdir. Lakin buna baxmayaraq o, obyektiv ola bilməmiş, bəlkə də bunu istəməmişdir. Zənnimcə, G.Gəncalp istifadə etdiyi çoxsaylı tarixi məlumatlar arasında yaxşını pisdən seçə bilməmişdir. Buna görə də onun çıxardığı nəticələr görkəmli tarixçilərin - Yaxın və Orta Şərqin XV-XVI əsrlər tarixi sahəsində mütəxəssislərin elmi baxışlarına ziddir. Kitabda qeyri-dəqiqliklər, ziddiyyətlər, uydurmalar çoxdur, müəllif həqiqətə uyğun olmayan faktlara istinad edir. Belə təsəvvür yaranır ki, ona şəxsi taleyinin qarmaqarışıqlığı, eləcə də müasir İranda hökm sürən ictimai-siyasi, ideya-mənəvi şərait təsir göstərmişdir.

Məsələn, onun belə bir fikri nə dərəcədə əhəmiyyətlidir ki, Şah İsmayıl silah gücünə insanları öz etiqadından dönməyə və şiəliyi qəbul etməyə məcbur etmiş, eyni zamanda, sünnilərə aid nə varsa hamısını məhv etmişdir (s.139). Hərçənd, G.Gəncalp bu məsələdə tək deyildir. Hətta bu deyilənlər həqiqətə uyğun olsa belə, qızılbaşları bu addımı atmağa məcbur edən səbəbləri göstərmək lazımdır. Birləşmiş Azərbaycan dövlətinin olub-olmaması məsələsi həll edilirdi. Orta əsrlərdə müharibənin sərt qanunları vardı. Hər halda, görünür, müəllif öz qarşısına başqa məqsəd qoymuşdur. Yeri gəlmişkən, özü də bunu etiraf edir: "Bu kitab Səfəviyyətə qarşı bir etiraz manifestidir” (s.20). Elə bu tezisdən müəllifin məqsədinin nədən ibarət olması görünür.

***

Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətini yaratmış şəxsiyyətdir. Şah İsmayıl Səfəvinin şəxsiyyətindən söhbət düşəndə həmvətənlərimizin əksəriyyəti çox vaxt onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsədlərini açıqlamırlar. Lakin Şah İsmayılın böyük irsi qarşısında bu dəlillər çox sönükdür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir.

Bu qeyri-adi şəxsiyyətin dövlətçilik potensialını, dərin zəkasını və uzaqgörənliyini bir məqalədə açıb göstərmək mümkün deyildir. Ona görə də bu məqalə yalnız Şah İsmayılın siyasi portretini, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli sərkərdə və dövlət xadimi kimi fəaliyyətini ümumi cizgilərlə də olsa, göstərmək cəhdidir.

Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər. Deməliyik ki, Azərbaycan dövlətçiliyinin tarixinin çoxsaylı əlaqələri ilə birlikdə, habelə dövlətin inkişafının varisliyi mövqeyindən öyrənilməsi Azərbaycanın tarixi gerçəkliyinə dolğun baxış formalaşdırmağa, XVI əsrdə Ön Asiyada baş verən bütün hadisələrin anlaşılmasına daha geniş mövqedən yanaşmağa imkan verir.

Məlumdur ki, Şah İsmayıl ata xətti üzrə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən olan nüfuzlu Səfəvilər nəslinə mənsubdur. Bu nəslin banisi Şeyx Səfiəddin Ərdəbili XIII əsrdə "Səfəviyyə” sufi ordenini təsis etmiş, sonradan bu orden ciddi siyasi nüfuz qazanmışdır. Bu ordenin əvvəllər sünni olmuş nümayəndələri tədricən mötədil şiəlik məzhəbinə etiqad etməyə başlamışlar. Sonrakı dövrdə fasiləsiz siyasi mübarizənin gedişində bu məzhəb xeyli dərəcədə fanatizmə çevrilmişdir. Onu da demək lazımdır ki, bu orden yarandığı ilk vaxtlardan hakim yuxarı təbəqəyə münasibətdə müxalif mövqe tutmuşdur.

Şah İsmayıl ana tərəfdən Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi – onun qızı Aləmşah bəyimin oğlu idi. Uzun Həsən özü Trabzon imperatoru yunan IV İohann Komninin qızı Teodora (Dəspinə) ilə evlənmişdi.

Sülalə nikahları əsrlər boyu sülhün və dostluğun möhkəmlənməsinə kömək etmişdir, eyni zamanda, dövlətin beynəlxalq nüfuzunun artmasının mühüm göstəricisi idi. Məhz bu səbəbdən Uzun Həsən Səfəvilər nəslinin çox böyük siyasi və sosial təsirə malik olmasını nəzərə alaraq, onlarla qohum olmağı qərara almış və öz qızını bu nəslin başçısı Şeyx Heydərə ərə vermişdi.

Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olmuşdur. Bəzi tədqiqatçılar Səfəvilər tarixində baş vermiş digər hadisələrə aludə olaraq, məhz bu əsas məqamı diqqətdən qaçırırlar. Görkəmli şərqşünas İ.P.Petruşevski (1898-1977) yazır: "Səfəvilərin şiəlik bayrağı altında Azərbaycanı siyasi cəhətdən birləşdirmək məqsədi daşıyan hərəkatı inkişaf edirdi” (Сборник статей по истории Азербайджана. Выпуск I, Баку, 1949, стр. 210). Bu məqsədlə İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər silahlı mübarizəyə başlamış və bu mübarizədə onlar hər ikisi həlak olmuşdu. Səfəvilərin vahid Azərbaycan dövləti yaratmaq uğrunda mübarizə cəhdlərinin qarşısı Ağqoyunlu və Şirvanşahlar sülalələrinin nümayəndələri tərəfindən müvəqqəti alınmışdı.

***

Demək lazımdır ki, Səfəvilərin etnik mənşəyi barədə cəfəng mülahizələrin yayılmasına şərait yaradan odur ki, son illərdə Azərbaycan tarixşünaslığında səfəvilər mövzusunda fundamental əsərlər, demək olar yazılmır, bu isə Şah İsmayılın Azərbaycan mənşəli olması barədə heç eşitmək belə istəməyənlər üçün diskussiya meydanı yaradır.

Bu qədər subyektiv cəhdlərə baxmayaraq, sevindirici haldır ki, dünya şöhrətli alimlər vaxtilə gözəl əsərlər yazmışdır. Həmin əsərlərdə bütün əsas ittihamlar dəlillərlə təkzib edilir və Azərbaycan xalqının böyük oğlunun şəxsiyyəti öz həqiqi qiymətini tapır. V.V.Bartold, İ.P.Petruşevski, A.Y.Krımski, B.N.Zaxoder, V.F.Minorski kimi görkəmli şərqşünasların, rusiyalı böyük iranist N.D.Mikluxo-Maklayın, türkiyəli məşhur tarixçi F.Köprülüzadə və başqalarının səyləri sayəsində Şah İsmayıl irsi onu doğma Azərbaycandan ayırmağa yönəlmiş subyektiv şərhlərdən qorunmuşdur. Ədalət naminə, tanınmış Azərbaycan tarixçisi, Səfəvi şahlarının, o cümlədən Şah İsmayıl Səfəvinin irsinin öyrənilməsi və tanıdılması üçün çox işlər görmüş O.A.Əfəndiyevin töhfəsini də vurğulamaq lazımdır.

İlk mənbələrdə Səfəvilər dövlətinin banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz, belə faktlardan ən məşhuru və inandırıcısı İsmayıl Səfəvinin Şirvandakı Gülüstan qalası mühasirəyə alınan vaxt dediyi sözlərdir. İsmayıl atası Şeyx Heydərin qatili, şirvanşah Fərrux Yəsar üzərində qələbədən sonra öz düşməninin qüvvələrini tamamilə darmadağın etmək üçün qoşunlarını irəlilətmişdi. Lakin Şirvan qoşunlarının qalıqları və əhalinin bir hissəsi Gülüstan qalasında mövqelərini möhkəmlədərək, İsmayılın qoşunlarına müqavimət göstərməyi qərara almışdı. Orta əsr Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi İsgəndər bəy Münşi (1560-1634) yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından birini mühasirəyə aldıqdan sonra hərbi şura çağıraraq, sərkərdələrə belə bir sualla müraciət etmişdir: "Siz Azərbaycan səltənətinimi (taxtgah), yoxsa Gülüstan qalasınımı istəyirsiniz!”.

O, mühasirənin çox üzücü olacağını başa düşərək, qalanın ətrafından keçməyi qərara almışdı, çünki əmin idi ki, Yəsarın özü həlak olandan sonra Şirvan qoşunları qısa müddətdə qüvvə toplayaraq ona ciddi müqavimət göstərə bilməyəcəkdir. İsmayıl vaxt qazanaraq, bütün Azərbaycan boyu sürətli yürüşünü mümkün qədər tezliklə qələbə ilə başa çatdırmağa çalışırdı.

***

Orta əsrlər Şərqinin böyük bilicisi B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın rolu mövzusuna toxunaraq yazırdı: "Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində olan Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqaz və İran ərazisində yaranmış geniş dövlətin özəyini təşkil edirdi. Bu dövlətə çoxlu tayfa və xalqlar daxil idi, lakin orada uzun müddət Azərbaycan feodalları üstünlük təşkil edir, ilk Səfəvilər onların hərbi gücünə arxalanırdı”. (Всемирная история. Т.IV, М. 1959, стр.558).

O.Əfəndiyev yazır ki, müasir İran tarix məktəbinin ən parlaq nümayəndələrindən biri, məşhur tarixçi Nəsrulla Fəlsəfinin etirafları da çox əlamətdardır. Səfəvilərin etnik mənşəyi barədə İranda formalaşmış ənənəvi subyektiv yanaşmanın əksinə olaraq, o, İsmayılın Azərbaycan-türk hökmdarı olmasını qətiyyətlə qəbul edir, obyektiv dəlilləri, məntiqi mühakimələri və ciddi mənbələri şovinist nəşrlərdən üstün tutur. O, öz əsərlərində İsmayılın istər sarayda, istərsə də ədəbi mühitdə türk, yəni Azərbaycan dilinin mövqeyinin möhkəmlənməsinə çox böyük qayğı göstərməsi faktına xüsusi diqqət yetirir. O yazır: "Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd peyğəmbərin nəslindən olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin – O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi... Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi... Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı”. O, daha sonra yazır: "Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə tutur, onları (iranlıları – O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar” (O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. 2007, s.34-35).

***

Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoyuldu. Müasirlərinin dediyinə görə, Şərq miniatür sənətinin inkişafının ən parlaq zirvələrindən biri məhz həmin dövrə təsadüf edir. Elm, sənət xiridarı olan Xətainin sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə böyük rəssam Behzad, habelə bir çox digər istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı. Hətta məşum Çaldıran döyüşü ərəfəsində belə Şah İsmayıl ilk növbədə, istedadlı rəssam və alimlərə qayğı göstərir, onları təhlükəsiz yerdə gizlətməyi, qorumağı əmr edirdi.

Şah İsmayılın bütün fəaliyyəti kimi, dini dözümlülüyü (xüsusən də ölkənin daxilində olan xristianlara münasibətdə), eləcə də Avropanın xristian ölkələri ilə geniş diplomatik əlaqələr qurması onu sülhün, firavanlığın, ölkəsinin tərəqqisinin qeydinə qalan müdrik hökmdar və düşmən dövlətlərə qarşı mübarizədə etibarlı müttəfiqlər axtarıb tapan böyük diplomat kimi səciyyələndirir.

Səfəvilər dövlətinin daha bir səciyyəvi xüsusiyyəti dövlətçilik ənənələrinin, eləcə də tolerantlığın, çoxmədəniyyətli, çoxmillətli dövlət ənənələrinin varisliyidir. Səfəvi imperiyasında yaşayan xalqların dilləri bu günə qədər qorunub saxlanmışdır və eynilə incəsənət və memarlıq abidələri kimi tarixi mirasdır.

Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurmuşdu.

Bu münasibətlərin əsasını Osmanlı sultanlarının təcavüzkar niyyətlərini cilovlamaq məqsədi ilə antiosmanlı koalisiyasının formalaşdırılması təşkil edirdi. Bu əlaqələr həmin dövlətlərlə ticarəti inkişaf etdirməyə də müsbət təsir göstərirdi. Asiya ilə Avropa arasında ticarət yollarının üstündə yerləşən Səfəvilər dövləti tranzit daşımalardan böyük gəlir götürürdü. Məhz Şah İsmayılla Qərb arasında yaranmış sıx siyasi təmaslar sayəsində Avropadan Təbrizə ticarət missiyaları gəlməyə və burada daimi nümayəndəliklər açılmağa başlamışdı. O, diplomatik yolla zəmanəsinin digər qüdrətli siyasi mərkəzi – Hindistandakı Böyük Moğollar imperiyası ilə də kifayət qədər möhkəm dostluq əlaqələri yaratmışdı. Osmanlı imperiyası ilə mehriban münasibətlərinə baxmayaraq, Böyük Moğollar sona qədər Səfəvi-Osmanlı müharibələrinə qarışmamağı üstün tuturdular.

Şah İsmayılın səyləri ilə Azərbaycan amili orta əsrlərdə siyasi elitanın və müsəlman Şərqində Azərbaycanın ziyalı təbəqəsinin simasında öz siyasi təşəkkülünü tapdı. Artıq o vaxt bu amil müasir dövrdə bizim "azərbaycançılıq” ideyası kimi qavradığımız fenomeni formalaşdırdı.

***

Təəssüf ki, indiyə qədər də Səfəvilər sülaləsinin ərəb əsilli olmasını sübut etməyə cəhdlər göstərilir. Bunun üçün vaxtilə səfəvi ideoloqları tərəfindən ortaya atılmış müxtəlif ideyalardan istifadə olunur. Bunların da ən başlıcası Səfəvilər sülaləsinin kökünün şiə imamlarına gedib çıxması, yəni türk yox, ərəb əsilli olması barədə versiyadır. Bir sıra hallarda Şah İsmayılın özü də sərkərdə, uzaqgörən dövlət xadimi kimi yetişməsində böyük rolu olmuş xilaskarları və tərbiyəçilərinin lap uşaq vaxtlarından ona təlqin etdikləri bu versiyaya müraciət etmişdir. Lakin sülalənin tarixinin daha dərin tədqiqi sübut etdi ki, bu qəbildən olan fikirlər ideoloji- konyunktura xarakteri, siyasi xarakter daşımışdır və məqsəd böyük xalq kütlələrini vahid mərkəz ətrafında birləşdirmək idi. Həqiqətən də, strateji məqsədlərə nail olmaq üçün birləşdirici ideya lazım idi. Şiəlik təriqəti (ərəb dilində "şiə” tərəfdarlar, partiya mənasını verir) Azərbaycan qızılbaşlarının doktrinası olaraq bu rolu öz üzərinə götürmüşdü.

Səfəvilərin mənəvi rəhbəri olan Şah İsmayıl dövləti fəaliyyətində dini ideologiyadan daha çox siyasi doktrinaya əməl edirdi. Şiə-qızılbaş hərəkatının beşiyi olan Azərbaycanda sünnilərin çoxluq təşkil etməsinə baxmayaraq, Şah İsmayıl və onun varisləri mötədil şiə idilər və qızılbaş hərəkatındakı qatı şiələrin yaydıqları baxışlarla razı deyildilər.

XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatının görkəmli nümayəndəsi, yazıçı, alim, ictimai xadim və ideoloq Əhməd bəy Ağaoğlunun (1869-1939) "İran və inqilabı” əsərində bu məsələyə aydınlıq gətirilir: "Fəqət bu sülalənin zəncirləmə təhriki ilə İmam Rzaya bağlanması həqiqətdirmi? – zənn etmirik. Şərqdə sülalələri qədim və nəcabətli hesab olunan əsillərə bağlamaq bir adətdir. Məsələn, Qacar ailəsinin əsli-nəcabəti hər kəsə məlum ikən bir sıra düyünlərlə ta Daraya qədər çıxarılır. Məhəmmədin əcdadı məlum ikən İbrahimə qədər götürülür. İnsanların nəzərində qədimlik daim bir şərəf və nəcabət əlaməti olmuşdur.

Səfəvilərin türk və Ağqoyunlu tayfasına mənsub olmalarına şübhə edilməz. Bunlara ilk əvvəl ağqoyunluların yerləşdiyi sahədə təsadüf edirik. Sonra, bunlar ilk zamanlar yalnız türkcə danışırlar. Ərəbcə və farsca danışdıqlarına dair əlimizdə heç bir dəlil yoxdur.

... Fəqət İsmayılın özünün İmam Rzaya bağlanmasını dəstəkləməsinə də şübhə edilməz. Bu təşəbbüs onun quracağı sistem ilə irəli sürəcəyi iddia üçün çox lazımdı. Ələvilər "Ricəti Əli Mühəmmədə”, İmam Rzanın kiçik nəvəsi olan Mehdinin zühuruna intizar etmirlərmi? İştə, Şah İsmayıl özü tam bu Mehdidir. İranın fars əhalisinin nəzərində bu nə qədər qiymətli bir alətdir! Yuxarıda gördük ki, Şah İsmayılın cəddi Şeyx Səfiəddin Gilan və Mazandaran şeyxləri ilə əlaqə və münasibətdə olmuş və Şah İsmayıl özü də düşmənlərdən qaçarkən Gilana sığınmışdı. İndi onun zühuru bura xalqında nə qədər ümidlər oyandırmış olacaqdı” (Ə.Ağaoğlu. İran və inqilabı. Bakı, 2009, səh. 36-37).

***

V.V.Bartold sübut etmişdir ki, Səfəvilərin əcdadları heç də seyid (Məhəmməd Peyğəmbərin nəsli) olmamışlar, onların şəcərəsi sonradan səfəvi tarixçiləri tərəfindən uydurulmuşdur. Hər necə olsa, Şah İsmayılın birbaşa İmamın nəslindən olması ideyası Səfəvilər dövlətinin qurulmasında çox mühüm rol oynamışdır. Bu cür taktiki və strateji gediş sayəsində dövlət siyasəti hakimiyyət və idarəçiliyi həyata keçirmək üçün bir sıra mühüm keyfiyyətlər əldə etdi, kütlələri birləşdirə bilən yeganə səmərəli ideoloji vasitəyə çevrildi. Çox sonralar, XIX əsrin əvvəllərində, bütün Avropada milli özünüdərkin artması prosesi gedəndə xalqların çoxunun ya öz dövləti yox idi, ya da öz iradəsindən asılı olmayaraq, dövlətlərin bir hissəsi idi. Məhz o vaxt, o tarixi dövrdə dövlətlərin yaranmasında və millətlərin formalaşmasında artıq din yox, millətçilik böyük rol oynamışdır.

***

Şah İsmayıl dövlətin başında durduğu bütün illərdə praqmatik olmuşdur. Bütün Azərbaycanı və İranı birləşdirməyi qarşısına məqsəd qoyan Şah İsmayıl lap əvvəldən türk tayfalarının hərbi dəstəyinə arxalanırdı. Türk əsilli olması ona Azərbaycan türklərinin Əfşar, Qacar, Ustac, Şamlu və digər tayfalarının dəstəyi və köməyindən bəhrələnməyə imkan vermişdi. Bu tayfalar Şah İsmayılı özlərinin əsl başçısı sayırdılar.

***

Çaldıran döyüşünün nəticələrindən asılı olmayaraq, Şah İsmayılın dühası, onun Azərbaycan xalqı qarşısındakı xidmətləri danılmazdır. O, həm mərkəzləşdirilmiş qüdrətli Azərbaycan dövləti qurmuş, həm də milli poeziyamızın, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şəraitin formalaşmasına imkan yaratmışdır. Onun dövrü haqlı olaraq orta əsrlərdə Ön Asiya tarixində ən mütərəqqi dövrlərdən biri sayılır.

Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı.

Azərbaycan hər zaman öz dini dözümlülüyü və tolerantlığı ilə seçilsə də, bu keyfiyyətlər rəsmi siyasət qismində hərtərəfli təzahürünü yalnız Şah İsmayılın hakimiyyətdə olduğu illərdə tapmışdı. Məhz vahid siyasi məkana mənsubluğun dərk edilməsinin insanlarda əmin-amanlıq və öz ölkəsinə inam hissi doğurması dövlətin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə vacib idi.

Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə saxlamağa imkan verdi.

Şah İsmayıl səmərəli dövlət idarəetmə mexanizmi formalaşdırdı. Həm dil baxımından, həm də xarakter etibarı ilə bu yalnız türk-Azərbaycan mexanizmi idi. Nəticədə Azərbaycan dili çox böyük sayda inzibati və hərbi terminlərlə zənginləşdi.

Şah İsmayıl irsini nəzərə alaraq indi deyə bilərik ki, Kabildən Dərbəndə qədər uzanan Səfəvilər imperiyasının səciyyəvi cəhətlərindən biri təcrid olunmağı, etnik ifratçılığı, milli və dini ədavəti qəbul etməməsidir.

Azərbaycan xalqının Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək mənəvi keyfiyyətləri hətta o vaxtlar Azərbaycana gələn Qərb diplomatlarında da heyranlıq doğuran şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik, elə bir dövlətin ki, sonralar ərazisində bır sıra dövlətlər yaranmışdır və indi də mövcuddur.

***

İndi, beş əsrdən sonra Şah İsmayılın böyük xidmətlərini (onlarsız Azərbaycanı sonrakı əsrlərdə nələr gözləyə biləcəyini söyləmək çətindir) təsdiq etmək üçün heç də hər kəs özündə cəsarət və obyektivlik tapa bilmir. Şah İsmayıl zəmanəsinin övladı idi. Bunu dərk etmək əvəzinə, Şah İsmayılda ona yaraşmayan xüsusiyyətlər axtarmaq lazım deyildir. Ən başlıcası isə o, əsl vətənpərvər idi, çox mürəkkəb, qarışıq bir vaxtda öz ölkəsini birləşdirmək və ayağa qaldırmaq üçün əlindən gələni etmişdi. Şah İsmayıl Səfəvinin timsalında biz daxili problemləri uğurla çözələyən, beynəlxalq vəziyyətdən gözəl baş çıxaran böyük dövlət lideri obrazını görürük. Sosial təcrübənin inanılmaz mürəkkəb şəraitində iti zəkasını qoruyub saxlayan, ruhdan düşməyən Şah İsmayıl hər tərəfdə siyasi hərc-mərcliyin tüğyan etdiyi bir vaxtda dövlət məsələləri, xalqın mənəvi problemləri barədə düşünür və bunları həll edir, müstəqil dövlət qurmaq ideyasını tam həyata keçirməyə ciddi hazırlaşırdı. XV əsrin sonunda feodal pərakəndəliyi vəziyyətində olan, daxili müharibələrin didib-dağıtdığı Azərbaycan, on altıncı yüzilliyin əvvəlində müsəlman Şərqində hökmranlıq üstündə qüdrətli Osmanlı imperiyası ilə uğurla rəqabət aparan dövlətə çevrilmişdi.

Şah İsmayılın obrazı təbiətin Azərbaycan xalqına necə böyük mənəvi və fiziki potensial bəxş etməsinin nümunəsi olmuşdur və olacaqdır. Biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik. Bunu xüsusilə yaşlı nəsli əvəz edəcək gənclər yadda saxlamalıdırlar. Haradan qaynaqlandığından asılı olmayaraq, tariximizə edilən hücumlara layiqli cavab vermək üçün ictimai rəyi səfərbər etmək çox vacibdir. Zəngin keçmişə malik formalaşmış millət olmağımızı dünyaya yalnız bu yolla bəyan edə bilərik.

Heç şübhəsiz, öz tarixi keçmişi kimi möhkəm bünövrəyə arxalanmayan xalqın gələcəyi ola bilməz. Xalqın keçmiş tarixinin məşhur obrazları, bu tarixdə böyük şəxsiyyətlərin quruculuq rolu milli "Mən”in təsdiqlənməsində mühüm amildir. Dünya tarixinin təcrübəsi göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Siyasi xaos və birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin təzahürü və əsl vətənpərvərlərin qələbəsi bu deyilmi?

Digər xəbərlər
SON XƏBƏRLƏR