"Sərhəd pozanları elə cəzalandırmalıyıq ki..." - Deputatlardan "Keşikçidağ"dakı insidentə sərt reaksiya

img

15-07-2019 [23:42]


Xəbər verdiyimiz kimi, "Keşikçidağ”da Azərbaycan sərhədçiləri ilə Gürcüstanın mülki şəxsləri arasında xoşagəlməz insident yaşanıb. 

Belə ki, Gürcüstan vətəndaşları sərhədi qanunsuz şəkildə pozublar, üstəlik onlardan biri sərhədçimizin silahını əlindən alıb.

Maraqlıdır, gürcülər sərhədlərimizi pozmaq və əsgərlərimizə hücum etmək cəsarətini haradan və ya kimdən alırlar? Baş vermiş hadisəyə adekvat cavab olmalıdırmı?

Mia.az xəbər verir ki, bu barədə Ayna-ya danışan millət vəkili Fazil Mustafa hesab edir ki, baş verən bu insidenti cavabsız buraxmaq olmaz: "Belə bir hadisənin baş verməsi bizim üçün utancverici haldır. Qarşısının alınması üçün isə mütləq addımlar atılmalıdır”.

"Azərbaycan sərhədi toxunulmazdır. Hər hansı bir şəkildə sərhədi pozmağa çalışan mülki şəxslərin qarşısına heç sərhədçiləri yox, elə mülki şəxsləri çıxarmaq lazımdır. Anlasınlar ki, Azərbaycan sərhədində təxribat xarakterli hərəkətlər etməyin heç bir anlamı yoxdur”, – F.Mustafa bildirib.

Deputat baş vermiş hadisənin Rusiya ilə əlaqələndirilməsinə də münasibət bildirib: "Rusiya olmur, başqa dövlət olsun, bu hərəkəti törədən istənilən ölkəyə qarşı mütləq sərt addım atılmalıdır”.

"Gürcülər bu cəsarəti çox zaman bizim təmkinimizdən alırlar. Biz də təmkinimizi bir kənara qoymalıyıq, sərhəd pozan istənilən şəxsi elə cəzalandırmalıyıq ki, digərləri də görsün ki, sərhədi pozmaq olmaz. Azərbaycan tərəfi mövqeyini rəsmi və qəti şəkildə ortaya qoymalıdır”, – deyə deputat vurğulayıb.
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev  də Gürcüstanla sərhəddə yaranmış insidentə münasibət bildirib:

"Düşünürəm ki, növbəti belə təxribat olarsa, sərhəd pozucuları həbs olunmalı, barələrində cinayət işi başlanmalıdır. Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik. Çox təəssüf ki, bizim təmkinli davranışımız zəiflik kimi qiymətləndirilir. Cəsarətli mövqe ortaya qoya bilməsək, gələcəkdə daha böyük problemlərlə üzləşəcəyik. 

Ermənilər azərbaycanlıları qovanda biz qardaşlıqdan danışırdıq. Ağıllılar başqalarının, sadə insanlar öz səhvlərindən nəticə çıxarırlar. Böyük gücləri bəhanə edib qorxaqlıq etməməli, sərt tədbirlər görülməsini tələb edənləri isə qızışdırıcılıqda və populizmdə ittiham etməməliyik. Gürcüstana sonuncu xəbərdarlıq edilməlidir.Düzgün nəticə çıxarılmasa, birtərəfli qaydada sərhəd-mühafizə istehkamlarının tikintisinə başlanılmalıdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR