Baş Prokurorluq Şəki Xan Sarayındakı hadisə ilə bağlı daha bir açqılama yaydı

15-07-2019 [12:58]
Baş Prokurorluq Şəki Xan Sarayının qarşısında baş verən hadsisə ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumatda deyilir:

"Xəbər verildiyi kimi, iyulun 14-də saat 12 radələrində Şəki "Xan Sarayı” abidəsinin ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digər 2 nəfərin Şəki RMX, 4 nəfərin isə Bakı MKX-da yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə intensiv müalicələri davam etdirilir.

Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə xəsarət alan şəxslərin təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılması təmin edilmiş, hadisə yerinə baxış keçirilmiş, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülüb, mütəxəssislərin ilkin rəyləri alınıb.

Aparımış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qıraraq hər iki budaq insanların üzərinə düşüb.

Mütəxəssislərin ilkin rəyinə əsasən budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub. Belə ki, iyulun 12-dən başlayaraq saniyədə 8-12 metr olan küləklə müşaiyət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54% miqdarında (32 mm) aramsız yağış yağıb.

İlkin müayinələrə əsasən müəyyən edilib ki, qırılmış əsas budaq sağlam olmuş, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmamışdır. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədi ilə Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olub.

Hazırda araşdırmalar davam etdirilir".


SON XƏBƏRLƏR