Baş Prokurorluqdan Zahid Orucun iddialarına rəsmi - REAKSİYA

img

12-07-2019 [16:48]


Baş Prokurorluq Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun ittihamlarına cavab verib.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumatda bildirilib ki, xəbər verildiyi kimi, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs - Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq, iyulun 9-da saat 21:50-də vəfat edib. Bu barədə Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirilib:

"A.Qurbanovun meyiti ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə iyulun 10-da saat 00:20-də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə yerləşdirilib. Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. Bundan sonra həmin gün saat 13:30-da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunub.

Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olub və saat 12 radələrində Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilib".

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dövlət qurumlarını informasiya siyasətini düzgün qurmağa çağırıb: "Məhbus öldükdən üç gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti açıqlama verdi. Bu, düzgün yanaşma deyil, üç gün ərzində həmin adamın meyitini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR