Çingiz Hüseynzadə: "II Avropa Oyunları uğurlu olacaq"

img

24-06-2019 [15:07]


"Minskdəki II Avropa Oyunlarında təşkilati məsələlər normaldır. Açılış mərasimi normal şəkildə təşkil olundu".

"Report" xəbər verir ki, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qurumun mətbuat xidmətinə açıqlamasında deyib. O, bildirib ki, yarışların keçirilməsi üçün hər cür şərait var: "İdman qurğuları çox yüksək səviyyədədir. Hesab edirəm ki, II Avropa Oyunları uğurlu olacaq".

MOK rəsmisi III Avropa Oyunlarının keçiriləcəyi Polşanın Krakov şəhəri barədə də fikirlərini bölüşüb: "Avropa Olimpiya Komitəsinin (EOC) Baş Assambleyası baş tutdu və III Avropa Oyunlarının Krakov şəhərində keçirilməsi təsdiq olundu. Mərasimə Krakov şəhərinin meri gəlmişdi. Polşa Olimpiya Komitəsinin prezidenti böyük təqdimat etdi. Krakov yekdilliklə III Avropa Oyunlarına ev sahibi seçildi. Hesab edirəm ki, bu, çox yaxşı bir işdir. Avropa Oyunları davam edir və bundan da sonra davam edəcək". 

Qeyd edək ki, "Minsk 2019” II Avropa Oyunlarına iyunun 30-da yekun vurulacaq. Hesabında 4 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 20-ci pillədədir. Yığmanın heyətində akrobatlar - Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovdan ibarət cütlük qarışıq komanda yarışlarında 3 medal qazanıb. Onlar kombinə olunmuş və dinamik hərəkətlərdə 2-ci, balanslı hərəkətlərdə isə 3-cü olublar. Həmçinin Rüstəm Orucovla (cüdo, 73 kq) Ağasif Səmədov (sambo, 52 kq) gümüş, Hidayət Heydərdov (cüdo, 73 kq), Mehman Xəlilov (sambo, 57 kq) və Emil Həsənov (sambo, 68 kq) bürünc medal əldə ediblər.

Medal sıralamasına 19 qızıl, 10 gümüş və 10 bürünclə Rusiya komandası başçılıq edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR