"Benzin və elektriklə işləyən maşınlara gömrük rüsumu ləğv edilməli, dizellə isə..." - Ekspert

img

26-05-2019 [23:03]


"Hal-hazırda hiss olunmasa da, bir neçə ildən sonra Azərbaycanda ciddi bir problemə çevriləcək məsələyə toxunmaq istəyirəm”.

Mia.az "Yeni Sabah”a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib. 

O, bildirib ki, Avropada, xüsusilə Almaniyanın böyük şəhərlərində dizellə işləyən avtomobillər qadağan olunur və bu proses getdikcə daha geniş vüsət alır. 

Nəticədə dizellə işləyən avtomobillər həmin ölkələrin bazarlarında daha ucuz qiymətlərə digər ölkələrdən olan alıcılara təklif edilir. "Bu onların yeganə çıxış yoludur. Azərbaycan kimi ölkələrə həmin maşınların axını başlayıb və getdikcə bu axın çoxalacaq”.

E. Sadıqov bildirir ki, bu təhlükəli tendensiyanın 2 ciddi nəticəsi olacaq:

"Birincisi, ekologiya və nəticədə hər birimizin risk altına düşəcək sağlamlığıdır. İndi nisbətən yeni olan maşınlar 1-2 ildən sonra havanı ciddi bir şəkildə çirkləndirəcək. Elə indi də, dizellə işləyən köhnə maşınların arxalarınca buraxdıqları tüstülər, zəhərli qazlar dözülməz həddə çatmaqdadır. Hər bir ölkə vətəndaşının sağlığı ən prioritet məsələdir və heç bir rəqəmlə, maddiyyatla ölçülə bilməz. 

İkinci ciddi məsələ isə budur ki, dizellə işləyən maşınların artımı ölkədə dizelə olan tələbatı getdikcə artıracaq. Dizelin qiyməti məsələsi ortaya çıxacaq. Dizelin qiymətinin artması çörəyin, ərzağın qiymətinin kəskin qalxmasına, yəni istehsal olunan məhsulların maya dəyərinin artmasına və nəticədə inkişaf etməkdə olan kövrək kənd təsərrüfatı sahəsinin isə zəifləməsinə səbəb olacaq. Dizel kənd təsərrüfatı üçün əvəzedilməz yanacaqdır". 

E. Sadıqov bildirir ki, hər iki məsələnin mahiyyəti hər kəsə, o cümlədən aidiyyatlı qurumlara aydındır: 

"Düşünürəm ki, ən qısa vaxtda avtomobillərə işlətdikləri yanacaq və mühərrik həcminə görə tətbiq olunan gömrük rüsumlarında müvafiq dəyişikliklərin edilməsi qeyd etdiyim sahələrdə gələcəkdə yaranacaq riskləri xeyli yumşaltmağa yardım etmiş olar”. 

Ekspert hesab edir ki, gömrük rüsumlarında aşağıdakı dəyişikliklərin edilməsi bu sahədən əldə olunan rüsumlar üzrə gəlirləri də azaltmaz, ölkə isə hərtərəfli daha çox qazanar: 

"- Elektriklə işləyən avtomobillərə tətbiq olunan ƏDV-nin də ləğvi və ya differensiallaşdırılması məsələsini də müzakirə etmək olar (onsuz da dünya bazarlarında indi çox baha olan elektriklə işləyən avtomobillərə gömrük rüsumu və aksiz vergisinin 0 olması təqdirəlayiqdir);

- Hibrid (benzin və elektriklə işləyən) avtomobillərə daha aşağı minimum gömrük rüsumlarının və aksiz vergilərinin tətbiqi (ƏDV-ni differensiallaşdırmaq da olar və ya ƏDV-ni saxlayaraq gömrük və aksiz vergilərini ləğv etmək və ya minimallaşdırmaq);

- 2400 litr mühərrik həcminə qədər benzinlə çalışan avtomobillərin gömrük rüsumlarını və aksiz vergilərini indiki səviyyədən ən azı 2 qat azaltmaq;

- dizellə çalışan avtomobillərə (mühərrik həcmindən və buraxılış ilindən asılı olmayaraq) daha yüksək gömrük rüsumları və aksiz vergiləri tətbiq etmək; bu rüsum və vergilər elə yüksək olmalıdır ki, həm yuxarıda azalan rüsum və vergiləri artıqlaması ilə kompensasiya edə bilsin, həm də ölkədəyə dizellə işləyən avtomobil gətirmək qətiyyən rentabelli olmasın ki, gələcək nəsillər daha çox zəhərlənməsin və sağlam olsun".

Digər xəbərlər
SON XƏBƏRLƏR