Keçmiş gömrükçülər Gömrük Komitəsinin binası qarşısında aksiya keçirəcək

23-05-2019 [14:19]
Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşları komitənin mərkəzi banasının qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

Reyting.az-a bu barədə Gömrük Komitəsinin bir neçə keçmiş əməkdaşı məlumat verib.

Keçmiş gömrükçülərin sözlərinə görə, etiraz aksiyası keçirmək istəmələrinin səbəbi Gömrük Komitəsinin rəhbər şəxslərinin onların hüquqlarını pozmasıdır.

Hələlik KİV-də adlarının çəkilməsini istəməyən keçmiş əməkdaşlar bildiriblər ki, "Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin təsdiq edilməsi barədə 1999-cu il dekabrın 7-də mərhum prezident Heydər Əliyevin imzaladığı qanuna komitənin indiki rəhbərliyi məhəl qoymur.

Keçmiş gömrükçülər iddia edirlər ki, ötən illərdə müxtəlif əlavə və dəyişikliklər edilən bu əsasnamə Azərbaycanın gömrük orqanlarında və təşkilatlarında xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Əsasnamənin qüvvədə olan 124-cü maddəsi gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara xidmət illərindən asılı olaraq ödəniləcək birdəfəlik müavinətin miqdarını müəyyən edir.

Əsasnamədə gömrük orqanlarında 10 ilə qədər xidmət edən şəxslərə aylıq vəzifə maaşının 5 misli, 10 ildən 15 ilə qədər xidmət edənlərə aylıq vəzifə maaşının 10 misli, 15 ildən 20 ilə qədər xidmət edənlərə aylıq vəzifə maaşının 15 misli və nəhayət, 20 ildən yuxarı xidmət edənlərə aylıq vəzifə maaşının 20 mislində birdəfəlik müavinətin verilməsi öz əksini tapıb.

Qeyd edək ki, xidmət dövründə dövlət təltifləri olan gömrük orqanının vəzifəli şəxslərinə verilən birdəfəlik müavinətin məbləği iki aylıq vəzifə maaşı miqdarında artırılır. Keçmiş gömrükçülər isə bildirirlər ki, 20 il əvvəl qəbul və təsdiq edilən əsasnamənin qüvvədə olmasına baxmayaraq, ötən ilin avqust ayından bu günə kimi gömrük orqanlarında müvafiq olaraq ən azı 10 ilə qədər işləyən və təqaüdə çıxan bir neçə yüz sabiq gömrük əməkdaşı qanuni haqqını ala bilmir. 

"Dövlət Gömrük Komitəsinin rəhbərliyi müxtəlif bəhanələrlə sabiq gömrük əməkdaşlarına birdəfəlik müavinəti ödəməkdən yayınır. Vəzifəli şəxslərin qanunları pozmasının hüquqi məsuliyyət doğurması qanunvericilikdə öz əksini tapsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi bir neçə yüz şəxsin hüquqlarını pozur”, - sabiq gömrükçülər bildiriblər. Bu səbəbdən də onlar üzləşdikləri problemin həllini ölkə rəhbərliyinə müraciətlə yanaşı, müxtəlif etiraz aksiyalarına əl atmaqda görürlər. 


SON XƏBƏRLƏR