"Qızıl medalların sayına görə Özbəkistandan geridə qaldıq"

img

14-05-2019 [20:02]


"Bizim üçün ən ali medal paralimpiya medalıdır. Özümüzü "Tokio 2020" Yay Paralimpiya Oyunlarında göstərmək istəyirik".

Bu fikirləri jurnalistlərə açıqlamasında Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov deyib.

MPK rəhbəri paracüdo üzrə Qran-pri turnirində medal qazana bilməyən 2 qat paralimpiya çempionu İlham Zəkiyevin çıxışı barədə də danışıb.

O, Zəkiyevin bürünc medal uğrunda görüşünün dramatik keçdiyini bildirib: "Onun bu turnirdə yarımfinala kimi irəliləməsi yaxşı haldır. Zəkiyevin əsas rəqibi Yaponiya təmsilçisi Kento Masakidir. O, bir neçə dəfə idmançımızı məğlub edib. Zəkiyev də ona qalib gəlib. Bu gün də paracüdoçumuz onu üstələdi. Yarımfinalda da yaxşı güləşdi. Amma alınmadı. Daha sonra isə üçüncü yer uğrunda görüşdə uduzdu. Həm də İlham Zəkiyevin sağlamlıq durumu yaxşı deyil. Müəyyən malicə alır, amma güllə yarasından olan fəsadları özünü büruzə verir. İlham Zəkiyev böyük idmançıdır. O, bu gün də bunu göstərdi. Axıra qədər döyüşdü".

Rəhimov Azərbaycanın turnirdə medal sayına görə lider olduğunu deyib: "11 medal çox böyük bir qələbədir. Bu qədər medalı heç bir ölkə qazanmayıb. Qızıl medalların sayına görə Özbəkistandan geridə qaldıq. Son görüşə kimi eyni sayda qızıl medal qazandıq. Son məqamda isə bizi üstələdilər. Gələn dəfə biz onları keçərik".

MPK prezidenti Azərbaycan paracüdoçularının "Tokio 2020" Yay Paralimpiya Oyunlarına qatıla bilmək şanslarından da söz açıb: "Hesab edirik ki, hər bir çəkidə idmançılarımızın paralimpiadada iştirak etmək şansı var. Düşünürəm ki, tam heyətlə orada iştirak edəcəyik. Amma digər idmançılara gəldikdə isə əvvəlki yarışdan daha çox idmançı ilə təmsil olunmaq istəyirik. 30 idmançı ilə təmsil olunacağımızı gözləyirəm. Bu isə bizim üçün rekord rəqəm olacaq". 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR