Şriftin ölçüsü / 334 dəfə oxunub

"Əli İnsanovu bundan sonra kim dəstəkləyər, kim onun yanına gedər?" - Deputat

08 May 2019 [17:05]
Son dövrlər ölkədə bir sıra islahatların həyata keçirilməsi istiqamətində addımlar atılır. Bir çox sahələrdə problemlər qalsa da, ötən dövr ərzində müsbətə doğru dəyişikliləri də qeyd etmək lazımdır. 

Mia.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı Reyting.az-a müsahibə verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı ilə söhbətə elə bu mövzudan başladıq:

- Öncə qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimiz islahatlara yeni başlamayıb. 2003-cü ildə Prezident seçilən gündən ölkədə köklü dəyişikliklərin edilməsi və bütün sahələrdə həyata keçirdiyi uğurlu islahatların nəticəsidir ki, o, beynəlxalq aləmdə islahatçı Prezident kimi tanınır. Təcrübələr göstərir ki, cəmiyyət üçün birdən-birə inqilabi yolla dəyişikliklərin tətbiqi çox vaxt müsbət nəticələr vermir. Bu mənada cənab Prezidentin 2003-cü ildən başlayaraq, həyata keçirdiyi islahatlar mərhələli olmaqla, eyni zamanda ardıcıl və bir-birini tamamlayaraq reallaşdırılıb. Bütün sahələrdə əldə edilən uğurların mənbəyi də budur.

2018-ci ildə möhərəm Prezidentimiz növbəti dəfə seçkidən qalibiyyətlə çıxdı və elə inaqurasiya zamanı gələcəkdə həyata keçirəcəyi daxili və xarici siyasətin bütün istiqamətləri və prioritetləri haqda ictimaiyyətə anons verdi. Hətta söylədi ki, ölkəmizdə yeni bir dönəm başlayır. Bu dönəm Azərbaycan xalqının həyatında, dövlətimizin taleyində yeni bir mərhələ olacaq və ölkədə daha geniş islahatlar aparılacaq. Bu mənada, ötən bir il ərzində həyata keçirilən siyasət, tədbirlər, aparılan islahatlar, verilən sərəncamlar, fərmanlar da bunu sübut edir.

Təkcə 2019-cu ildə imzalanan sənədlərə baxsaq, nə qədər yeniliklərin olduğunu görərik. Bu, əhalinin sosial-iqtisadi vəziyyətindən tutmuş idarəçiliyə, hətta məhkəmə-hüquq sisteminə qədər bütün sahələri əhatə edir. Çox uğurlu nəticələr qazanılmaqla geniş ictimaiyyət tərəfindən dəstəklənir və təqdir edilir. Məhkəmə-hüquq sahəsində aparılacaq növbəti islahat təkcə məhkəmə sistemini deyil, vergilər, iqtisadi inkişaf, gömrük, sahibkarlıq, bank, Vəkillər Kollegiyası da daxil olmaqla, eyni zamanda qanunvericiliyi daha da təkmilləşdirəcək, ölkənin bütün sahələrini əhatə edəcək və əvvəlki illərdə olduğu kimi, çox ciddi uğurlara imza atılacaqdır.

- Demək olar ki, məhkəmə-hüquq sistemindəki problemləri bu sistemdə çalışan məsul şəxslər yaradırlar. O zaman həmin şəxslər islahatları necə gerçəkləşdirəcəklər?

- Bu fikirlə razı deyiləm. Sözsüz ki, bu amil var. Amma problemlərin möcudluğunu təkcə məmurla əlaqələndirmək ədalətsizlik olardı. Bilirsiz, bütün dünyada belədir ki, cəmiyyət inkişaf etdikcə, ictimai münasibətlərin forma və məzmununda dəyişikliklər baş verdikcə, yeni tələb və ehtiyaclar yarandıqca, yeni problemlər ortaya çıxır və islahatların həyata keçirilməsini zəruri edir. Ona görə də məsələyə obyektiv yanaşmaq lazımdır. Bu gün bir sıra hallarda insanlarımızın bir çoxunun öz hüquqlarını bilməməsi də müəyyən problemlər yaradır. Bəzən insanlar haqlı ya haqsız olaraq məhkəmə-hüquq sistemini ittiham edir, narazılıqlarını bildirirlər. Məsələnin mahiyyətinə varanda görürsən ki, elə deyil. Bütün məsələlərdə hüququn aliliyi prinsipi olmalıdır. 

Bu gün insanların hüquqi maarifləndirilməsinə də ehtiyac var. Sovet vaxtı televiziya kanallarında belə proqramlar verilirdi. Təəssüf ki, indi belə verilişlər demək olar ki, yoxdur. 

Dünyanın bütün ölkələrində hüquq-mühafizə və məhkəmə orqanlarından narazı qalanlar olur. Məhkəmə mübahisələri nəticəsində bir tərəf qalib, digər tərəf narazı qalır. Narazı tərəf özünü haqlı saydığı üçün məhkəməni ittiham edir. Hesab edirəm ki, son fərmanın həyata keçirilməsi məhkəmə-hüquq sisteminin nəinki əlçatanlığını, şəffaflığını, obyektivliyini, operativliyini artıracaqdır, insanların hüquqi maarifləndirilməsi istiqamətində də müəyyən addımlar atılacaqdır.

Nəticə olaraq, onu da əlavə edirəm ki, bütün bu islahatların həyata keçirilməsində ölkəmizdə çox qəti siyasi iradə var.

- Son günlər müzakirə olunan məsələlərdən biri də həbsdən azadlığa buraxılan sabiq sahiyyə naziri Əli İnsanovun və məhkəmə prosesi gedən vaxtı ilə Yeni Azərbaycan Partiyasının üzvü kimi millət vəkili seçilmiş Hüseyn Abdullayevin açıqlamalarıdır. Bu barədə nə deyə bilərsiniz?

- Öncə demək istərdim ki, hər iki insan dövlətin və xalqın külli miqdarda əmlakını əsassız və zor gücü ilə mənimsəyərək, cinayət törədiblər. Həyat göstərir ki, bütün zamanlarda xalqın əmlakı mənimsənilirsə, bunun cavabını qanun və Allah verir. Hamı tarixin bu təcrübəsindən ibrət götürməlidir. 

Bu barədə kifayət qədər danışılıb, mövqe bildirilibdir. Əlbəttə, mən də öz mövqeyimi bildirmişəm. Qısaca olaraq əlavə etmək istərdim ki, Heydər Əliyevin işığında formalaşmış, yüksək mövqe tutmuş, hər zaman Ulu Öndərin kölgəsinə sığınan adamların bugün bu siyasətə qarşı çıxmasını nə xalq bağışlayar, nə də Allah. Çünki bunun adı həm xəyanətdir, həm də sərt nankorluqdur. Belə insanların aqibətini hər kəs bilir.

- Ümumiyyətlə, onlar hakimiyyəti ittiham etməkdə nə qədər haqlıdırlar?

- Bu insanlar danışdıqca özlərini daha da ifşa edirlər. Axı, Azərbaycan xalqı hər kəsin keçmişini çox gözəl bilir. Bu uzaq tarix deyil ki, unudulsun. Onlar hələ də anlamırlar kı, Heydər Əliyevə və ya onun siyasətinə, onun qoyduğu yola qarşı olmaq xalqa qarşı olmaqdır. Çünki biz Heydər Əliyev deyəndə Azərbaycan xalqını başa düşürük. 91-93-cü illərdə Azərbaycan dünya xəritəsindən yox olmaq təhlükəsi ilə üzləşmişdi, ölkə parçalanırdı. Heydər Əliyevin dühası sayəsində Azərbaycan bu gün dünya birliyində öz yeri olan ölkəyə çevrilib. 

- Amma onlar da hakimiyyətin qurucularından olduğunu bildirirlər...

- Heydər Əliyevin hakimiyyətə gətirilməsində ən əsas faktor zamanın və Azərbaycan xalqının zərurətdən doğan qətiyyətli tələbi idi. O zaman xalqın gücü bir sel gücü kimi idi. Bütövlükdə xalq üzünü Naxçıvana döndərmişdi. Heydər Əliyev Sovet dövründə çox yüksək vəzifələrdə olmuş böyük dövlət adamı idi. Onun heç bir vəzifəyə ehtiyacı yox idi. Ölkə xaos içində idi, fəlakətlə üzbə-üz qalmışdı. Ulu Öndər xalqımızı və müstəqilliyimizi qorudu. Daha doğrusu, Hakimiyyətin də, Dövlətin də qurucusu Heydər Əliyev və Xalq oldu. Bunu bugün hər kəs bilir. 

- Bir məqama da diqqətinizi çəkmək istərdim. Hüseyn Abdullayev Avropaya güvənirdi və ora sığınmışdı. Əli İnsanov isə çıxışlarında Amerika və Qərb tərəfindən dəstəkləndiyini vurğulayır. Bu barədə nə deyə bilərsiniz?

- Bu fikirlər hər kəsdə acı gülüş doğurur. Bu fikirləri səsləndirən insanlar öz millətinin qüruruna, xüsusilə də şəhidlərimizin ruhuna hörmətsizlik etmiş olurlar. 

Azərbaycan müstəqil dövlətdir. Müstəqillik uğrunda minlərlə oğullarımız şəhid olmayıblar ki, ölkəmiz haranınsa aləti olsun. Bu gün möhtərəm Prezidentimizin yürütdüyü siyasət nəticəsində heç kim Azərbaycanla təzyiq dili ilə danışa bilməz. İstər beynəlxalq layihələr, istər Qarabağ, istərsə də başqa məsələlərdə Prezidentimizə təzyiq olur ki, güzət eləsin, amma o, Azərbaycanın, xalqımızın milli maraqlarını üstün tutaraq qətiyyətli mövqeyini ifadə edir. Prezidentimiz bütün beynəlxalq tədbirlərdə çıxış edərək Qarabağ məsələsi ilə bağlı qəti mövqeyini bildirir. Yəni, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycana təzyiq edib nəsə əldə etmək mümkün deyil. Zaman göstərdi ki, Qərb, Avropa və Amerika bəzən haqq-ədaləti deyil, öz marağını güdür.

Bu gün Avropadakı bəzi dairələr siyasi məhbus iddiası ilə əsassız bəyanatlar verirlər. Amma Hüseyn Abdullayev, Əli İnsanov kimi insanlar siyasi məhbus deyillər axı. Onların həbs olunması konkret cinayətə görə baş verib. Beynəlxalq təşkilatlar da dərk edirlər ki, belə adamları müdafiə etməklə özlərinin qalan imiclərini də itirəcəklər. Bəzi qüvvələr buna çalışsalar da, Azərbaycan xalqı bu cür oyunlara inanmır. Onların "demokratiya”, "insan hüquqları”, "söz azadlıqları” maskaları çoxdan cırılıbdır. Çünki bu cür təşkilatların demokratiya adı altında başqa niyyətləri gizlənir və bunu artıq dünya bilir. 

- O fikirlər səslənir ki, Əli İnsanov faktoru hakimiyyətdə qopmalara səbəb ola bilər. Guya kimlərinsə açıq, yaxud da gizli şəkildə ona dəstək verməsi mümkündür. Bunu nə qədər real saymaq olar?

- (Gülür) Kim deyir ki? Vallah, bu sözlər o qədər gülməlidir. Əli İnsanovu bundan sonra kim dəstəkləyər, kim onun yanına gedər? Bu adamların heç sosial bazaları da yoxdur. İstər ənənəvi radikal müxalifətin, istərsə də Əli İnsanov və onun kimilərin ətrafında heç kim yoxdur, olmayacaq da. 

Bu bir gerçəklikdir ki, bütün cəmiyyətlərdə müəyyən narazı təbəqə olur. Bu insanlar iqtidara qarşı narazı deyil, onlar müəyyən və konkret məmurlara qarşı narazıdırlar. Onlar heç vaxt İlham Əliyevə qarşı deyillər. Bunu xarici və daxili araşdırmalar, sorğular da sübut edir. Özünü müxalifət adlandıran qüvvələr isə bu təbəqədən istifadə etməyə çalışsalar da, cəhdləri nəticəsiz qalır. 

Bu gün hər kəs bilir ki, Azərbaycan Prezidenti kürsüsünə kim layiqdir. Bu adamlar möhtərəm Prezidentimizin səviyyəsinin milyonda biri deyillər, heç vaxt da onunla ayaqlaşa bilməzlər. Bir-iki qohum-əqrəbalarından başqa heç kim dəstəkləməz. Ağlı başında, dünya görüşü olan insanlar onlardan uzaq dururlar. 

- Məlahət xanım, son dövrlər bəzi qüvvələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Bu yöndə səslənən fikirlər barədə mövqeyiniz necədir?

- Əslində, güclü qüvvəyə, güclü dövlətə qarşı bu cur münasibətin olması təəccüblü deyil. Azərbaycana qarşı təxribat hər zaman olubdur. Azərbaycanın inkişafını gözü götürməyənlər bu qarayaxma kampaniyasını aparırlar. Çünki hələ Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq, dövlətimiz regional və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirdikcə, bu təzyiq və təxribatlar bir qədər də artıbdır. TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi layihələr asanlıqla həyata keçməyibdir. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsi, uzaqgörənliyi və xalqına sonsuz sevgisi nəticəsində gerçəkləşibdir. Sadəcə, təəssüf doğuran odur ki, bu ölkənin suyunu içib, çörəyini yeyən bəzi şəxslər Azərbaycana qarşı yönələn qarayaxma kampaniyalarında alətə çevriliblər. Amma onlar unudurlar Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan güclü dövlətdir və öz müstəqil mövqeyindən geri çəkilməyəcək. Heç kim, heç bir qüvvə Azərbaycanla zor, təzyiq dili ilə danışa bilməz. Nə yaxşı ki, Azərbaycan xalqı doğru yolun nə olduğunu bilir və bu yolda davam edir.



SON XƏBƏRLƏR