NAZİR İNAM KƏRİMOVLA FƏAL ARASINDA İNSANOV DARTIŞMASI: "Səndən incimiş olsaydım..."

img

06-05-2019 [11:31]


Kənd təsərrüfatı naziri İnam Kərimovla ictimai fəal Bəxtiyar Hacıyev arasında "söz atışması" yaşanıb.

Mia.az xəbər verir ki, nazirin Əli İnsanovun müsahibəsi ilə bağlı açıqlamasına  gənc fəalın verdiyi  reaksiyaya İnam Kərimovun cavabı gecikməyib.

Belə ki, İnam Kərimov sosial şəbəkədəki səhifəsində Bəxtiyar Hacıyevə belə cavab yazıb: 

"Bəxtiyar, bu mənim şəxsi və sərbəst fikirimdir. Nə demişəmsə, hamisini yenə də təsdiq edirəm. "Sədaqətli kadr" özünü ilk növbədə keyfiyyətli işi ilə, həm də ictimai sözüylə təsdiq etməlidir. Harvardda bunu sizə öyrətmiş olmalıdırlar".

Nazir daha sonra yazıb ki, "səndən incimiş olsaydim, reaksiya verməzdim".

Xatırladaq ki, İnam Kərimov Əli İnsanovun son müsahibəsinə belə kəskin münasibət bildirib: 

"Ümumiyyətlə hesab etmirəm ki, qeyd etdiyiniz şəxs sual mövzusu olmağa layiqdir. Amma indi ki sualı vermisiniz, mən də istərdim ki, bu suala bir kənd təsərrüfatı naziri kimi deyil, sadə bir Azərbaycan vətəndaşı kimi cavab verim.

Bilirsiniz ki, Əli İnsanov vaxtilə Heydər Əliyevin ən yaxın tərəfdaşlarından olub, onun xidmətində olub. 

Biz bilirik ki, Heydər Əliyev böyük insan olub, bütün səhvləri bağışlayıb, yalnız bir səhvi bağışlamayıb. Bağışlamadığı yeganə şey xəyanət olub. Əli İnsanov Heydər Əliyevə xəyanət edib. Heydər Əliyevin ruhuna xəyanət edib. Ona görə, hesab edirəm ki, cənab Prezident çox böyük, müdrik bir addım atıb və Əli İnsanovu öz-özü ilə mübarizəyə buraxıb. İndi biz iki Əli İnsanov görürük. Heydər Əliyevçi Əli İnsanov və xəyanətkar Əli İnsanov. Düşünürəm ki, Əli İnsanovun yerinə başqa bir insan olsaydı, boğazındakı kəfəni çatı edib, özünü asardı. Amma o, bu günə kimi onu etməyib. Hesab edirəm ki, Əli İnsanov artıq özünü ifşa etmiş insandır”.

B. Hacıyevsə bundan sonra səhifəsində yazıb ki, İnam Kərimovun zaman-zaman bir çox qərarlarını, addımlarını şəxsən, ya da publik olaraq tənqid edib: "Bəzən hiss etdirməsə də, tənqid və iradlarıma görə incidiyini də bilirəm. Amma, etiraf etmək lazımdır ki, "ASAN Xidmət" ideyasının NİİM kimi uğursuz bir təşəbbüs yox, "Azərbaycan brendi", digər gənc məmurlara örnək olacaq bir yol kimi açılmasında onun şəxsi və peşəkar keyfiyyətləri də rol oynayır. İ.Kərimov başda olmaqla, bir çox gənc məmur gənclər arasında ölkənin gələcəyinə fərqli baxmaq üçün ümid yarada bilmişdilər.

Sözüm onda yox. Sözüm ondadır ki, vəlvələdən, ya da zəlzələdən, hansısa formada İ.Kərimova Əli İnsanov haqqında sual verib, onu tənqid etdirmək, İ.Kərimovu xora qoşub, "erməni əsgərləri günəş üzü görmür, çünki, qorxularından səngərdən başlarını qaldıra bilmirlər" deyən deputat Elman Nəsirovla eyni sıraya qoymaq lazım deyil. Əli İnsanovun siyasi ambissiyalarına qarşı cavab veriləcəksə (düşünürəm ki, bu kampaniya ilə onun çəkisini lazım olandan çox artırırlar), bunu Elman Nəsirova, Siyavuş Novruzova, Əhəd Abıyevə və digərlərinə etdirin. Onların başqa "faydalı" işləri yoxdur, onsuz da. İmkan verin, kimlərsə sırf sizə sədaqətini göstərmək üçün onların ritorikasından bir az uzaq qalsın, ümidi öldürməyin.

"Sədaqətli kadr" prinsipiniz isə çox uğursuz yanaşmadır. Bu barədə isə sonra yazacam ki, sizə "sadiq" Siyavuş Novruzovun vurduğu zərbəni heç ən "sadiq olmayan" müxalifətçi də vurmayıb. Bu barədə sonra...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR