Vəkil: "Direktora bəraət verilsin" - Narkoloji Mərkəzdəki yanğın işi

img

19-04-2019 [18:09]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən şəxslər - mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən T.Məmmədhəsənovun vəkili Vasif İsrafilov müdafiə çıxışı edib.

O, çıxışında müvəkkilinə qarşı irəli sürülmüş ittihamların qanunsuz olduğunu bildirib.

V.İsrafilov qeyd edib ki, T.Məmmədhəsənovun barəsində verilən ittihamlar məhkəmədə sübuta yetirməyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən A.Məmmədovanın vəkili isə müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında T.Məmmədhəsənovun 4 il, M.Abdullayevin 3 il 6 ay və M.Məmmədovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin dövlət ittihamçısı digər təqsirləndirilən A.Məmmədovanın 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza təyin olunmasını istəyib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR