Baş nazir BDU ilə bağlı qərar verdi - 50 milyonluq nizamnamə təsdiqləndi

img

19-04-2019 [10:03]


Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiq edilib.

Mia.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, universitetin nizamnamə fondu 50 milyon manat olacaq.

Universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən, qrantlardan daxil olan vəsaitdən formalaşdırılacaq.

BDU ona verilmiş əmlakdan yalnız bu nizamnamə ilə müəyyən olunan məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.

BDU mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti Təhsil Nazirliyi, yaxud onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

Universitetin maddi-texniki bazası və təhsil infrastrukturu Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.

Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

BDU Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün universitet Təhsil Nazirliyinin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək. Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) sərf olunacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR