Şriftin ölçüsü / 217 dəfə oxunub

Dariqa Nazarbayeva ilə Oqtay Əsədov görüşdü: "Azərbaycanla əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”

18 Aprel 2019 [20:18]

Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində aprelin 18-də Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva ilə görüşüb.

Qazaxıstan-Azərbaycan ənənəvi dostluq münasibətlərindən danışan Dariqa Nazarbayeva iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən Xəzər hövzəsində, nəqliyyat-logistika, turizm sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Senatın sədri Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev ilə Bakıya səfərini, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini xatırlayıb. O vurğulayıb ki, Azərbaycan qazaxıstanlıların həvəslə səyahət etdikləri ölkədir.

"Xalqlarımız özləri mehriban münasibətlər yaradıblar, bizə isə bu əlaqələri inkişaf etdirmək qalır”, - deyə D.Nazarbayeva bildirib.

Senatın sədri iki ölkənin parlamentləri arasında da möhkəm əlaqələrin mövcud olduğunu vurğulayaraq deyib: "Ümid edirik ki, Azərbaycanla əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”.

Milli Məclisin sədri Oqtay Əsədov Dariqa Nazarbayevanı Qazaxıstan Senatının sədri seçilməsi münasibətilə təbrik edib. O vurğulayıb ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlər dövlətlərarası əməkdaşlıq səviyyəsinə qalxıb.

Azərbaycan və Qazaxıstan xalqlarının liderləri Heydər Əliyev və Nursultan Nazarbayev arasında olan dostluq münasibətləri əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı Nursultan Nazarbayevin beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı ədalətli mövqeyini hər zaman yüksək qiymətləndirir.

Milli Məclisin sədri iki dost ölkənin parlamentlərinin də əlaqələrinin bundan sonra sürətlə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib/Azərtac.



SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib