"Bu məsələ AŞPA-nı ciddi narahat etməlidir" - Qənirə Paşayeva

img

12-04-2019 [15:20]


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib.

O, aprelin 12-də AŞPA-da müzakirələr zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının üzv ölkələrdə icra edilməsinin vacibliyini vurğulayıb. 

"Ermənistanın keçmiş rəhbərliyi Avropa Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi. Təəssüf ki, Avropa Şurasının qurumları öz evinə dönə bilməyən məcburi köçkünlərin müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün ciddi addımlar atmadı. Eyni zamanda qərarın icrası üçün Ermənistanın sabiq rəhbərliyinə heç bir ciddi təzyiq göstərilmədi. Ermənistanın yeni rəhbərliyinin də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmaması təəssüf doğurur. Bu məsələ AŞPA-nı ciddi narahat etməlidir. "Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun müddət keçir və onun yerinə yetirilməsi üçün AŞPA, AŞ-nin Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidirlər. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Azərbaycanlı məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar sizi eyni zamanda AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırır. Bu qətnamənin qəbulundan on ildən çox zaman keçir, amma Ermənistan hələ də bu qərarı yerinə yetirməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan vermir. Bundan başqa, AŞPA bir müddət əvvəl Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul edib. Amma Ermənistan bu günə qədər sənədin icrası üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə region bundan ciddi əziyyət çəkməkdə davam edir. Biz AŞPA-nı bu məsələyə də diqqət yetirməyə və qətnamənin icrası üçün Ermənistana təzyiq məqsədilə daha sərt mexanizmlərə əl atmağa çağırırıq", - o deyib.

Q.Paşayeva bildirib ki, AŞPA Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların dağıdılmasına  biganə qalmamalıdır, öz etiraz səsini ucaltmalı və bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq göstərməlidir: "Biz sizi Azərbaycanla bərabər dünya mədəniyyətinin də bir parçası olan abidələrin məhv edilməsinə ciddi etiraz səslərinizi ucaltmağa çağırırıq. Xatırladım ki, aprelin 2-də Azərbaycanın böyük bölgələrindən biri olan Kəlbəcərin işğalından 26 il keçdi. Mayın 8-i isə qədim Şuşa şəhərinin işğalının 27-ci ili tamam olacaq. Evlərinə dönə bilməyən bütün azərbaycanlı məcburi köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha faəl mövqe, bu istiqamətdə səylərinizi daha da artırmağınızı gözləyirlər. AŞPA həmin insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdırlar". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR