"Bunu da keçdik, heç olmasa, reklam versinlər"

img

02-04-2019 [15:44]


Bahəddin HƏZİ,

"Bizim Yol"un Baş redaktoru

***

"Bizim Yol"a dəstəyiniz və dəyərləndirməniz üçün təşəkkür edirəm, Qulu müəllim. Var olun!

 Bizim üçün çətindir, amma mənim tələbatım böyük deyil. Dəbdəbəli həyata can atmıram. Siz bunu bilirsiniz. Mən sadəcə qəzeti yaşatmaq və bu vəsilə ilə əməkdaşlarımızın sosial durumunu daha da artırmaq istəmişdim. Amma, bəlkə də, belə daha yaxşıdır. 

Görünür, dostumuz, professor Nazim İmanovun: "Jurnalist elə bir az kasıb olsa yaxşıdır" tezisi doğruymuş.

Onu da deyim ki, mən ən çox cəmiyyətdən umuram. Bu gün cəmiyyətimizdə ciddi, obyektiv, analitik həftəlik nəşrin yaşamasında maraqlı olan 1000-1500 adam tapılsa, onlar sadəcə, ayda 2 manatından keçib bu qəzetə abunə yazılsa, o zaman davam etmək olar. Yəni mediaya dəstək onu oxumaqdan başlayır. Söhbət bizdən getmir; başqalarını oxusunlar. Ancaq oxusunlar. Restoranda bir oturuma 200 manat hesab ödəyənlər, bir ayda 2 manat verib qəzet almaq istəmir. Media siyasəti, bölgü-filan - bunlar məlumdur. Qəzetlər niyə dövlət dəstəyinə məcbur qalıb?! Qəzetlər niyə güclü deyil?! Çünki arxasında oxucu gücü yoxdur. Deyəcəklər: "Yaxşı qəzet buraxın, alaq oxuyaq". 

Düz də deyəcəklər. Restoranda yaxş yemək üçün axırda hesab verirsən. Amma qəzet belədir ki, onun bizim reallığımızda bazarı dağılıbsa, yayımına əngəl varsa, birbaşa redaksiyaya vəsait ödəyib abunə ola bilər insanlar. 

Redaksiya da qazandığının bir hissəsini bu qəzetləri çatdırmağa yönəldər - özünün yayım sistemini qurar və sair. Yəni, bir sözlə, yaxşı qəzet istəyirsinizsə, onun yaşamasını istəyirsinizsə, abunə olun, imkanlı adamlar konkret media layihələrinə sponsor olsun, messanatlıq etsin. Onu da keçdik. Reklam versinlər. Mən də, təbii ki, bu yanaşmadan, bu bölgüdən məmnun deyiləm. Amma azad, güclü media orqanı yaratmaq istəyənə dövlət dəstək vermirsə, cəmiyyət, xüsusilə, iş dünyası dəstək versin.

 Mirzə Cəlil "Molla Nəsrəddin"i nəşr edəndə heç milli dövlətimiz yox idi. Böyük xanəndə Seyid Şuşinski Tiflisdə bəyzadələrin toyundan qazandığı qızıl onluqlardan özünə lazım olan qədər götürüb aparıb qalanını Mirzə Cəlilə verirdi ki, jurnalını buraxsın. Bundan sonrasını davam etmirəm. Qalanını özünüz müqayisə edin, əziz dostlar. Varmı bu gün Seyid Şuşinski?!

 Bir sözlə, "BizimYol" qəzetinin yaşamasını istəyən varsa, dövləti gözləməsin, gəlsin özü dəstək olsun. O dəstək qəzeti buraxmaq həddində olacaqsa, biz davam edəcəyik. Oxucularımızın qəzeti olaraq. Olmayacaqsa da, deməli, bu cəmiyyətə qəzet lazım deyil.

Zəruri qeyd: B.Həzi bu cavabı Qulu Məhərrəmlinin statusuna cavab olaraq yazıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR