“2015- ci ildən ticarət mərkəzinə xəbərdarlıq etsək də...” - Nazir

img

28-03-2019 [16:50]


"Bakının Nizami rayonundakı ticarət mərkəzində yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında da əks olunub”.

Mia.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə deyib.

Nazir deyib ki, yanğının başvermə səbəbləri, əhatə dairəsi və həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

O bildirib ki, hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə yaxınlaşıb və ilkin tədbirlər həyata keçirilib.

Yanğının mənbəyinin ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadan başladığını deyən Kəmaləddin Heydərov qeyd etdi ki, yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında da əks olunub. Yanğının söndürülməsinə 35 yanğınsöndürən maşının və 3 helikopterin cəlb olunduğunu deyən nazir bildirdi ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyədək əməl olunmayıb. Kəmaləddin Heydərov dedi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və rayon icra hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib və bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkaponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub.

Nazir hadisənin fəsadlarının aradan qaldırılması və yanğının ətraf binalara keçməməsi üçün bütün lazımi tədbirlərin operativ görüldüyünü vurğuladı. O, hadisənin başvermə səbəblərinin araşdırılması məqsədilə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görüləcəyini və əldə edilən ilkin materialların komissiyaya təqdim ediləcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR