“İnsanovin” nədir, hansı xəstəlikdə istifadə olunur? – Milyonlar qazandıran ixtira

img

18-03-2019 [15:55]


Xəbər verdiyimiz kimi, martın 16-da prezident İlham Əliyev Əfv sərəncamı imzaladı. Sərəncama əsasən, keçmiş səhiyyə naziri Əli İnsanov da həbsdən azad olundu.

Ə. İnsanovun 14 il sonra həbsdən azad olunması, elə həbsxana qapısındaca hakimiyyətə qarşı sərt çıxışları onun bir müddət gündəmdə olacağını göstərir. Sabiq nazirin özü ilə bərabər onun vaxtilə hazırladığı "insanovin” dərmanı da gündəmə gəlib. Amma çoxları bu dərmanın hansı xəstəliklər üçün nəzərdə tutulduğunu bilmir.

"Yeni Sabah” bununla bağlı araşdırma aparıb. Bir daha qeyd edək ki, Ə. İnsanov Azərbaycanın ilk dərman preparatı "insanovin"in və yerli təbii dərman bitkilərindən hazırlanmış "İnsanov bronxoliti"nin müəllifidir. Həmin dərmanlar 1998-ci ildə Sankt-Peterburqda səhiyyədə islahatlara həsr olunmuş Beynəlxalq Konfransın qızıl medalına layiq görülüb.

Məlumata əsasən, 1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ET Ağciyər xəstəlikləri institutunda akademik Ə.İnsanovun aldığı ilk ofisinal vətən preparatı olan «İnsanovin» bronxial astmanın müalicəsində istifadə olunub.Dərman təkcə, respublikamızda deyil, Rusiya, Türkiyə, Hindistan, Ukrayna, Gürcüstan və Türkmənistanda da klinikalarda uğurla tətbiq edilir. Bu preparatın digərlərindən bir sıra üstünlükləri var.

Məlumdur ki, əvəzsiz müalicə vasitəsi olmaqla bərabər, qlükokortikoidlərin bəzi zərərli təsirləri də var. Əvvələ bunları uzun müddət işlətdikdə, əks əlaqə prinsipi üzrə vəzidə həmin hormonların sekresiyası zəifləyir, qəbulunu kəsdikdən sonra isə vəzi özü kifayət qədər hormon hasil edə bilir. İkincisi, qlükokortikoidlərin kiçik dozalan iltihabın qarşısını aldığı halda, böyük dozaları əksinə, həmin prosesi ağırlaşdırır. Üçüncüsü, qlükokortikoidlərin uzun müddət qəbulu orqanizmdə elektrolit balansını pozur, ürək çatışmazlığına şərait yaradır.

"İnsanovin” preparatının isə belə ciddi əlavə təsirləri yoxdur. Birdəfəlik təyinatda tərkibinə komponentlərinin minimal dozaları (150 mq teofilin, 40 mq xloroxin-fosfat, 25 mq efedrin - hidroxlorid, 1 mq prednizolon) daxil olan bu preparat daha effektlidir və daha yüksək farmakoloji aktivliyə malikdir.

İnsanovinin bronxları genəldici təsiri tez və ağırlaşmasız başlanır (dozasından asılı olmayaraq, «boğulma» simptomu kimi əlavə effekt törətmir), tədricən inkişaf edir və uzun müddət davam edir. İllərlə işlədildikdə belə müalicəvi təsiri zəifləmir və dozasını yüksəltmək lazım gəlmir.

İnsanovinin yerli təsirindən stomatologiyada parodontozun müalicəsində istifadə edilməsinin də ilkin klinik sınaqları uğurlu olub.

Dərmanın tibbimizdə istifadə olunub-olunmamasını öyrənmək üçün tibb üzrə ekspert Adil Qeybulla ilə əlaqə saxladıq.Ekspert "Yeni Sabah”a açıqlamasında bildirdi ki, bu haqda məlumatı yoxdur. A.Qeybulla dərman preparatının nə olduğu haqda da məlumat verib:

"Həmin preparatdan məlum motivlərə görə, indi istifadə olunmasına inanmıram. Dərman preparatı ona deyilir ki, hansısa kimyəvi struktur orqanizmdə faydalı terapevtik effekt törədir. Hansısa xəstəliyin müalicəsində istifadə olunur, məsələn, qan təzyiqini endirir, qan damarlarını genişləndirir, ya sıxlaşdırır. Yəni hansısa fizioloji effekt törədir. Buna dərman preparatı deyirlər. Dərman preparatını yenisi ilə əvəz etmək, yəni yaratmaq üçün bir neçə tələb var. Məsələn, bir neçə tozu qarışdıranda qarışım olur. Amma konkret dərman növündən söhbət gedirsə, buna bir neçə tələb irəli sürülür.

1.Məsələnin texniki həlli- yəni bu dərman hansı formada olacaq, necə hazırlanacaq, hansı kimyəvi strukturda olacaq;

2.Elmi yenilik - yəni bu preparat başqalarından fərqli olaraq hansı yeni xassəyə malik olacaq;

3.Əməli, ciddi fərqlər - Yəni bu dərman preparatı tətbiq olunarkən eyni analoqlarından fərqli təsir etməlidir.

4. Bütün bu şərtlər onu patentləşdirməyə, yeni dərman növü kimi tanımağa imkan verir. Əks halda o dərman maddəsi deyil, qarışım sayılır.

Adını çəkdiyiniz dərmanla bağlı heç bir informasiyaya malik deyiləm. Yəni o dərmanı işlətməmişik”.

Onu da qeyd edək ki, Ə. İnsanov vaxtilə məhkəmə prosesləri zamanı var dövləti ilə bağlı suallara belə cavab vermişdi: "Mən ixtiraçı aliməm, dərman (İnsanovin) kəşf etmişəm.Həmin dərmanın xaricdə istehsalından pul qazanmışam və indi də qazanıram. Qazancımdan Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 100 min dollarlarla vəsait ödəmişəm.Həmin ödəmələrlə bağlı sənədi istintaq orqanlarına və Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmişəm”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq