Heyvanlar dabaq xəstəliyi əleyhinə peyvəndləndi

img

18-03-2019 [13:41]


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Şirvan şəhərində heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri görür.

DBX-dən Mia.az-a verilən məlumata görə, hazırda ölkədə olduğu kimi, Şirvan şəhərində də "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

Şirvan şəhəri ərazisində 2 660 baş iribuynuzlu, 14 200 baş xırdabuynuzlu, 50 baş təkdırnaqlı, 500 baş sahibli it və 260 000 baş ev quşu mövcuddur.

Hazırda Şirvan Şəhər Baytarlıq İdarəsi tərəfindən Şirvan şəhər sakini Bədirov Bədirxana məxsus fərdi təsərrüfatda, bağlı şəraitdə saxlanılan 42 baş iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. 

Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbirlər icra edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi şəhər ərazisinə daxil olan ayrı-ayrı təsərrüfatlarda 2 230 baş iribuynuzlu, 35 baş təkdırnaqlı heyvanda qarayara, 221 baş sahibli itdə quduzluq, 35 963 baş körpə cücələrdə ("La-sota” ştammı ilə) və 14 972 baş ev quşlarında ("H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Fevral ayından isə Şirvan şəhəri ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2 286 baş iribuynuzlu heyvanda bu tədbir aparılaraq, 850 kvadratmetr sahədə profilaktik dezinfeksiya və 740 kvadratmetr sahədə profilaktik dezinseksiya işləri icra edilib. Hazırda şəhər ərazisində saxlanılan xırdabuynuzlu heyvanlarda "Rev-1” vaksini ilə brusellyoz, А,О vaksinləri ilə dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır. Ümumiyyətlə, şəhərin ərazisinə daxil olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri "soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin risklər və yeni yanaşmalar barədə heyvan sahibləri məlumatlandırılırlar.

Şəhər ərazisində saxlanılan heyvanlar arasında aparılan profilaktik peyvəndləmə və əhali arasında maariflənmə işlərinə şəhərdə fəaliyyət göstərən aqrar inkişaf könüllüləri də dəstək verirlər. Aqrar inkişaf könüllülərinin əsas məqsədi aqrar sahənin inkişafına dəstək vermək, aqrar sahədəki problemləri müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltmək və bu sahədə gələcək üçün karyera qurmaqdır. Hazırda Şirvanda Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə yaradılmış 10 nəfərdən ibarət aqrar könüllülər bu fəaliyyətlə məşğuldur.

Şirvan şəhəri ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, nodulyar dermatit, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.

DBX bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq