Azərbaycanla Belarusun istintaq orqanları arasında “Əməkdaşlıq haqqında saziş” imzalandı - FOTO

14-03-2019 [17:22]

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, martın 14-də tərəflər arasında Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib.

Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Belarus dövlətlərinin sınanmış liderləri İlham Əliyev və Aleksandr Lukaşenkonun müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib.

Məhz bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq və istintaq orqanları arasındaqarşılıqlı faydalıəməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu bildirilmişdir. Bu əlaqələr çərçivəsində 2018-ci ilin noyabr ayında "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”in imzalanmasının ölkələrimizin prokurorluq və istintaq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Görüşdə Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Belarusun Azərbaycanla hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən İ.Noskeviç iki ölkənin istintaq orqanları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Müzakirələrin nəticəsi olaraq iki dövlət orqanı arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən "Əməkdaşlıq haqqında saziş” imzalanıb.

Saziş cinayətkarlıq və terrorçuluğa qarşı mübarizə, xüsusən də onun mütəşəkkil formaları, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlər və cəmiyyət üçün ciddi təhlükə təşkil edən digər cinayətlərin qarşısının alınmasında birgə əməkdaşlığı, informasiya və təcrübə mübadiləsini, hüquqi yardim və digər sahələri əhaətə edir. Saziş mövcud münasibətlərin yeni səviyyəyə qaldırılması, ölkələrimizin tərəfdar olduğu beynəlxalq əməkdaşlığa dair sənədlərin icra olunmasının ikitərəfli səviyyədə təsdiqlənməsi, tərəflər arasında qarşılıqlı etimadın bir daha bəyan edilməsi və bir-birinin milli qanunvericiliyinə hörmətin ifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Belarus nümayəndə heyəti daha sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub.

Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan islahatlar, Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Nümayəndə heyətinin üzvlərinin çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər və prokurorluq orqanları tərəfindən bu qəbildən olan cinayət işləri üzrə ibtidai araşdırmaların aparılması sahəsindəki fəaliyyətə dair sualları ətraflı cavablandırılıb.

Görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olub. Nümayəndə heyətinə idarədə istintaq edilən sülh və insanlıq, şəxsiyyət, dövlət hakimiyyəti əleyhinə, iqtisadi və digər sahələrdə törədilən ağır və xüsusilə ağır cinayətlərin istintaqı ilə bağlı ətraflı məlumat verilib. İ.Noskeviç kriminalistik işinin təşkili, eləcə də "Elektron cinayət” və "Elektron sənəd dövriyyəsi” informasiya proqramlarının Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Belarus nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.



SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə