Nəsimi məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi üzrə Naxçıvana gedir

14-03-2019 [15:39]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan məktəblilərlə görüş keçirilib.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu ilin 15-18 mart tarixlərində "Ölkəmizi tanıyaq” devizi altında məktəblilərin Naxçıvan Muxtar Respublikasına növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.

İlk əvvəl qrupun təşkili məsələləri həll olunmuş, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmiş, Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunmuşdur. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınmış, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən edilmiş, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur. Təsdiq olunmuş proqrama əsasən Nəsimi rayon yeniyetmələri Naxçıvan Muxtar Respublikasının görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri ilə yaxından tanış olacaqlar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınmışdır. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əvəzsiz iz buraxacaqdır. İştirakçıların bir çoxu ölkəmizin bu bölgəsinə ilk dəfə səfər edəcək və onlar evlərinə çox böyük təəssüratlarla qayıdacaqlar.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblilərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Bildirmişdir ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.Qeyd olunmuşdur ki, cari ilin yay aylarında da Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələr üçün respublikamızın dilbər güşələrində hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələrinin təşkil olunması nəzərdə tutulmuşdur.

Tədbirdə çıxış edən- Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova və valideynlər ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Tədbirdə tur aksiya iştirakçıları tərəfindən "Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə ifa edildi. Daha sonra tədbir 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin rəngarəng milli rəqsləri ilə başa çatmışdır.






SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə