"Qarabağ məsələsində vahid mövqeyə gəlsəydik, torpaqlarımızı itirməzdik" - İqbal Ağazadə

img

20-02-2019 [17:50]


Son dövrlər ölkədə ictimai-siyasi proseslərdə aktivliyin artması müşahidə olunur. İstər hakimiyyətin islahat xarakterli addımlarının artması, istərsə də müxalif düşərgədəki hərəkətlilik hiss olunmaqdadır. Ümid Partiyasının sədri İqbal Ağazadə bu barədə unikal.org-a müsahibə verib. 

Mia.az müsahibəni təqdim edir:

-İqbal bəy, son dövrlər ölkədə ictimai-siyasi dinamiklik artıb. Apardığınız müşahidələr hansı qənaət yaradır, hazırda ölkədə nə baş verir?

-Əslində, mənim üçün təsadüfi heç nə baş vermir. Bir neçə il öncə bildirmişdim ki, 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlində Cənubi Qafqazda, eləcə də Azərbaycanda proseslər daha dinamik hal alacaq. Bu da dünya düzəninin dəyişdirilməsi ilə bağlı iri dövlətlərin proseslərə fərqi yanaşmasının nəticəsidir. Əslində, 2018-ci ildə ilk dəyişiklik Ermənistanda baş verdi və uzun illər hakimiyyətdə olan Sarkisyan getdi. Təbii ki, bu, Cənubi Qafqazda başlayan prosesin işartıları idi. Onun ardınca Gürcüstandakı seçkilər də bu prosesin davamı kimi qiymətləndirilə bilər. Eyni zamanda, gözlənilmədən növbədənkənar Prezident seçkilərinin keçirilməsi də onu göstərdi ki, hakimiyyət dinamikanın artacağını bilirdi. Yəni, dünyada yeni yanaşmalar ortaya çıxmaqdadır, demokratik olmayan, eləcə də post-sovet ölkələrindəki hadisələr Azərbaycandakı dinamikanı artırır. Hesab edirəm ki, 2019-cu ilin qarşıdakı dövründə hadislərin dinamikliyi bir az da artacaq. Ola bilsin ki, bunun fonunda da hakimiyyət müxtəlif addımlar atmağı şərt kimi qəbul etsin.

-İqbal bəy, qeyd etdiyiniz dəyişikliklər sıravi Azərbaycan vətəndaşına nə verəcək? İnsanlar bu dəyişikliyi gündəlik həyatlarında hansı formada hiss edəcəklər?

-İnsanların həyatında dəyişikliklərin olması bir günün məsələsi deyil. Amma ictimai nəzarət mexanizmi gücləndikcə, insanlar öz həyatlarında dəyişiklikləri hiss etməyə başlayacaqlar. Korrupsiya, rüşvətxorluq, süründürməçilik, bürokratik əngəllər aradan qalxa bilər. Bundan əlavə də, maaşlar da artırıla bilər, hökumət inflyasiyanın qarşısını almaq üçün çaba göstərə bilər. Ancaq hakimiyyət bunların öhdəsində gələ bilmirsə, belə halda istefaya gedir, yeni hakimiyyət yeni vədlərlə seçici qarşısına çıxır. Bu səbəbdən də sıravi vətəndaşların bu prosesdə itirə biləcəyi heç nə yoxdur.

-Bəs hazırkı situasiya müxalifət üçün nə vəd edir?

-Müxalifət bütün dönəmlərdə cəmiyyətin bir parçasıdır. Ona görə də cəmiyyət nə qazanacaqsa müxalifət də onu qazanacaq. Əgər ölkədə korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı ciddi addımlar atılacaqsa, maaşlar, pensiyalar artacaqsa, bundan müxalifət də uduşlu çıxacaq. Bütün bu addımlar fonunda ölkədki mühit yumşala bilər, müxalifət də öz ideyalarını cəmiyyətə daha rahat çatdırar.

-Ancaq müxalifətin bir qismi ölkədəki vəziyyətin Siz deyən formada dəyişməsindən çox hakimiyyətin dəyişməsini istəyir. Yəni, təki bunlar getsin, qalan məsələlər sonra düzələr prinsipində olanlar da az deyil. Sizcə, hansı daha səmərəlidir?

- Mən hesab edirəm ki, əvvəlcə barış, dialoq, yumşalma olsun, sonra hakimiyyət dəyişər. Bu, daha yaxşı variantdır. Əvvəlcə hakimiyyət getsin, sonra barış, dialoq olsun variantı çətin və ağrılı prosesdir.

-Son aylar müxalifətdə yeni birliklərin yaranması istiqamətində bir sıra cəhdlər oldu, amma nəsə nəticə olmadı...

-Bilirsiniz, cəmiyyət axtarışdadır, ayrı-ayrı fərdlər də axtarışdadır. Hər kəs daha optimal model axtarır, qələbənin daha rahat formatını tapmaq istəyir. Bəzən bunu birləşməkdə, bəzən ayrılmaqda görürlər. Ona görə də bunu təbii qarşılamaq lazımdır.

-Ancaq kənardan o qənaətə gəlinir ki, bu adamlar hətta Qarabağ məsələsi ətrafında belə vahid mövqeyə gələmirlərsə...

-Qarabağ məsələsində vahid mövqeyə gəlmək mümkün olsaydı, heç torpaqlarımızı itirməzdik. Bir də ki, ən mürəkkəb məsələdə necə vahid mövqeyə gəlmək olar? Biri deyir ki, bu hakimiyyət getsə, həll olunar. Biri deyir, bu hakimiyyətlə həll eləmək lazımdır. Bir qism müharibə istəyir. Bəziləri sülh yolunu optimal sayır. Görün, nə qədər mövqelər var. Bu mövqedə olan insanları bir araya gətirmək elə də asan deyil.

-Təkcə bu məsələ deyil. Siz də daxil olmaqla, müxalifət nümayəndələri hər zaman bir-birinizlə intriqa aparmaq üçün nəsə tapırsız...

-Mən intriqalarda yoxam. Çalışıram ki, hər kəsin atdığı addımlara da çox xoşgörülü yanaşım. Hesab edirəm ki, hər kəs öz mövqeyini ifadə etməkdə azad və sərbəstdir. Ona görə heç kimi ittiham eləmirəm. Məni də ittiham edirlər, olsun, onu da normal qəbul edirəm. Niyə belə olur? Cəmiyyətin problemləri o qədər çoxdur və problemlər həll olunmayanda insanlar günahkar axtarmağa başlayır. Müxalifət düşərgəsində də belədir. İqtidarı dəyişə bilməyəndə öz aramızda günahkar axtarırıq, nə edək. Problem böyükdür. İnsanlar çalışır ki, bunu bir-birinin üzərinə yıxaraq ən azı vəziyyəti növbəti mərhələdə öz xeyrinə dəyişə bilsin.

-Vəziyyətin bu şəkildə olmasında müxalifətin günahı nədir?

-Müxalifətin çox böyük günahı var. O günah da odur ki, indiyə qədər bu hakimiyyəti dəyişə bilməyib. Əgər dəyişə bilsəydi, indi müxalifət ittiham olunmazdı, özləri də aralarında çəkişməzdilər. İndiyə kimi hakimiyyətə gələ bilmədiyi üçün nə qədər istəsən müxalifətin ayağına günah yazmaq olar.

-Bu günahda şəxsən Sizin payınız nə qədərdir?

-O günahda ən böyük pay elə mənimdir. Tam səmimi deyirəm. Mən də üzərimə düşən missiyanı, hakimiyyəti dəyişməyi bacarmamışamsa, deməli, ən böyük günah məndədir.

-İqbal bəy, parlamentdə təmsil olunduğunuz dövrdə daha aktiv idiniz, rəsmi və qeyri-rəsmi görüşləriniz olurdu. İndi vəziyyət necədir?

-Mənim indi də hamı ilə münasibətim var. Zərurət yarananda hər kəslə, o cümlədən keçmiş həmkarlarımla görüşürəm, müzakirələr aparıram. Biz Azərbaycan vətəndaşlarıyıq. Mən onun mövqeyini bölüşməyə bilərəm, amma şəxsi münasibətlərin buna aidiyyatı yoxdur. Kimin fəaliyyəti məni qane etmirsə, etik normalar çərçivəsində mövqeyimi bildirimişəm, bundan sonra da bildirəcəyəm.

-Bir müddət öncəyə qədər Qüdrət Həsənquliyevlə əlaqələrinizin sıx olduğu, amma son dövrlər sanki bir soyuqluğun yarandığı bildirilir...

-Münasibətlərdə hər hansı soyuqluq yoxdur. Rastlaşanda görüşürük, söhbət edirik, normal münasibətlərimiz var. Yenə də deyirəm, heç kimlə problemim yoxdur. Məni sevənlərlə də, sevməyənlərlə də münasibəti korlamıram. Mənim yolum da, siyasi xəttim də, məsələlərə münasibətim də açıqdır. Heç kimin arxasınca danışmıram. Kiminsə hansısa addımını qəbul eləmirəmsə, onu da açıq şəkildə ifadə edirəm. Amma elə ifadə edirəm ki, şəxsi münasibətlərin pozulmasına səbəb olmur.

-Artıq bir neçə ildir ki, deputat deyilsiniz. Mandatın yoxluğunu hiss edirsiz?

-Mandat olanda daha çox çıxış edə bilirdim, hökumət üzvləri ilə daha çox təmasda olub, problemləri birbaşa deyə bilirdim. İndi sözümüzü onları görmədən deyirik. Yəni, fərq bundan ibarətdir.

-Onu nəzərdə tutmuram, kənardan Sizə münasibət dəyişibmi?

-Məşhur bir misal var. Mən ayaqüstə olanda dostlarım məni gördü, diz üstə olanda mən dostlarımı gördüm. Əgər bu fəlsəfədən yanaşırsızsa, mandatın olub-olmamasının mənim üçün fərqi yoxdur. Mən hər zaman ayaqüstə olmuşam. Mən siyasəti olduğum yerə görə yox,düşüncə təfəkkürümə görə müəyyənləşdirirəm.



Digər xəbərlər
SON XƏBƏRLƏR