Nazirlər Bakıda toplantıda: Prezident İlham Əliyev çıxış etdi: "Bu, bizim üçün prioritetdir" + Fotolar

img

20-02-2019 [15:26]


Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda nitq söylədi.

***

 "Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib.

Dövlət başçısı qeyd edib ki, o zaman Azərbaycan nəhəng "Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzalayıb: 

"Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməldaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cu il əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq".

Prezident deyib ki, bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq: "Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan, 1990-cı illərin sonunda Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir".

Prezident bildirib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir: "Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir”.

Prezident daha sonra deyib: "Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir və o dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir”.


***

Avropa Komissiyasının komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger çıxış etdi.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib.

Sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, TANAP-ın baş direktoru Saltuk Düzyol və TAP-ın icraçı direktoru Luka Şipati çıxış etdilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR