İran-Azərbaycan sərhədində insident - Sərhəd pozucusu güllələndi

img

11-02-2019 [11:51]


2019-cu ilin 11 fevral tarixində saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 1 nə­fər naməlum şəxs müşahidə olunub.

Dövlət Sərhəd Xidmətindən Mia.az-a verilən məlumata görə, sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Res­publikası istiqa­mətində geriyə doğru qaçıb.

"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Res­pub­likasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub