Şriftin ölçüsü / 62 dəfə oxunub

İdeoloji təxribatla üzləşmək istəmirsinizsə...

11 Fevral 2019 [11:38]
Müdriklərin "Riyakarın qiyafəti işıq, məzmunu kölgədir”,- deyimi çağdaş dünyamızda aktuallığını qorumaqla yanaşı, həm də adiləşməsi ilə diqqəti cəlb edir. Əfsuslar olsun ki, bu aforizmdən irəli gələn və həyatın müxtəlif sahələrində müşahidə olunan keyfiyyətlər son zamanlar din, inanc kimi mənəvi dünyamıza da sirayət etdirilir. Bəli, etmir, məhz etdirilir. Çünki hər bir inanc sistemi, o cümlədən də mənsub olduğumuz cəmiyyətin mənəvi aləmini tənzimləyən sonuncu səmavi din – İslam dini riyakarlığı ən qəbih əməl kimi səciyyələndirir və insanlığı, xüsusilə özünü müsəlman sayanları belə naqislikdən çəkinməyə səsləyir.

Yüzillərdir ki, dindar insanlar müqəddəs məkanları ziyarət edir, xüsusilə Məhərrəm ayında "Ərbəin” ziyarətinə getməklə İmam Hüseyn müsibətinin baş verdiyi yerləri görüb, bəlkə yüzlərlə kilometr məsafəni piyada qət edir, bu əməldən feyz alaraq özümüzü mənən rahat hiss edirik. Təəssüf ki, insanların mənəvi rahatlığından, eyni zamanda o yerlərin insana verdiyi paklaşmadan sui-istifadə edənlər, məkrli plan hazırlayanlar da var. Zaman-zaman inanclı insanların saflığından istifadə edilməsi barədə eşitmiş, amma bunların keçici, nadir hadisə olduğunu düşünürdüm. Amma, belə deyilmiş.

Bu yaxınlarda polisdə çalışan dostumla həmsöhbət olarkən, o, məni hədsiz dərəcədə heyrətləndirən məsələlərdən bəhs etdi və mən eşitdiklərimdən həm həyəcanlanır, həm də qəzəblənirdim. Söhbətə qulaq asandan sonra xeyli fikirləşdim və bu barədə yazmasaydım özümü bağışlaya bilməzdim. Deməli, "Ərbəin” ziyarətinə gedən həmvətənlərimizə bəzi ölkələrin məxfi idarələrinin əməkdaşları əvvəlcə başqa adlar altında yaxınlaşır, onlarla "səmimi” ünsiyyət qurur, sonra da əsil simalarını göstərib, ziyarətə getmiş İmam Hüseyn əzadarını müxtəlif yollarla xəyanət uçurumuna yuvarlayırlar. Əfsuslar olsun ki, bunu edənlərin də qiyafəsi dini-İslam, hətta şiəlikdir. Bəli, mahiyyəti deyil, məhz qiyafəsi...

Zənnimcə, məni belə düşünməyə vadar edən məsələ barədə ətraflı məlumat vermək yerinə düşərdi. Ona görə ki, bu nə əvvəlincidir, nə də axırıncı.

Deməli, bu yaxınlarda bizim hüquq-mühafizə orqanları bir əməliyyat həyata keçirib və görülən tədbirlər nəticəsində ölkəmizin vətəndaşı İmanov Hüseyn Əliağa oğlunun üzərində narkotik vasitə olan heroin aşkar edilib. Bu işlə əlaqədar H. İmanovun evində axtarış aparılıb və bu zaman evinin divarlarından asılan şəkillərdən, bəzi əşyalardan məlum olub ki, bu adam həm də dindardır və onun əməli ilə dindarlığının təzad təşkil etməsi, istər-istəməz orqan işçilərində təbii maraq oyadıb.

Hüseyn İmanovla aparılan söhbət, sonra da ilk sorğu-sual zamanı məlum olub ki, o, özünün dediyi kimi tələyə düşüb. Belə ki, "Ərbəin” ziyarətində olarkən, məqsədli şəkildə dindar qiyafəsinə bürünmüş xarici ölkələrdən birinin gizli idarəsinin əməkdaşı onunla tanış olub. Məlum olub ki, adı Muhamməd olan bu şəxs xaricdə terror-təxribat fəaliyyətinin həyata keçirilməsi üzrə ixtisaslaşmış əməkdaşdır. Hüseyn İmanovla tanışlıqdan sonra bir müddət telefon vasitəsilə onların münasibətləri davam edib. Əcnəbi əməkdaş həmvətənimizi təsir altına salıb və israrla ölkəsinə dəvət edib. Nəhayət, əsil simasını göstərən Muhamməd, orada onu ideoloji təsir altına salıb və maddi maraq müqabilində ələ alıb.

Yazımın əvvəlində dediyim kimi, təəssüf ki, sadəlövh insanların inanclarından hər zaman müəyyən qüvvələr yararlanmağı bacarıb. Muhamməd də, soydaşımızın dini hisslərindən yararlanaraq onunla Azərbaycan əleyhinə söhbətlər aparmış, sonuncuya respublikamızın, doğma vətənimizin mənafeləri zərərinə olan tapşırıqlar vermişdir. Muhamməd bununla kifayətlənməyib və həmçinin onun dinindən olmayanlarla mübarizə apardıqlarını bildirmiş, onlara qarşı terror aktı törətməyin vacibliyini H. İmanova təlqin etmişdir. O həddə çatıb ki, artıq din söhbətini yeri gələndə kənara qoyub, Hüseyn İmanova kriminal mühitə nüfuz etmək, habelə «avtoritet»lərlə əlaqələr yaratmaq tapşırığını verib. Görünür nəzərdə tutduqları cinayətlərin miqyasını böyütmək, xarakterini də daha qəddarcasına həyata keçirmək məqsədini güdüblər. Muhamməd, verdiyi tapşırıqlar icra olunmayacağı təqdirdə, Hüseyn İmanovu ailə üzvlərinin həyat və sağlamlığına zərər vurmaqla təhdid edərək onu psixoloji təsir altında saxlamışdır. H. İmanov etiraf edib ki, Muhamməd tərəfindən ona hədə-qorxu gələrək Azərbaycan ərazisində terror-təxribat hərəkətlərinin törədilməsinə sövq edilib.

Eşitdiklərim, nəinki bir vətəndaş, həmçinin bir müsəlman və insan olaraq məni doğrudan da hiddətləndirdi. Sual yaranır ki, sən İslam adından danışır, üstəlik özünü on iki imam ideyasının bayraqdarı sayırsansa, sərgilədiyin davranış nədən qaynaqlanır? Sən nə haqla cənnət gənclərinin ağası, seyyiduş-şühəda İmam Hüseynin (ə) hərəminin zəvvarlarını etiqadi və ideoloji təxribata məruz qoyursan?

Muhamməd kimilərinin dini ideya, yoxsa siyasi-ideoloji baxış olduğu bəlli olmayan dövlət ideologiyalarını "ilahi qaynaqlı təlim” adı ilə əldə bayraq etməsini düşünərkən, hələ ötən əsrin əvvəllərində böyük ədibimiz Mirzə Cəlilin öz mənafeləri üçün dini dəyərlərdən sui-istifadə edənlərə yönəlmiş çağırışını xatırlamamaq olmur: "...bunu da biliniz ki, ey mollalar, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir, keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb, haman yoğun dəyənəkləri əlinizdən alar və başlar ... dəxi dalısını demirəm”.

Əlbəttə, ola bilər ki, bu gün mühammədlər kimlərinsə sadəlövhlüyündən, məlumatsızlığından istifadə edib onları yoldan çıxara bilirlər, lakin bu gec-tez onsuz da faş olmağa məhkumdur.

Digər tərəfdən, belə hərəkətlər nə qədər hiddət doğursa da, yenə də istəməzdik adekvat təbliğatlar aparaq. Misal üçün, əgər, öz pozucu xarakterli əməllərinə "müqəddəslik” donu geyindirən biriləri mənim dövlət quruluşumu və ideologiyamı mənim həmvətənlərim qarşısında gözdən salmağa çalışırsa, ölkəsinə və dəyərlərinə sadiq bir vətəndaş kimi mənim də borcumdur ki, onları layiqli cavablandırım.

Lakin mütəxəssislərə, alimlərə sual ünvanlayıb hansısa dövlətin "müqəddəs”lik donu geydirdiyi ideologiyanı müzakirəyə çıxarıb gerçək dini dəyərlərə aidiyyətini şübhə altına almağı da özümə rəva görmürəm. Dövlətə, cəmiyyətə və insanlığa ehtiram naminə. Ehtiram isə birtərəfli deyil, qarşılıqlı olur. Bir də gerçək İslam keşikçisi, İslamın dəyər verərək Yer üzünün əşrəfi saydığı İnsanı riyakarlıqla din adı ilə uçuruma yuvarlamaz. Unutmamalıyıq ki, insan nə qədər sürətli qaçsa da, bir Uca Yaradanın nəzərindən, bir də öz vicdanından uzaq düşə bilməz.(Moderator.az)

Hacı Hüseyn Əlizadə


SON XƏBƏRLƏR