"Ya küçə, ya da kafe var, get ora..." - Haqsız cərimələnən hüquqşünas DYP-dəki vəziyyətdən yazdı

img

06-02-2019 [21:03]


"Bu gün Bakı Şəhər Dövlət Yol Polisinin inzibati binasına getmişdim. Xoş olmayan bir mənzərə ilə üzləşdim. Deməli, inzibati binaya çatana qədər üzü yuxarı bir neçə yüz metr piyada hərəkət etməlisən. Gəlib çatıb içəri daxil olandan sonra gəlişin məqsədi soruşulur və çıxıb binanın həyətində növbə gözləmək təklif olunur. Çöldə isə bər külək, tozanaq və sərt hava".

Mia.az xəbər verir ki, bunu hüquqşünas Sahib Məmmədov özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, çöldə gözləməyə etiraz etsə də, nəticəsi olmayıb: "Deyirəm ki, hava soyuqdu, olarmı burda gözləyim? Qətiyyən olmaz. Onda təklif edirəm ki, məni qəbul otağına aparın, orda gözləyim. Qəbul otağı yoxdur. Çölə baxıram, bir neçə şəxs tozanaqda gözləyir. Bu zaman mühafizəyə inzibati binanın dövlət orqanının binası olmasını, özümün isə vergiödəyicisi olmağımı xatırladıram. Cavab bu olur ki, dəxli yoxdur. 

Mən yenə də israr edirəm ki, dövlət idarəsində vətəndaşla belə davranmaq olmaz. Mühafizə edən silahlı zabit isə deyir ki, başqa varinat yoxdur, ya küçə, ya da kafe var filan yerdə, get ora. Kafeyə getsəm, növbəm itəcək. Çək-çevirdən sonra bir zabit yaxınlaşır və məni nəzakətlə içəri dəvət edir. Amma vəd verdim ki, cənab nazirə bu barədə yazacam və təklif verəcəm ki, bu idarədə oturanlara xalqın xidmətçisi olmalarını xatırlatsın. Elə də elədim. Gözləyirəm".

Yeri gəlmişkən, xatırladaq ki, bu gün Sahib Məmmədov yol polisi əməkdaşı tərəfindən qanunsuz cərimələnməsi ilə bağlı başqa bir xəbər də paylaşıb.

Onun sözlərinə görə, avtomobilini texniki baxışa təqdim etmək üçün gedərkən Prezident Adminstrasiyasının qarşısındakı yolda (İstiqlaliyyət küçəsi ilə Nizami küçəsinin kəsişməsində) hərəkət edərək Azneft meydanına dönüb, sonra üzü yuxarı hərəkət edib: 

"Məndən 30-40 metr məsafədə olan DYP əməkdaşı idarə etdiyi motoskillə qəfil yolu dönərək ardımca gəldi və saxlama işarəsi verdi. Məlum oldu ki, DYP əməkdaşı Hüseynov Ceyhun hesab edir ki, mən İXM 327.2. maddəsinin tələbini pozmuşam (60 manat cərimə və 3 bal). 

Hamı bilir ki, bu kəsişmədə intensivlik yüksəkdir və həm də bu kəşişmə AA və PA seriyalı "imtiyazlı" avtomobillərin və onları müşayət edən iriqabaritli avtomobillərin "at oynadığı" məkandır. Mən dönmə hərəkətini edərkən aşağıdan hərəkət edən avtomobillə məsafə 30-35 m olardı. Onun da orta sürəti 30 km-dən çox deyildi. Dönməni eyni vaxtda iki avtomobil etdi. Nədənsə DYP əməkdaşının diqqətini mən çəkdim".

Hüqaqşünas bildirib ki, DYP əməkdaşı ona aşağıdan öz kamaerası ilə çəkdiyi görüntüləri nümayiş etdirib: "Heç nə aydın görünmürdü. Amma mənim hərəkətim aşağıdan gələn avtomobilin sürətini azaltmasına, hərəkət istiqamətini dəyişməsinə səbəb olmamış, heç bir qəza vəziyyətindən də söhbət gedə bilməzdi. Mən dönməni başa çatdıranda, aşağıdan gələn avtomobillə üzbəüz qarşılaşdıq. 
Buna baxmayaraq, mən DYP əməkdaşını inadıra bilmədim və o, protokol tərtib etdi. Onu da qınamıram, çünki göstəriş var. Təcili cərimələr toplanmalıdır. Plan qoyulub. İndi hər yerdə reydlərdir".

Sahib Məmmədov qeyd edib ki, körpülərin altinda gizlənib gözləyən DYP avtomobillərinə addımbaşı rast gəlmək olur: "Mən bilirəm ki, bu cərimələrlə bəzi dövlət orqanlarının əməkdaşlarına əlavə əmək haqqı verilir. Amma cərimələnənlər əsasən kasıb təbəqədir. "İmtiyazlı" təbəqyə söz deyə bilmir DYP.

Məncə bu yaxşı hərəkət deyil. Mən, əlbəttə, şikayət verəcəm. O kəsişmədə gün ərzində avtomobillər az qala bir-birinə sürtülərək keçir. Başqa varinat da yoxdur. Mən isə qarşıdan gələn avtomobilin hərəkətinə heç bir maneə törətməmişəm".

Hüquqşünas sonda yazıb ki, texniki baxışa gedərkən darvazanın qarşısında onu bir DYP əməkdaşı qarşılayaraq, sorğu-sual edib: "Bu barədə yazmaq istəmirəm. 20 manat ödəyib texniki baxışdan keçdim".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR