Kənd təsərrüfatı naziri xalqı aldadır..." - Ekspertlər ittihamlar etdi, nazirlik isə...

28-01-2019 [22:23]
Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq təşkil edir. Hökumət nümayəndələri isə ciddi-cəhdlə bunun əksini söyləyirlər.

Bu günlərdə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Dünya Ərzaq Təşkilatı ilə keçirilən tədbirdə məlumat verib ki, ölkənin ətə və südə olan tələbatının 90 faizini təmin edə bilirik. Yəni, nazirin sözlərinə görə, təminat üçün 10 faiz idxala ehtiyac var.

Nazir bildirib ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun prioritet sahələrindəndir: "Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 4,6 faiz artıb, ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb, bütün növ tərəvəz və meyvə üzrə isə bu göstərici 100 faizdən çox olub".

İ. Kərimov vurğulayıb ki, aqrar sahənin inkişafının əsas istiqamətləri ərzaq təhlükəsizliyinin təminatı, ölkənin sağlam qida ilə təmin olunması və kənd rayonlarının inkişafıdır: "Bu baxımdan bizim prioritetlərimiz FAO ilə üst-üstə düşür. FAO beynəlxalq arenada Azərbaycanın ən vacib tərəfdaşlarındandır".

Kənd təsərrüfatı naziri xalqı aldadır

Vahid Məhərrəmov: "Yeni nazir kənd təsərrüfatından bixəbərdir”

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov isə "Reytinq”ə deyib ki, ölkənin yeni kənd təsərrüfatı naziri bu sektora yad adam olduğu üçün rəqəmləri qarışdırır. V. Məhərrəmovun sözlərinə görə, İ. Kərimovun son dövrlər verdiyi açıqlamaların iqtisadi əsası yoxdur:

"Bir müddət öncə İnam Kərimov demişdir ki, 2020-ci ildə Azərbaycanda 53 milyard dollarlıq əlavə kənd təsərrüfatı məhsulu istehsal olunacaq. Bildiyiniz kimi, nazirin hollandiyalı bir köməkçisi var. Görünür, o, öz ölkəsi üçün belə bir rəqəmi səsləndirib, İnam Kərimov da səhv salaraq, bunu Azərbaycanla bağlı deyib”.

V. Məhərrəmovun fikrincə, aqrar sahə ilə bağlı rəqəmləri təsəvvür edə bilməyən nazirin bu cür açıqlamalar verməsi normaldır:

"Nazirin ət və süd təminatı ilə bağlı dedikləri də bu kateqoriyadan olan açıqlamalardandır. Beynəlxalq norma var ki, bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilib. FAO da bu normanı qəbul edib. İl ərzində adambaşına ət istifadəsi norması 84 kq-dır. Azərbaycanda il ərzində 33 kq ət istehsal olunur. Deməli, normadan iki dəfədən az ət istehsal edirik. Üstəgəl, adambaşına 6-7 kq ət idxal olunur. Yəni, həm daxili istehsal, həm idxal olunan ət ölkənin tələbatının yarısını da ödəmir”.

Süd və süd məhsulları ilə bağlı adambaşına düşən illik tələbata gəlincə, ekspert bunun 360 kq olduğunu diqqətə çatdırıb: "Bu normaya kərə yağı, pendir və sair də daxildir. Azərbaycan isə cəmi 2 milyon ton istehsal edir. Yəni, adambaşına 200 kq-dan da azdır ki, deməli, daxili istehsal 55 faizi güclə ödəyir.

Yumurtaya gəldikdə, tələbat normasının 60 faizini özümüz ödəyirik. Yəni, elə bir məhsul yoxdur ki, Azərbaycan öz istehsalı ilə tələbat normasını ödəsin”.

V. Məhərrəmov diqqətə çatdırıb ki, kənd təsərrüfatı sahəsində kadr və sturuktur islahatları adı altında dəyişiklik həyata keçirilsə də, vəziyyət yaxşılığa doğru dəyişmir:

"Əvvəlki nazirlə indiki nazir arasında fərq ondadır ki, Heydər Əsədov heç olmasa, iqtisadçı idi. Düzdür, o da şişirdilmiş rəqəmlər səsləndirirdi, amma yeni nazir ümumiyyətlə, kənd təsərrüfatından bixəbərdir.

Pambıqda 12 faiz artım göstərirlər. Düzdür, 2017-ci ildə pambıq istehsalındakı problemlər 2018-də olmadı, amma istehsalda artım da baş vermədi. Yəni, istər pambıqçılıqda, istərsə də digər sahələrdə əsas istehsal deyil, məhsuldarlıqdır. Bazar iqtisadiyyatı şəraitində məhsuldarlığın yüksək olması, məhsulun keyfiyyətinin yüksək, maya dəyərinin isə aşağı olması önəmlidir.

Yeni nazir vəd vermişdi ki, ən az 260 min ton pambıq olacaq, ancaq istehsal 228 min ton oldu. 22 rayondan 11-də pabmıq istehsalı ziyanla başa gəlmişdi. Yəni, gələcək üçün də bir əsas qoyulmayıb ki, pambıq istehsalında məhsuldarlıq artsın. Boş-boş vədlər verirlər, ortada heç nə yoxdur.

Son 20 ildə 4 nazir dəyişib, amma aqrar sahənin inkişafı istiqamətində hər hansı dəyişiklik olmayıb.

Bildirirlər ki, meyvə-tərəvəz ixracında irəli getmişik. Amma bu önə çıxmaq Türkiyə məhsullarına Rusiyada qadağanın qoyulması hesabına olub. Əslində, bu sahədə məhsuldarlıq artmayıb.

Taxılçılıqda da vəziyyət demək olar ki, olduğu kimi qalıb, heç bir inkişaf yoxdur.

Quşçuluqda yem istehsalı ilə bağlı uzun müddətdir problem var. Adi quş yemi istehsal edə bilmirlər. Ona görə də yumurtanın qiyməti kəskin artdı. Elan etdikləri statistik rəqəm də reallığı əks etdirmir.

2018-ci ildə heyvandarlıq məhsulları idxalı 130 milyon dollar artıb. Bu da onu göstərir ki, istehsal azalıb. Ət, süd və digər məhsulların qiymətində ciddi artım var. Eləcə də unun, çörəyin qiyməti artıb.

Xatırlayırsınızsa, keçən il bir neçə rayonda sahədə çalışan insanlar zəhərləndilər. Belə hal heç vaxt baş verməyib. Bu ondan irəli gəlir ki, kənd təsərrüfatına məsul olan şəxslər qeyri-peşəkarlardır, öz işlərinin öhdəsindən gələ bilmirlər, bilgiləri, bacarıqları yoxdur. Bütün bunlar gələcək üçün də təhlükədir. Ən pisi odur ki, bu adamlar gələcəkdə görülməsi vacib olan işlərin təməlini qoya bilməyiblər. Suvarma sistemləri, texniki təminatla bağlı ciddi problemlər var. Ölkəyə gətirilən gübrə keyfiyyətsizdir. Azərbaycan torpağında 20-dən çox element çatışmır ki, onları təmin etmək lazımdır”.

Ekspert diqqətə çatdırıb ki, keçən il kombayn çatışmazlığı ucbatından 10 minlərlə hektar ərazi biçilməmiş qaldı:

"Texnikanı verdilər oliqarxlara, onlar da öz işlərini gördürdülər, fermer və kəndlilər isə pis vəziyyətdə qaldılar. Buna etiraz edənləri polisə aparıb cərimələdilər. Bir sözlə, hökumətin idarəetməsi səbəbindən aqrar sahədə hər hansı irəliləyiş yoxdur”.

Kənd təsərrüfatı naziri xalqı aldadır

Teyyub Əliyev: "Kənd təsərrüfatının mövcud vəziyyəti ürəkaçan deyil”

İqtisadçı alim Teyyub Əliyev isə deyir ki, Azərbaycan statistikasında hansı rəqəmlər reallığı əks etdirir ki, kənd təsərrüfatı nazirinin dedikləri də reallığa uyğun olsun. Onun qənaətincə, Azərbaycanda maldarlıqla, ət tədarükü ilə məşğul olan çoxsaylı fərdi təsərrüfat, az sayda maldarlıq fermaları var ki, onların da dəqiq uçotu aparılmır: "Kim onlardan dəqiq hesabat alıb ki, ölkəmizdə reallıqda nə qədər ət tədarük edildiyini hesablamaq mümkün olsun? Azərbaycan məmurlarının mütləq əksəriyyəti özlərini reklam etmək üçün şişirdilmiş məlumatlar verirlər. Təəssüf ki, həqiqət onlar vəzifədən azad olunduqdan sonra meydana çıxır.

Bir sahəni uğurla idarə etmək üçün yaxşı inzibatçı olmaq kifayət deyil. O sahənin xüsusiyyətlərini də dərindən bilmək lazımdır. Kənd təsərrüfatındakı real vəziyyəti öyrənmək üçün dükanlara, marketlərə baş çəkmək kifayətdir”.

O ki qaldı ət tədarükünə, T. Əliyev bildirib ki, bu sahədə baş verən qiymət artımı real vəziyyəti əks etdirir: "Əgər yerli istehsal deyilən miqdarda olsaydı, ətin qiyməti bu səviyyəyə qalxmazdı. Axı, bazar iqtisadiyyatı şəraitində qiymətin səviyyəsinə ən çox təsir edən amil tələblə təklif arasındakı nisbətdir. Ət satanlar qiymət artımını xaricdən gətirilən diri heyvanların satış qiymətinin artması ilə izah edirlər”.

Müsahibimiz nəzərə çatdırıb ki, kənd təsərrüfatındakı mövcud vəziyyət elə də ürəkaçan deyil. Onun sözlərinə görə, bu sahədə problemləri həll etmək üçün ciddi addımlar atılmalıdır: "Hazırkı rəsmi statistikaya görə (əgər doğrudursa-red.) Azərbaycanda məşğul olanların təqribən 37 faizi bu sahədə çalışsa da, ÜDM-də sahənin payı 10.0 faizdən də azdır. Bu göstəricilər kənd təsərrüfatı sahəsinin inkişafının mövcud vəziyyətini əks etdirmirmi?”

T. Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda aqrar sahənin inkişafı üçün çox gözəl imkanlar var. Problem isə aşağıdakılardan ibarətdir:

Münbit torpaqların əhəmiyyətli hissəsinin bir qrup insanlar tərəfindən zəbt edilərək dövriyyədən çıxarılması;

Bir çox kənd təsərrüfatı məhsullarının inhisarçılar tərəfindən xaricdən idxal edilməsi nəticəsində yerli istehsalın rentabelliyinin aşağı düşməsi;

Kənd təsərrüfatı məhsullarının anbarlaşdırılması üçün müvafiq tikililərin olmaması;

Suvarma sistemlərinin azlığı nəticəsində suvarmada meydana çıxan problemlər;

Kübrələrə olan tələbatın lazımi səviyyədə ödənilməməsi və s.

Bu problemlər həll olunmadan sahənin inkişafı kifayət səviyyədə olmayacaq.

Kənd təsərrüfatı naziri xalqı aldadır

Rövşən Ağayev: "Ət və südün ölkəyə idxalının faiz göstəriciləri nazirin iddia etdiyi kimi deyil”

İqtisadçı ekspert Rövşən Ağayevin fikirlərinə gəlincə, o, "Reytinq”in əməkdaşına deyib ki, ət və südün ölkəyə idxalının faiz göstəriciləri nazirin iddia etdiyi kimi deyil. Yerli və xarici informasiya mənbələrini araşdıranda ən azından ətə tələbatın ödənilmə səviyyəsi ilə bağlı səslənən "90 faiz" rəqəmi real görünmür:

"Milli statistikaya görə, bütün növ ətə olan daxili tələbat 360 min ton təşkil edir. Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə Azərbaycana 41 min ton, 2018-ci ildə 48 min ton ət idxal olunub. Bu rəqəmlərdən çıxış etsək, tələbatın 13 faizi qədərilə ət idxal olunduğu görünür. Bu məlumat "Comtrade” bazasının rəqəmi ilə üst-üstə düşür. Həmin mənbədə də ixracatçı ölkələrin hesabatına görə, 2017-ci ildə Azərbaycana 41 min ton ət ixrac edilib. Bu ixracın təxminən 60 faizi Ukraynanın payına düşüb. Amma iş orasındadır ki, hökumət diri idxal olunan heyvanların ət istehlakının ödənilməsində iştirakını nəzərə almır. Belə çıxır ki, diri heyvanlar ancaq damazlıq və südlük məqsədilə gətirilir. Amma idxal olunan heyvanların sayı kifayət qədər çoxdur və onların müəyyən sayının ətlik məqsədlə ölkəyə idxalına şübhə yoxdur. Məsələn, "Comtrade”in bazasında 2017-ci ildə Almaniya və Avstriyadan Azərbaycana 4500 baş iribuynuzlu mal ixrac edildiyi bildirilir. Bu heyvanların damazlıq məqsədi ilə gətirilməsi real görünür. Amma iş orasındadır ki, diri heyvan idxalında "Comtrade” və milli statistika arasında ciddi fərq var. Məsələn, Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə ölkəyə 88 min baş iribuynuzlu heyvan, 132 min baş qoyun-keçi idxal edilib. "Comtrade”də isə bu rəqəm fərqlidir. İxracatçı ölkələrin məlumatına görə, Azərbaycana 126.3 min baş iribuynuzlu, 116 min baş qoyun-keçi ixrac edilib. Gürcüstan tərəfinin məlumatında bildirilir ki, təkcə onlardan Azərbaycana 77 min başa yaxın iribuynuzlu mal-qara göndərilib. Ukrayna isə 36 min göstərir. Hər halda, ətlik məqsədi ilə gətirilən heyvanların kəsimə gedən hissəsi də dəqiq araşdırılsa, ətə tələbatın ödənilməsində nazirin dediyi kimi, 10 faiz deyil, daha çox olacağı aydın görünər”.

Kənd təsərrüfatı naziri xalqı aldadır

Natiq Cəfərli: "İnam Kərimovun məlum açıqlaması məntiqə söykənmir və əsassızdır”

Real Partiyanın icra katibi, iqtisadçi ekspert Natiq Cəfərli də nazirin fikirlərini bölüşmür. Onun sözlərinə görə, İnam Kərimovun məlum açıqlaması məntiqə söykənmir və əsassızdır:

"Öncə onu nəzərə çatdırıb ki, yeni təyin edilmiş kənd təsərrüfatı naziri İnam Kərimov kifayət qədər savadlı insandır, bundan öncə "ASAN Xidmət”in uğurlu olmasında böyük rol oynayıb. Nazir təyin edildikdən sonra da maraqlı işlər görüb, ən azından, bizim illərdir vurğuladığımız dotasiyaların verilməsi məsələsində irəli addımlar atıb. Amma görünən odur ki, nazir-məmur kreslosu savadlı insanlara da mənfi təsir edir, açıqlamalarında siyasi konyukturaya uyğun, bəzən çox məntiqsiz, doğru olmayan fikirlər səsləndirirlər.

Hörmətli İnam müəllim deyib ki, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 4,6 faiz artıb, ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb. Gəlin, rəsmi statistik məlumatlara nəzər salaq:

2017-ci ildə 40 101.81 ton ət idxal olunub, dəyəri 63 128.12 mln. dollar olub. Həmin ildə 8 872.91 ton süd idxal olunub, dəyəri 14 344.20 mln. dollar təşkil edib”.

Ekspert onu da nəzərə çatdırıb ki, 2018-ci ildə ət idxalı artıb, 47 399.29 ton olub, dəyəri də 70 075.00 mln. dollar təşkil edib. Süd idxalında da artım var – ölkəyə 9 511.43 ton süd gətirilib, dəyəri 12 652.50 mln. dollar olub: "Yəni rəsmi rəqəmlər özü sübut edir ki, ət və süd idxalı artıb. Nazirin bir cümləsi isə məntiqi zorlayır. Hörmətli İnam müəllim deyib ki, bütün növ tərəvəz və meyvə üzrə ölkənin özünü təmin etməsi 100 faizdən çox olub. Məntiq isə deyir ki, əgər ehtiyacımızı tam ödəyiriksə, bu elə 100 faiz deməkdir, yox, əgər hörmətli nazir ixracatı nəzərdə tutursa, o zaman cümlə başqa cür qurulmalı idi, yəni deməliydi ki, özümüz-özümüzü meyvə-tərəvəzlə tam təmin edirik, artıq qalanı isə ixrac olunur. Amma bu zaman da "koqnitiv dissonans” yaranır: Vətəndaş görür ki, marketlərdə, bazarlarda çoxlu həcmdə xaricdən gətirilən meyvə-tərəvəz var”.

Ekspert sonda diqqətə çatdırıb ki, 2018-ci ildə xaricdən ölkəmizə 164 592.01 mln. dollarlıq 303 022.48 ton meyvə-tərəvəz idxal olunub.

Kənd təsərrüfatı naziri xalqı aldadır

Firdovsi Fikrətzadə: "İqtisadçı həmkarlarımız tərəfindən "şübhəçi” şərhlər verilib”

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ekspertlərin iddiaları ilə razılşamır. Nazirliyin nümayəndəsi, kənd təsərrüfatı iqtisadiyyatı üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadə Reyting.az-a göndərdiyi cavab məktubunda bildirib ki, kənd təsərrüfatı naziri cənab İnam Kərimovun bəzi ərzaq məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsinə dair verdiyi açıqlamaya vətəndaş cəmiyyəti təmsilçisi olan iqtisadçı həmkarlarımız tərəfindən "şübhəçi” şərhlər verilib:

"Qısa bir təhlil apararaq bu şərhlərlə bağlı fikirlərimi bildirmək istəyirəm. Həm də təkcə ona görə yox ki, mən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşıyam, həm də ona görə ki, kənd təsərrüfatı iqtisadiyyatı üzrə tədqiqatçı kimi bir sıra məsələləri bildirməyi zəruri hesab edirəm.

Birinci ondan başlayaq ki, "ət və südlə təminat 90%-ə çatıb” açıqlaması hörmətli Rövşən Ağayevə görə "real görsənmir”. Ancaq həmkarımız bu məqamı nəzərə almır ki, əvvəla, nazirin açıqlaması ölkənin rəsmi ərzaq balansı məlumatlarına əsaslanır, həm də nazir hökumətin üzvü olaraq siyasi şəxsdir, onun rəqəmləri "91,7 %” və ya "87,9 %” kimi təfərrüatlı şəkildə ifadə eləməsi vacib deyil (bu mütəxəssislərin işidir). Vacib olan budur ki, biz müstəqilliyimizi yenicə əldə edən vaxtlarda ət və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 30-35 % idi, indi isə 90%-ə çatıb ki, bu da ərzaq balansı məlumatlarına əsasən belədir. Nazirin də siyasi şəxs olaraq açıqlamasının mahiyyəti (məqsədi) ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı hazırki vəziyyəti qısa şəkildə xarakterizə etməkdir. Yəni burda "real görsənməyən” nəsə yoxdur.

İkincisi, hörmətli Rövşən Ağayev bildirir ki, "diri idxal olunan heyvanların ət istehlakının ödənilməsində iştirakı nəzərə alınmır”.

Bəli, idxal olunan kəsim təyinatlı diri heyvanlar da ət istehlakının ödənilməsində iştirak edir, ancaq nəzərə almalıyıq ki, bu, məhz yerli sahibkarlar tərəfindən formalaşdırılmış bir industriyadır, ölkənin stabil ərzaq təminatının daha bir vasitəsidir. Yəni kənd təsərrüfatı biznesində iştirak edən yerli sahibkarlar azçəkili, azyaşlı diri heyvanları əsasən Gürcüstan və Ukraynadan idxal edərək yaxşı təşkil olunmuş kökəltmə fəaliyyəti hesabına bazara yetkin çəkidə mal təklif edirlər, başqa sözlə, bu işdə yerli sahibkarlar tərəfindən kifayət qədər əlavə dəyər yaradılır. Ərzaq təhlükəsizliyi üçün önəmli olan nədir – mütləq olaraq tövlədə mal saxlamaq və ya örüşdə otarmaq, yoxsa dayanıqlı mexanizm yaratmaq? Buna görə də yerli sahibkarlar tərəfindən formalaşdırılmış kökəltmə industriyası hesabına daxili bazara təklif edilən ət ərzaq balansında yerli təklif kimi uçota alınır.

Üçüncüsü, hörmətli Natiq Cəfərli 2018-ci ildə 2017-ci ilə nəzərən ət və süd idxalının artmasına görə "ət və südlə təminat 90%-ə çatıb” açıqlamasını "doğru olmayan fikir səsləndirmək” kimi şərh edir. Hesab edirəm ki, bu şərh bir neçə səbəbə görə yanlışdır. Əvvəla, ona görə ki, cari bazar konyukturasının təsiri ilə hər hansı bir ərzaq məhsulunun idxalındakı cari artım və ya azalma həmin ərzaq məhsulu ilə özünütəminetmə səviyyəsinin mövcud göstəricisini (balans göstəricisini) avtomatik olaraq dəyişdirmir. Düzdür, dəyişdirə bilər, ancaq bu, avtomatik baş verir kimi bir qanunauyğunluq yoxdur, çünki yerli istehsalın da həcmi artır (və ya azalır), sonda ərzaq balansı eyni səviyyədə qalır. Yeri gəlmişkən, 2018-ci ildə ölkədə ət istehsalında 3%-lik artım olub ki, bu da dediyimizə bir əsasdır. Digər tərəfdən isə, aqrar siyasətlə bağlı qərarlar qısamüddətli bazar dəyişikliklərinə əsaslanmır, ən azı orta müddətli dövr üzrə trendlər nəzərə alınır. Bu baxımdan, hörmətli Rövşən Ağayevin də istinad etdiyi "Comtrade” beynəlxalq ticarət məlumatları bazasına əsasən bəllidir ki, son illər ərzində Azərbaycana hər il orta hesabla 40-50 min ton ət, 8-10 min süd idxal olunub. Sadəcə, məlum olduğu kimi, idxal uçotunda şəffaflığın qurulması hesabına bu göstəricilər 2016-cı ildən etibarən daha aydın şəkildə müşahidə olunur. Yəni "ölkəyə ət və süd idxalında artım var” kimi bir trend mövcud deyil, sadəcə, cari bazar konyukturasında qısamüddətli dəyişiklik var”.

F. Fikrətzadə idxalla bağlı danışarkən iki haşiyə çıxmağa ehtiyac duyduğundan bunları qeyd edib:

"Əvvəla, dünyanın elə bir ölkəsi yoxdur ki, əsas ət və süd ixracatçısı olan ölkələr də daxil olmaqla, ət və süd idxal etməsin. Məsələn, dünyanın əsas ət ixracatçısı olan ölkələrin ət idxal-ixracına baxaq:

ABŞ – ixrac 15 milyard dollar, idxal 5 milyard dollar; Almaniya – ixrac 10 milyard dollar, idxal 8 milyard dollar; Hollandiya – ixrac 9,7 milyard dollar, idxal 4,6 milyard dollar; Fransa – ixrac 4,9 milyard dollar, idxal 5,8 milyard dollar; İngiltərə – ixrac 2,4 milyard dollar, idxal 6 milyard dollar; İtaliya – ixrac 2,5 milyard dollar, idxal 6,4 milyard dollar. Bu siyahını çox uzatmaq olar, o cümlədən də süd idxal-ixracı üzrə. Yəni "biz müəyyən həcmdə ət və süd idxal edirik və buna görə özünütəminetmə səviyyəsi məqbul deyil” fikri yanlışdır.

Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycana idxal olunan ətin istehlak təyinatında emal və turizm sənayesinin tələbatı mütləq üstünlüyə malikdir. Bu təbiidir və yəqin ki, bu trend belə də davam edəcək. Niyə? Ona görə ki, Azərbaycan bazarında əhalinin spesifik ət istehlakı ənənəsi var, insanların ət istehlakı qərarları "Bərdə danası”, "Beyləqan quzusu” kimi sterotiplərə əsaslanır (düzdür, dünya bazar qiymətindən bahadır, amma təbii dad keyfiyyəti var, həm alan məmnundur, həm də satan). Bunun müqabilində isə dünyanın emal və turizm sənayesinin fəaliyyəti "Braziliya danası” və "Yeni Zellandiya quzusu” standartı üzərində qurulub. Azərbaycanda "Braziliya danası” və "Yeni Zellandiya quzusu” qiymətində məhsul istehsal etmək mümkün deyil, çünki bu ölkələrdə olduğu kimi bizdə nə milyonlarla hektar təbii otlaq sahələri var, nə də milyonlarla hektar sahədə istehsal olunan və ucuz yem mənbəyi olan transgen soya yoxdur. Məlum məsələdir ki, hər bir ölkənin kənd təsərrüfatı məhsulları istehsalındakı müqayisəli üstünlükləri, ilk növbədə, təbii faktorlara bağlıdır. Buna görə də açıq iqtisadi sistem şəraitində yerli emal və turizm sənayesinin istehsal etdiyi kolbasa, sosiska, steyk, burger və s. məhsulların qiymət rəqabətqabiliyyətliliyi məhz idxal əti hesabına təmin oluna bilir. Bu baxımdan, 2018-ci ildə ət idxalının artımını məhz kolbasa məmulatları istehsalındakı 6,4%-lik artım və turizm sektorundakı 7,6%-lik artım şərtləndirmişdir.

Dördüncüsü, hörmətli Natiq Cəfərli "bütün növ tərəvəz və meyvə üzrə ölkənin özünü təmin etməsi 100%-dən çox olub” ifadəsinə "məntiq istehzası” edir. Halbuki bu, həmkarımızın özünün yol verdiyi metodiki yanlışlıqdır. Niyə? Məlumdur ki, ərzaq balansı hesabatlarında ölkənin öz tələbatından artıq məhsul istehsalı "ölkənin özünütəminetmə səviyyəsi 100%-dir” kimi qeyd olunmur. Məsələn, ərzaq balansı cədvəlində "tərəvəz ilə özünütəminetmə səviyyəsi 120%”, "meyvə ilə özünütəminetmə səviyyəsi 140%” kimi qeyd olunur. Bu baxımdan, mütəxəssislər də "ölkənin hansısa ərzaq məhsulu ilə özünü təmin etməsi 100%-dən çox olub” kimi standart statistik göstərici ifadəsindən istifadə edirlər. Yəni hörmətli Natiq Cəfərlinin bu şərhi çox yersiz olmaqla, söz demək xatirinə söz deməkdir.

Beşincisi, hörmətli Natiq Cəfərlinin "Vətəndaş görür ki, marketlərdə, bazarlarda çoxlu həcmdə xaricdən gətirilən meyvə-tərəvəz var” mülahizəsində ciddi məntiq xətası var. Əgər ölkədə 900 min ton kartof istehsalının müqabilində 160 min idxal (bunun da 24 min tonu toxumluqdur), 1,5 milyon tərəvəz istehsalının müqabilində 38 min ton idxal (bunun da 5 min tonu mərcidir), 1 milyon ton meyvə istehsalının müqabilində 80 min ton idxal (bunun da 36 min tonu banan, kivi, ananas, xurmadır) olunursa, vətəndaş bazarlarda çoxlu həcmdə xaricdən gətirilən meyvə-tərəvəzi necə görə bilər? Göründüyü kimi, faktlar populist mülahizənin ciddi xətasını ortaya çıxardır.

Digər tərəfdən isə, yenə də idxala münasibətdə belə Sovet yanaşmasının məntiqi yoxdur. Əgər dünyanın böyük tərəvəz ixracatçıları olan ölkələr, məsələn, Hollandiya 7,5 milyardlıq ixracla yanaşı 2,8 milyard dollarlıq idxal, Türkiyə 1 milyard dollarlıq ixracla bərabər, 520 milyon dollarlıq idxal edirsə, Azərbaycanın 560 milyon dollarlıq meyvə-tərəvəz ixracının müqabilində 165 milyon dollarlıq da idxal etməsində nə qəbahət var? Hələ bunun da 30 milyon dolları, ümumiyyətlə ölkədə istehsal olunmayan tropik məhsullardır.

İdxal-ixracla bağlı rəqəmləri şərh edəndə nəzərə alınası digər məqamları da qeyd etmək olar. Məsələn, ölkəyə buğda idxalı 2016-cı ildə 1,6 milyon ton, 2017-ci ildə 1,27 milyon ton, 2018-ci ildə isə 1 milyon ton olub. Ölkədən meyvə-tərəvəz ixracı 2016-cı ildə 373 milyon dollar, 2017-ci ildə 503 milyon dollar, 2018-ci ildə isə 560 milyon dollar olub. Həmçinin pambıq mahlıcı ixracı 2016-cı ildə 6 milyon dollar, 2017-ci ildə 33 milyon dollar, 2018-ci ildə isə 80 milyon dollar olub”.

Mia.az


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...