Milli Şuranın mitinqi başa çatıb - FOTOLAR

img

19-01-2019 [17:02]


Bu gün - yanvarın 19-u Bakıda Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirir. Aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.

Mia.az Azadlıq Radiosuna istinadla xəbər verir ki,  bununla bağlı şəhər rəhbərliyinin təşkilatçılara göndərdiyi cavabda onlardan «Sərbəst toplaşma azadlığı haqqında» Qanuna uyğun olaraq milli, irqi və dini ədavətin təbliğinə, təhqiredici ifadələrin işlənməsinə yol verilməməsinə nəzarət etmələri istənilib.

"Tələblərimiz Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, büdcədən talanıb ofşor hesablara daşınmış pulların xalqa qaytarılmasıdır”, - bunu isə Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna bildirib.

Aksiyanı Müsavat Partiyasının rəhbərliyi və bir sıra başqa müxalif qüvvələr də dəstəklədiyini açıqlayıb.

***

Xatırladaq ki, aksiya saat 15.00-dan etibarən, Yasamal rayonundakı "Məhsul" stadionunda başlayıb.

Demokratik Qüvvələrin Milli Şurasının təşkil etdiyi mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat, ReAl partiyalarının fəalları, eləcə də ReAl sədri İlqar Məmmədov, AXCP lideri Əli Kərimli, Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu iştirak edir.

***

REAL partiyasının sədri İlqar Məmmədov mitinqdə iştirak edib çıxış edəcəyini elan etsə də, dünən və bu gün İcra və Probasiya Şöbəsinə çağırılaraq xəbərdarlıq olunub.

"Bu gün saat 12:00-da REAL sədri İlqar Məmmədovla birgə Probasiya Xidmətinə gəldik. Bir saatdan çoxdur ki, İlqar idarədədir, hələ ki, heç bir xəbər ala bilməmişik. REAL-ın İdarə Heyəti və Məclis üzvləri də burdadır, İlqarı gözləyirik. Ümid edirəm ki, növbəti səhv addım atmazlar…”, - mitinqin başlanmasına təxminən 2 saat qalmış Real partiyası Məclisinin sədri Natiq Cəfərli "Facebook”da yazıb.

Lakin buna baxmayaraq, İlqar Məmmədov mitinqə qatılıb və bu dəqiqələrdə çıxış edir. Ondan əvvəl isə keçmiş Daxili işlər naziri İsgəndər Həmidov çıxış edib.

***

"BBC Azərbaycanca"nın məlumatına görə, bütün stadion etirazçılarla doludur.

"Ancaq mitinq başlamamışdan bir saat əvvəldən internet yoxdur", - deyə "BBC Azərbaycanca"nın müxbiri Cəmilə İbrahimova bildirib.

****

Bakıda Məhsul stadionunda müxalifətin mitinqi başa çatıb.

"BBC News Azərbaycanca"nın məlumatına görə, mitinqin əsas tələbi bloqçu Mehman Hüseynov və "siyasi məhbusların" azadlığa buraxılması olub.

Mitinqdə "Mehman Hüseynova azadlıq", "Azərbaycan xalqına azadlıq", "İstefa", Siyasi məhbuslara azadlıq" kimi şüarlar səsləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR