Siyasi, idarəetmə, bələdiyyə, hüquq sistemi... - Struktur islahatlarına fərqli baxışlar

img

19-01-2019 [15:37]


Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, 3 dövlət qurumu ləğv edilib. Bunlar Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Strateji Araşdırmalar Mərkəzidir. Bundan əlavə, ölkə başçısı digər sturukturlarda da bəzi qurumların ləğvi və birləşdirilməsi ilə bağlı tapşırıqlar verib.

Belə demək mümkündürsə, ölkə başçısı Nazirlər Kabinetinin iclasında vediri struktur islahatları ilə bağlı mesajı gerçəkləşdirməkdədir.

Hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi, deputat Aydın Mirzəzadə deyib ki, ölkə başçısının siyasəti islahatların daha da genişləndirilməsinə xidmət edir:

"Müdafiə Sənayesi Nazirliyinin "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi dövlətin birbaşa istehsalda iştirakından geri çəkildiyini göstərdi. Bir qayda olaraq hüquqi demokratik dövlətlər iqtisadiyyatı tənzimləyir, özləri birbaşa istehsalda iştirak etmirlər. Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin sahəsinin hökumətdən ayrılaraq ayrıca bir səhmdar cəmiyyətə çevrilməsi çox düzgün addım idi”.

Deputat bildirib ki, şirkət formasında fəaliyyət göstərən bu sahə özünün maliyyələşmə sisteminə keçəcək, bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq bundan sonra daha sərbəst və çevik fəaliyyət göstərə biləcək: "Digər tərəfdən, bu gün hökumət yanında fəaliyyət göstərən bir sıra qurumların ləğvi günün aktual məsələlərindən biri idi. Müəyyən katibliklərin və ya qurumların ictimai əsaslarla fəaliyyət göstərməsi dövlət büdcəsinə qənaət etməyə və yaxud müəyyən zamandan-zamana fəaliyyət göstərməsinə görə ayrıca bir ştat saxlamasına ehtiyac olmadığını göstərdi”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan özünün müstəqilliyi dövründə hər zaman dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim islahatlar keçirib və günün tələblərinə cavab verən bir sistem yaratmağa çalışıb:

"Struktur islahatları ilə bağlı ötən gün atılan addımlar bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcək”.

Ancaq müstəqil ekspertlər və müxalifət təmsilçiləri son struktur dəyişikliklərini birmənalı qarşılamırlar. Siyasi analitik Nəsimi Məmmədli "Reytinq”ə deyib ki, əslində, ölkədəki ənənəvi idarəetmənin dəyişilmə prosesi xeyli vaxtdır müşahidə edilir. Onun sözlərinə görə, burada bir sıra daxili və xarici amillərin rolu var: "2014-cü ildən etibarən neft gəlirlərinin kəskin azalması, ölkədə uzun müddət davam edən maliyyə və sosial böhran, manatın devalvasiyası, vətəndaş narazılığının artması hakimiyyəti əlavə tədbirlər görməyə vadar edir. İndi heç kimə sirr deyil ki, sadə vətəndaşdan tutmuş məmuradək, büdcə təşkilatlarında çalışanlardan müxalifətçilərədək hər kəsdə bir narazılıq və gərginlik var. Dövlət büdcəsinin yükü həddindən artıq çoxdur, dövlət qurumları arasında çoxsaylı paralel xidmətlər var. Səmərəli idarəçilikdən danışmaq mümkün deyil. Hakimiyyət bütün sahələrdə total nəzarət həyata keçirmək istiqamətində cəhdlər edir. Xüsusilə də 2016-cı il Konstitusiya dəyişikliyindən sonra hakimiyyətin tamamilə tək əldə cəmləşdirilməsi prosesi gedir”.

N.Məmmədlinin fikrincə, Ermənistanda baş verən demokratik dəyişikliklər, Avropa İttifaqı ilə əməkdaşlıq sazişi istiqamətində müzakirələr və Rusiyanın üzləşdiyi böhranlı durum da hakimiyyəti yeni yanaşmalara vadar edir: "Bununla yanaşı beynəlxalq qalmaqallara səbəb olan korrupsiya faktlarına, çirkli pulların yuyulmasına və bəzi dövlət qurumlarının adının müəmmalı pul köçürmələrində hallanmasına görə hakimiyyətdən hansısa qərarların olacağı gözlənilən idi”.

Ekspert hesab edir ki, müəyyən müsbət addımlar atılır, ancaq bu dəyişiklikləri və ləğv edilmələri hələ struktur islahatları adlandırmaq olmaz. 

"Hələlik müşahidə edilənlər kosmetik dəyişikliklərdir. İdarəetmədə ən böyük paralellik Prezident Administrasiyası, Nazirlər Kabineti və Birinci vitse-prezidentlik institutları arasındadır. Bu qurumlardan ikisi ləğv edilərsə, o zaman struktur islahatları istiqamətində real addımlardan danışmaq olar. Hakimiyyətin bir sıra mənfi yüklərdən xilas olmağa çalışdığı hiss olunsa da, bu iradənin necə sona çatacağını demək çətindir”, – deyə N. Məmmədli əlavə edib.

Siyasi şərhçi Zəlimxan Məmmədli də son günlər baş verən struktur dəyişikliklərini islahat kimi qəbul etmir. Onun sözlərinə görə, edilən dəyişikliklər islahatın məntiqi mahiyyətini özündə daşımır: "Rəsmi olaraq islahat - qanun səviyyəsində həyata keçirilən dəyişikliklərə deyilir. Həm də islahata birşeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsaslı dəyişiklik daxil edilir. İslahat zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. İslahatlar gedişində siyasi sitemin əsasları dəyişilmədən bir hissəsi dəyişdirilir. Bununla belə, islahatlar heç də həmişə deyilənlərin tezliklə baş verməsini təmin etmir. Bu girişi rəsmi tərifdən götürdüm. "İslahat” ifadəsi məzmun və mahiyyət ilə demokratik cəmiyyətlərin, hakimiyyət bölgüsü prinsipi, qarşılıqlı və ictimai nəzarətin aparıcı olduğu dövlətlərdə səmərəli olur. Mahiyyətcə az büdcə vəsaiti ilə dövlətin və millətin güvənliliyi sahəsində daha böyük uğur, yüksəliş, dirçəliş əldə edilməsinə, həm də vətəndaşın hərəkət və hərəkətsizliyindən asılı olmayaraq ona xidmətin daha səmərəli tətbiqinə əsaslanır. Diqqətimi bütün əraziləri əhatə edən kitabxana sisteminin yaradılması cəlb etdi. Məncə, bu, əgər yerindədirsə, yerli dövlət orqanlarının bilavasitə vəzifələridir. Bunu xüsusiləşdirmək zərurəti var idimi? Və ya Təhsil Nazirliyi bu sistemin başında deyilsə, necə olacaq? Bu suallar təbiidir və cavabı yox kimidir.

İslahat ilk növbədə siyasi sistemdə, idarəetmə sistemində, bələdiyyə sisteminin, hüquq sisteminin təkmilləşdirilməsi və onu etimadlı etməkdən ibarət olmalıdır. Məhkəmə sisteminin azadlığı mütləq təmin olunmalıdır. Ali və yerli hakimiyyət orqanları mütləq anlamda xalqın iradəsi ilə formalaşdırılmalıdır. Bunlar olmadıqca minlərlə fərman, sərəncam da verilsə, kağız üzərində qalacaq və vətəndaş ondan fayda görməyəcək”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə "Reytinq”in əməkdaşına deyib ki, əslində, Prezident Əliyev 2018-ci ilin yekunları ilə bağlı müşavirədə baş verənləri anons etmişdi və iqtidar anlamağa başlayıb ki, daha belə davam edə bilməz.

Ə. Əliyevin fikrincə, yenilik bir neçə səbəbdən olmalıdır: "Büdcə yükü azaldılmalıdır, ölkə Qərbin təzyiqi qarşısında korrupsiyaya qarşı mübarizə aparmalıdır, idarəetmə sistemi təkmilləşdirilməlidir, əvvəlki münasibətlərdən imtina edilməlidir.

Hələlik baş verənləri islahat adlandırmaq olmaz. İmzalanmış sənədlər yüngül, səthi, kosmetik dəyişikliklərdir. Bəlkə nəbz yoxlaması, bəlkə də islahatlar anonsudur. Əgər islahat başlanğıcıdırsa, davamlı və sistemli olmalıdır. Fikrimcə, bir neçə mərhələdə korrektə edilməlidir”.

VİP sədri qeyd edib ki, Azərbaycanda icra hakimiyyəti, yəni Prezident Administrasiyası və Nazirlər Kabinetinin strukturlarında sistem dəyişikliklərinə ehtiyac var. Bu yöndə şişirdilmiş paralel institutlardan biri ixtisar olunmalıdır: "Ya Prezident Administrasiyası dəftərxanaya çevrilməli, ya da Nazirlər Kabineti formal mahiyyətinə uyğun təşkil edilməlidir. İkinci istiqamət çevik, kompakt hökumətə sahiblənmək üçün həyata keçirilməlidir. Azərbaycan kimi kiçik dövlətdə 45-ə yaxın hökumət vahidinin (nazirlik, komitə, agentlik) olması irrasionallığın əlamətidir. 350 milyonluq dünya lideri ABŞ-da hökumət 13 portfelə malikdir. ÜDM-də payı trilyon dollardan artıq olan Fransa və Almaniyada hökumət üzvləri 20 nəfər civarındadır. Nüfuz sayı ilə bizə bərabər Avropa dövlətləri - Avstriyanın, İsveçin və İsveçrənin büdcəsi 20 dəfə bizdən artıq olmasına baxmayaraq, hökumət nazirlərinin sayı 2 dəfə azdır. Ona görə də kabinet kiçilməlidir”.

Partiya sədri nəzərə çatdırıb ki, 3-cü problem qartımış hökumət üzvləridir. Onun qənaətincə, bu sahədə islahatlar qaçılmazdır: "Bizdə belə düşünülür ki, nazir postu miras əmlakıdır. Hakimiyyətdəkilər dövləti də öz şirkəti kimi görürlər. Bu praktikaya son qoyulmalıdır. Dövlət heç kimin mülkü deyil. Dövlət postlarında əbədiliyə "Əlvida!” deyməyin vaxtı çoxdan çatıb. 25-30 illik nazirlər istirahətə göndərilməlidir. ABŞ-da bir şəxs nazir postunda 3 ildən artıq qala bilməz. Bəlalarımızın bir hissəsi də bu toxunulmazlıqdan törəyir. Daimilik paralel olaraq hakimiyyətdəkiləri həm də oğurluğa həvəsləndirir. Çünki toxunulmazlıq həm də cəzasızlıq deməkdir. Əmindirlər ki, nə etsələr cəza yoxdur. Ona görə də, prezident Əliyevin komanda üzvlərinin mütləq əksəriyyəti haqqında korrupsiya ifşaları dərc edilir. Dediklərimin həlli siyasi iradədən keçir. Fundamental dəyişiklik olmasa, heç bir kosmetika mövcud eyibləri ört-basdır edə bilməz. Ölkə idarəetmə sistemi yenidən dizayn edilməlidir”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR